"Bu gün Bakı şəhərində ictimai nəqliyyat yalnız metro üzərində qurulmamalıdır. İctimai nəqliyyat çoxşaxəli olmalıdır. Metro ilə yanaşı avtobuslar işləməli, tramvay xətləri çəkilməlidir".Sumqayit.tv xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
O, əlavə edib ki, mövcud bütün nəqliyyat vasitələrindən istifadə olunmalıdır: "Lakin bu gün fərqli tendensiyanın şahidi oluruq. Avtobus dayanacaqlarından ödəmə terminallarının yığışdırılması xeyli insanı metroya axın etməyə sövq edir. Amma başa düşmək lazımdır ki, avtobus nəqliyyatından fərqli olaraq metro rels üzərində hərəkət edir.
Təhlükəsizlik baxımından reqlamentə görə hərəkət edən qatarlar arasında müəyyən interval olmalıdır. Ürəyimiz istəyən qədər metrostansiyalar açsaq da, çoxlu qatarlar gətirsək də intervallara riayət etməli olacağıq. Metronun, həmçinin sərnişindaşıma tutumu da mövcuddur. Bundan artıq sərnişin daşımaq mümkün deyil. Avtomobil nəqliyyatında isə bunu etmək bir qədər asandır. Avtobuslar arasında interval 30 saniyə də ola bilər. Bu səbəbdən ictimai nəqliyyat yanlız metro üzərində qurulmamalıdır".
Ekspert əlavə edib ki, bütün hallarda Bakıda metronun şaxələnməsinə böyük ehtiyac var: "İctimai nəqliyyatın avtobus seqmentinin bərbad vəziyyətdə olmasını nəzərə alsaq Bakı sakinlərini mənzil başına çatdıran əsas vasitə metrodur. Metro bu gün Bakı şəhəri üçün effektiv sayılır.
Estoniyanın paytaxtı Tallin şəhərindəki ictimai nəqliyyata baxsaq görərik ki, həftəsonları orada ictimai nəqliyyat vətəndaşlara pulsuz təqdim olunur. Talllin şəhərində o qədər də tıxac problemi olmur. Bu şəhərdə metro olmasa da ictimai nəqliyyat saat kimi işləyir.
Növbəti şəhər kimi İspaniyanın Barselona şəhərini də misal göstərmək olar. Bu şəhərdə yeraltı infrastruktur çox inkişaf edib. Yeraltı qarajlar, mağazalar, həmçinin metro və sürətli qatarları qeyd etmək olar. Barselonada sakinlər və qonaqlar yeraltı nəqliyyatdan daha çox istifadə edirlər. Qarşımızda olan bu iki misaldan optimal bir bir çıxış yolu tapıb Bakının xarakterinə uyğun tətbiq edə bilərik".
Eldəniz Cəfərov, həmçinin deyib ki, Bakıda bəzi istiqamətlərə metro xətlərinin çəkilməsi lazımdır: "Çox istərdik ki, "Xocasən" stansiyasından sonra Masazır, Xırdalan və Sumqayıta qədər metro xətləri uzadılsın. Eyni zamanda "Koroğlu" stansiyasından Bakı kəndləri istiqamətində metro stansiyaların sayı artırılmalıdır.
Bununla bağlı "Bakı Metropoliteni" QSC və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yaymışdı ki, 2030-cu ilə qədər Bakıda metrostansiyaların sayı artacaq və xətlər şaxələndiriləcək. Bu işləri görməzdən əvvəl Bakı sakinlərinin fikirləri mütləq nəzərə alınmalıdır".