Azərbaycanın turizm potensialı Türkiyədə nümayiş olunub
27-28 oktyabrda Azərbaycan Turizm Bürosunun Antalya Turizm Sərgisində iştirakı çərçivəsində 30-a yaxın şirkətlə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilib. Sumqayit.tv xəbər verir ki, Azərbaycana səyahət təşkil edən, eləcə də ölkəmizə tur təşkil etməyi planlaşdıran şirkətlərlə keçirilmiş görüşlər zamanı onlara Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş torpaqların turizm potensialı, müalicəvi turizm və ekoturizm məhsulları haqqında məlumat verilib. Bundan əlavə, Türkiyənin bir sıra turizm reklam və media şirkətləri ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. 2019-cu ildən etibarən hər il keçirilən sərgiyə bu il 25 fərqli ölkədən 2 minə yaxın iştirakçı qatılıb. Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 20186 nəfər təşkil edib ki, bu da 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 44.6% artım deməkdir.