Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsi üzrə “Şuşanın dağları” mahnısına həsr olunub.Şuşada musiqi onun hər daşına, qalasına, ab-havasına hopub. Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri haqqında ilk mahnı məhz Xan Şuşinski tərəfindən bəstələnib.
Mahnı XX əsrin 30-cu illərində meydana gəlib və musiqi və mətn müəllifi xanəndənin özünə məxsusdur. “Şuşanın dağları” mahnısı muğam üçlüyü – xanəndə (qaval), tar və kamança ifaçıları üçün nəzərdə tutulub. Tez bir zamanda sevilən və xalq mahnısı kimi qəbul edilən “Şuşanın dağları” bəstəkar Səid Rüstəmov tərəfindən nota alınaraq “Azərbaycan xalq mahnıları” toplusunda (1967) çap olunub.
Mahnı iki dəfə – 1946-cı ildə muğam üçlüyü, 1962-ci ildə isə xalq çalğı alətləri ansamblının müşayiəti ilə lentə alınıb. Bu mahnıya Xan Şuşinskidən sonra da onlarla ifaçı müraciət edib. Sevindirici haldır ki, müasir dövrümüzdə müğənnilər tərəfindən ifa olunan “Şuşanın dağları” mahnısı ilkin variantda dinləyicilərə təqdim edilir. Mahnı bəstəkar Adilə Yusifova tərəfindən xor üçün işlənilərək çap olunub. Musiqi əsəri həmçinin muğam triosunun ifasında “Dərviş Parisi partladır” (1976) bədii filmində səslənir. Ekran əsərində hadisələr elə Qarabağda baş verir.
Son bir il ərzində qala-şəhərimizdə keçirilən musiqi və ədəbiyyat bayramlarında yenidən Xanın səsində “Şuşanın dağları başı dumanlı” sədaları havalandı. Cıdır düzündə Xanın səsinin havalanması ilə Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbül və başqa Şuşa ünvanlı sənətkarların da ruhu rahatlıq tapdı.
Şuşanın dağları başı dumanlı,Qırmızı qoftalı, yaşıl tumanlı,Dərdindən ölməyə çoxdur gümanım.Ay qız, bu nə qaş-göz, bu nə tel,Ölərəm dərdindən, onu bil,Danışmasan da, balam, barı gül...