Mədəniyyət Nazirliyi və “Yarat” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ictimaiyyətdə böyük əks-səda doğuran “Mədəni Yenilənmə” layihəsi 2022-ci ildə də davam etdiriləcəkdir. Layihə çərçivəsində ilin ilk tədbirinə Azərbaycanın Xalq artisti, Türkiyə Radio və Televiziya Qurumunun bədii icmalarından biri olan Ankara Radiosu Çoxsəsli Xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova və xor kollektivi dəvət olunmuşdur.
15 fevral 2022-ci il tarixində saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi qeyd olunacaqdır. Konsertdə dirijorun rəhbərliyi ilə Ankara Radiosu Çoxsəsli Xorunun ifasında müxtəlif bəstəkarların xor əsərləri səsləndiriləcəkdir.
Eyni zamanda səfər çərçivəsində Qarabağ zəfəri ilə bağlı Türkiyə və Azərbaycanın birgə strateji layihəsi kimi dirijor Rauf Abdullayevin rəhbərliyi ilə TRT Ankara Radiosu Çoxsəsli Xorunun, Azərbaycan Dövlət Xor Kapellasının və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Zəfər marşı”nın səs yazısı nəzərdə tutulmuşdur. Qeyd edək ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. E.Kərimovanın təşəbbüsü və bəstəkar Fərəc Qarayevin razılığı ilə bu əsərin rus dilində olan sözləri Zəfərə həsr olunmuş Azərbaycan dilində sözlərlə əvəz edilmişdir.
Həmçinin “Mədəni yenilənmə” layihəsi çərçivəsində 17 fevral 2022-ci il tarixində saat 11.00-da Elnarə Kərimovanın Azərbaycanın müxtəlif xor kollektivlərinin iştirakı ilə Yarat Müasir İncəsənət Məkanında xor ifaçılığı üzrə ustad dərsi keçiriləcəkdir.
Qeyd edək ki, Elnarə Kərimova Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və xor dirijorluğu fakültəsindən müvəffəqliyyətlə məzun olmuşdur. 26 yaşında Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbərliyinə seçilmişdir. Bu xor ilə bir çox ölkədə qastrol səfərində olmuş. 1992-ci ildə Türkiyə Cümhuriyyətinin dəvəti ilə Ankaraya gələrək, “TRT Çoxsəsli Xoru” bədii rəhbəri vəzifəsində işləməyə başlamışdır. O, Türkiyənin bir çox şəhərindəki festival və tədbirlərdə 300-dən artıq konsert vermişidir. E.Kərimova xor musiqisinin inkişafı və yayılması üçün müxtəlif tədris ocaqlarında (Ankara Dövlət Konservatoriyası, Bilkənd Universitet) müəllimlik etmiş və həvəskar xor qrupları ilə işləmişdir.
O, 1999-cu ilin may ayından etibarən “Orfeon” kamera xoru ilə işləməyə başlamışdır. Milli və beynəlxalq səviyyəli müsabiqə və festivallarda bədii rəhbəri olduğu konsertlərlə birlikdə “Orfeon”un ilk albomuna da imza atmışdır. E.Kərimova bu xor ilə İngiltərə və Kanadada birinci yerə çıxmış, Avstriyadakı xor olimpiadalarında 4 gümüş medal qazanmış, Belçika, Pakistan, İsrail, Yaponiya və Çində konsertlər vermişdir.
2009-cu ilin sentyabr ayında TÜRKSOYun təqdim etdiyi beynəlxalq layihədə Ü.Hacıbəylinin “Koroğlu” operasından görkəmli xor səhnələrini işləmişdir. 2010-cu ilin noyabr ayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Buta” kamera xorunu yaratmışdır. O, 2012-ci ilin mart ayında “Zirvə” mükafatına layiq görülmüşdür. 2015-ci ildə TÜRKSOY Beynəlxalq Kamera Xoru ilə Almaniyanın Maqdeburq şəhərində Avropa Xor Oyunlarında qızıl medal qazanmışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Əməkdar artist, 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Xatırladaq ki, “Mədəni yenilənmə” Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Mərkəzinin 2021-ci ilin oktyabr ayından etibarən keçirilən müştərək layihəsidir. Layihənin məqsədi hazırda Azərbaycanın hüdudlarından kənarda yaşayıb-yaradan mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə tanıtdırmaq, onların doğma vətənlərində kəsb etdiyi əhəmiyyəti vurğulamaq, fəaliyyət təcrübəsi ilə peşəkar bilgilərinin mübadiləsini təmin etmək, bir ildən artıq sürən pandemiya səbəbindən fəaliyyət böhranı ilə üzləşdiyi bir vəziyyətdə onlara fəaliyyət və ifa imkanı yaratmaq, eləcə də mədəniyyətsevərlərin mənəvi ehtiyacını təmin etməkdir.