Ulu öndər Heydər Əliyevin təşəkkür etdiyi tikinti rəhbəri



 Azərbaycanın Əməkdar mühəndisi, ötən dövrün 90-cı illərində Cənubi Qafqazda  ən iri tikinti maqnatı olan "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin rəhbəri, xeyriyyəçi Akif Həsən oğlu Zeynalovun bugünlər 80 yaşı tamam olur

 

Ulu öndər Heydər Əliyev 1991-ci ilin çətin və ağır blokada dövründə Naxçıvana göstərdiyi mütəmadi köməyə görə Naxçıvan Muxtar Respublikasının Milli Məclisinin sədri kimi Akif Zeynalova məktub göndərərək, ona xüsusi təşəkkürünü bildirmişdi: 

“Hörmətli Akif bəy! Mən sizi şəxsən tanımıram. Ancaq bu çətin günlərdə Naxçıvana tikinti materialları və yanacaqla, maşın-mexanizmlə göstərdiyiniz daimi köməyə görə sizə təşəkkürümü bildirirəm. Burda inşa etmək istədiyiniz kərpic zavodu isə bu gün Naxçıvana daha çox gərəkdir. Hörmətlə:   Heydər Əliyev. Avqust, 1991-ci il”.

1991-92-ci illərdə o vaxtkı “cəbhəçi” Azərbaycan rəhbərliyi tərəfindən Naxçıvana qarşı aparılan blokada tədbirləri, qərəzçiliklə baxımsız qoymaq istədikləri Muxtar respublikaya sahib çıxmış Heydər Əliyevə qarşı qadağaların qoyulduğu, onun və Naxçıvanın adlarının çəkilməsi bəzi dəli-dolu AXC radikalları tərəfindən yasaq olunduğu dövrdə Sumqayıtın "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin baş direktoru Akif Zeynalovun təşəbbüsü ilə Naxçıvanda 7 idarədən ibarət böyük bir Təmir-Tikinti Tresti yaradılmışdı və Naxçıvana İran vasitəsi ilə tonlarla hər cür lazımi tikinti materialları göndərilirdi. Bu elə bir dövr idi ki, respublika tabeliyində olan heç bir müəssisə Naxçıvanda fəaliyyət göstərə bilmirdi. O vaxtkı respublika “başbilənləri” bunu hamıya yasaq etmişdi. 

Lakin "Azmənzilsənayetikintitəmir" İB respublikaya yox, hələ 1990-cı ilin sonlarından bilavasitə Moskvaya tabe olduğundan A.Zeynalovun Birliyi kimsəyə hesabat vermədən, qorxub-çəkinmədən Naxçıvanda fəaliyyətinin davam etdirirdi. Bu isə hər şeyə qarşı diqqətli olan Ulu öndər Heydər Əliyevin nəzərindən yayınmamışdı. Respublika rəhbərliyinin qadağalarına baxmayaraq, Sumqayıtdan Naxçıvana yardım göstərən yeganə tikinti təşkilatı onun təəccübünə, marağına səbəb olmuş və buna görə də dahi rəhbər onu yaxşı mənada heyrətdə qoyan müəssisə rəhbəri Akif Zeynalova Naxçıvan MR Ali Sovetinin blankında öz dəsti-xətti ilə yazdığı, yuxarıdakı məzmunda  təşəkkür məktubu göndərmişdi...

...Akif Zeynalov 25 oktyabr 1942-ci ildə Füzuli şəhərində dünyaya gəlib. 1959-cu ildə Füzuli şəhər orta məktəbini əla qiymətlərlə bitirib, elə həmin il də o vaxtlar AZİ adı ilə məşhur olan Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna qəbul olunmuşdu.

