Dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin “Nizami ili” çərçivəsində elan etdiyi "Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi" mövzusunda hekayə müsabiqəsi qaliblərinin təltif olunma mərasimi keçirildi.
Sumqayit.tv xəbər verir ki, bu, “Muzey eksponatının hekayəsini sən danış” layihəsində ikinci müsabiqədir. İlk müsabiqə 2020-ci ildə keçirilmişdi.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd etdi ki, Nizami Gəncəvi “Xəmsə”ni yaratmaqla Şərq intibahının banisi olub. Onun ənənələri Şərqin dahi şairləri tərəfindən davam etdirilib: “Nizami yaradıcılığı Qərb ədəbiyyatına da təsir edib. XIX əsrdə rus tədqiqatçıları Nizami irsini dərindən araşdırmağa başlayıblar”.
Nazir müavini həmçinin Nizami Gəncəvinin bu gün də bir müasirimiz kimi ədəbiyyat və mədəniyyətimizə öndərlik etdiyini, yüzilləri keçib gələn bəşəri ideyaları ilə yolumuza işıq saçdığını qeyd etdi. Vurğuladı ki, dövlət başçısı tərəfindən elan edilən “Nizami Gəncəvi İli” bir sıra əlamətdar tədbirlərlə yadda qalıb. VII Bakı Beynəlxalq Kitab Sərgisi əlamətdar ilə həsr olundu. Sankt-Peterburqda, Ermitaj Muzeyində və Rusiya Milli Kitabxanasında dahi Azərbaycan şairinin yubileyinə həsr olunmuş tədbirlər keçirildi. Bakıda “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum da əlamətdar ilin diqqətəlayiq tədbirlərindən oldu. Bu tədbirlərə olan böyük maraq əsrlər keçsə də, Nizami irsinin öz aktuallığını qoruyub saxladığını deməyə əsas verir.
"Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi" müsabiqəsi haqqında məlumat verən Sevda Məmmədəliyeva bildirdi ki, əsas məqsəd insanları əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan və maarifləndirici xüsusiyyətləri özündə əks etdirən Nizami Gəncəvi yaradıcılığını, o cümlədən “Xəmsə” motivli nadir eksponatların təbliğindən ibarətdir. Eyni zamanda muzey sahəsində cəmiyyətin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, mədəniyyətimizə marağın artırılması da müsabiqənin məqsədlərindəndir.
Nazir müavini çıxışının sonunda müsabiqənin qaliblərini təbrik etdi və iştirakçılara təşəkkürünü bildirdi.
Sonra qaliblərin adları elan olundu. Bildirildi ki, müsabiqəyə 50-dən çox iştirakçı öz əsərlərini təqdim edib. Onların arasından üç nəfər qalib seçilib. I yerə Nərgiz Həşimova (“Şəhid ilə Xarıbülbülün məhəbbəti”), II yerə Aişə Səfərova (“Bəhram şah yeddi gözəlin portretinə baxır”), III yerə isə Ömər Məmmədzadə (“Nakam sevginin xatirəsi”) layiq görülüb.
Sonda qalib müəlliflərə diplom və hədiyyələr təqdim edildi.