Dünya şöhrətli alim, akademik Azad Mizəcanzadənin də onlara dərs dediyi məşhur institutu – AZİ-ni bitirəndə diplom müdafiəsi zamanı imtahan komissiyasının bütün üzvləri onun diplom işini yüksək qiymətləndirmişdilər. Məzunlara ali təhsil diplomlarının və işləmək üçün təyinatların verilməsi ilə bağlı institutun akt zalında təntənəli mərasim təşkil edilmişdi. Bir-neçə qrupdan olan 100-ə qədər məzuna diplomla yanaşı təyinat verərkən o zaman ciddiyyətinə, institutda sərt qayda-qanun, nizam-intizam yaratmasına görə adla tanınan rektor, görkəmli akademik İsmayıl İbrahimov ilk olaraq yaxşı oxuyan, diplom müdafiəsində fərqlənmiş 5 nəfərin adını fəxrlə çəkərək bildirir ki, bu məzunlar elmi-tədqiqat işləri aparmaq məqsədilə institutun müvafiq kafedralarında saxlanılacaqlar. Onlardan biri də Akif olur. Ancaq 100 nəfərin içindən seçilən 5 nəfərdən biri olduğuna görə sevinmək, qürurlanmaq əvəzinə o, gözlənilmədən ayağa qalxıb deyir ki, mən institutda qalmaq yox, istehsalatda çalışmaq istəyirəm. Elmə böyük dəyər verən  rektor Akifi dilə tutub, nə qədər elmə yönəltmək istəsə də, onu inadından döndərə bilmir. Belə olduqda “tərsliyi tutan” inadkar məzunu “yola gətirmək” məqsədilə ona təyinat verilmir ki, bəlkə “ağıllandı”. Ancaq o, “ağıllanmaq istəməyərək”, bir-neçə gündən sonra diplomunu götürərək, o zaman “Çornı qorod”da yerləşən Kimya Birliyinə gedir. İstehsalatda işləmək, ailəsini dolandırmaq istədiyini bildirir. Birliyin rəhbəri Akifi diqqətlə dinləyərək, işləmək üçün onu yeni tikilməkdə olan Sumqayıt Kimya Kombinatına - əslində hələ mövcud olmayan müəssisəyə göndərir. Və 22 yaşlı Akif 1965-ci ilin fevralından etibarən işə götürlür. 

Zavod yenicə tikildiyindən o vaxt hələ heç bir sex-zad yox idi. Sadəcə, boş sahələri bölüb, üstündə yazmışdılar ki, bura etilen sexidir, ora - polietilen sexi, qliserin sexi və s. Lakin illər ötdü, uzanıb gedən boş bir düzənlikdə Akifin də bilavasitə iştirakı ilə böyük bir müəssisə yaradıldı – ölkə üçün mühüm kimyəvi məhsullar istehsal edən nəhəng Kimya Kombinatı. Və o, işdə yüksək peşəkarlıq və təşəbbüskarlıq, əzmkarlıq göstərdiyinə görə artıq 30 yaşında Birliyin bütün texniki-texnoloji avadanlığına, “dəmir-dümür"ünə başı ilə cavabdeh olan Baş mexanik vəzifəsinə irəli şəkilmişdi. Bir-neçə il sonra “Sumqayıtkauçuktəmirtikinti” Trestinin rəisi təyin olunan Akif Zeynalov daha sonralar öz təşəbbüsü və iradəsi ilə respublikanın ən iri təmir-tikinti müəssisəsini - "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyini yaradır. 

Erməni daşnaklarının Dağlıq Qarabağ iddiası ilə törətdikləri təxribatlar nəticəsində soydaşlarımızın qaçqınlıq, köçkünlük həyatının başlanması əslən Qarabağdan olan Akif Zeynalovu çox narahat etdiyindən o zaman hələ işğal edilməmiş, lakin çətin, ağır günlərini yaşayan sərhəd rayonlarına hər cür maddi-texniki yardımlar göstərməyə başlayır və o yerlərin əhalisini işlə təmin etmək məqsədilə 1990-cı ilin sonlarından başlayaraq Laçından, Qubadlıdan tutmuş bütün Qarabağ zonasında (Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Ağcabədi, Xocalı rayonlarında) və Azərbaycanın digər bölgələrində 130-dan çox tikinti idarələri olan 11 Təmir-Tikinti Tresti yaratmağa nail olur. Həmin idarələrdə o zaman 5000-dən artıq işçi çalışırdı ki, onların da 1200 nəfərdən çoxu qaçqın-köçkün soydaşlarımız idi. 

Silahlı qarşıdurmaların, döyüşlərin gücləndiyi dövrlərdə Akif Zeynalov dəfələrlə sərhəd rayonlarında olmuş, Şuşaya, Laçına, Ağdama, böyüyüb boya-başa çatdığı Füzuliyə, həmçinin Xocalıya rəhbərlik etdiyi Trest tərəfindən həm silah-sursat, müəyyən materiallar, həm də ərzaq və sairə alınıb-aparılması üçün maksimum köməklik göstərmişdi. Xocalı qəsəbəsinə şəhər statusu verildikdən sonra orada aparılan geniş miqyaslı tikinti-abadlıq işlərində isə Akif müəllimin rəhbərlik etdiyi kollektivin yüzlərlə işçisi çalışmışdı. O, həmin vaxtlarda neçə-neçə şəhid ailəsinə, döyüşçülərimizə yardımlar etmiş, kimsəsizlərə dayaq olmuşdu.

"Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin direktoru kimi Akif Zeynalovun Milli Ordumuzun yaradılmasında, onun silah-sursatla təmin edilməsində də böyük rolu olmuşdur. O, şəhidlərimizin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanları Əlif Hacıyevin, Yuri Kovalyovun ailələrinə, cəbhədə yaralanaraq müalicəyə ehtiyacı olan döyüşçülərimizə, mədəniyyət işçilərinə, Türkiyədə, Almaniyada, Rusiyada, Ukraynada təhsil alan ali məktəb tələbələrinə və s. yardımlar etmiş, ilk Daşaltı əməliyyatında həlak olmuş 40-dan artıq döyüşçünü "fəxri işçi" kimi Birlikdə qeydə alaraq, onların hər birinin ailəsinə iki ilə qədər maaş yazdırmaqla köməklik göstərmişdi. 

Hər zaman özündən öncə doğma xalqını düşünən, onun problemlərinin həllinə imkanı daxilində və hətta “imkanı xaricində" bacardığı hər şeyi etmiş bu vətənpərvər, qeyrətli adam Azərbaycanın ən ağır, çətin dövründə öz üzərinə xeyriyyəçilik missiyasını götürərək, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Sumqayıtda ictimai-sosial obyektlərin - təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin təmirinə, respublika səviyyəli tədbirlərin keçirilməsinə və s. milyonlarla manat vəsait xərcləmişdir. Müqayisə üçün təkcə onu demək kifayətdir ki, təmənnasız xərclənmiş həmin külli miqdarda vəsait hesabına o vaxtlar onlarla "göydələn", möhtəşəm şadlıq sarayları tikmək olardı. Ancaq Akif müəllim bunu etmədi, əvəzində minlərlə imkansızın, şəhid və döyüşçü ailələrinin qəlbində yalnız özünə məxsus olan "göydələnlər", "qalalar" ucaltdı...  

Akif Zeynalov nüfuzlu müəssisə rəhbəri olmaqla yanaşı son 30 ildə ədəbi yaradıcılıqla da məşğul olmuş, dövrün tələb və ehtiyaclarından doğan 10-a qədər maraqlı pyes (o cümlədən "Yanmış evin nağılı", "Mənim ağ şəhərim" və s.) işləyib-hazırlamışdır. İstedadlı yazıçı-dramaturq kimi onun 5 pyesi respublikanın bir-neçə teatrında tamaşaya qoyulmuşdur. Akif  müəllimin ssenarisi əsasında Sumqayıtla bağlı aktuallığı və dramatikliyi ilə tamaşaçıların böyük marağına, diqqətinə səbəb olmuş "Mənim ağ şəhərim" filmi çəkilmişdir. O filmin ki, BMT-nin Azərbaycan üzrə o vaxtkı nümayəndəsi Paoolo Lembo Sumqayıtdakı rəsmi tədbirlərin birində çıxışını məhz həmin filmdən aldığı təəssüratla başlamışdı... 

Bu gün tanınmış kimyaçı-inşaatçı və dramaturq Akif Həsənoğlunun 80 yaşı tamam olur. Xalqa, Vətənə sədaqətlə yaşanmış ömrünün əlamətdar günü münasibətilə yubilyarı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, xoş günlər, həyatının bütün sahələrində, həmçinin bu gün də böyük həvəs və ilhamla davam etdirdiyi yaradıcılığında yeni uğurlar arzu edirik! 

 

Rəhman ORXAN,

Respublikanın Əməkdar jurnalisti.




25-10-2022, 13:27 192

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903