“İsraildə Azərbaycanın səfirliyi açılmalıdır. Bunu yubatmağın bir anlamı yoxdur...” “Düşmən görməlidir ki, Azərbaycanın yanında yalnız Türkiyə deyil, eyni zamanda nüvə silahına malik yeganə müsəlman dövləti olan Pakistan da dayanıb...” "Tarixi düşmənlərdən nə gözləmək olar? Hələ Rusiyadan, Ermənistandan çox şey gözləmək mümkündür. Onlar hələki sakit dayanıblar. Görünür, nəyi isə gözləyirlər, hazırlaşırlar... Azərbaycan isə hazırda Rusiyanın, özünün və müttəfiqlərinin gücünü nəzərə alaraq məcburən düşdüyü bu vəziyyətlə müvəqqəti barışıbdır”. Sumqayit.tv xəbər verir ki, bu fikirləri
Moderator.az-a açıqlamasında son günlər erməni silahlı birləşmələri tərəfindən Ermənistanla sərhəd ərazilərlə yanaşı, artıq Qarabağda – Ağdamda, Şuşada da mütəmadi atəşkəs pozuntularına münasibət bildirən
politoloq Sülhəddin Əkbər ifadə edib.
“Təbii ki, biz yaranmış vəziyyətdə Azərbaycanın nə etməli olduğu haqda düşünməliyik. Bu mövzuda dayanmadan təkliflər veririk... Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan öz daxili gücünü və potensialını hər tərəfli şəkildə daha da artırmalı, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmalı və öz mövqeyini gücləndirməlidir. Eyni zamanda Türkiyə ilə yanaşı, digər təbii müttəfiqləri, potensial əməkdaşlarıyla əlaqələri yaranmış yeni şəraitə uyğun daha yüksək səviyyədə qurmalıdır” - açıqlamasının davamında bunları söyləyən şərhçi öz təkliflərini də verib:
“Məsələn, qardaş Pakistanla da Türkiyə ilə 2010-cu ildə imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin analoqunu bağlamalıyıq. Düşmən görməlidir ki, Azərbaycanın yanında yalnız Türkiyə deyil, eyni zamanda nüvə silahına malik yeganə müsəlman dövləti olan Pakistan da dayanıb. Yəni biz əslində faktiki vəziyyəti rəsmiləşdirməliyik...
Artıq uzun illər ərzində ölkəmizə siyasi-diplomatik, siyasi- mənəvi, həmçinin hərbi-texniki dəstək verən İsraillə də münasibətlər rəsmiləşdirilməli və bu dövlətlə strateji əməkdaşlıq haqqında müqavilə imzalanmalıdır. Və İsraildə Azərbaycanın səfirliyi açılmalıdır. Bunu yubatmağın bir anlamı yoxdur...
Onu da nəzərə almalıyıq ki, İkinci Qarabağ savaşı başa çatıb atəşkəs barədə razılaşma imzalansa da, Ermənistanla sülh sazişi yoxdur. Bu da o deməkdir ki, müharibə hər an yenidən alovlana bilər. Həm bunu , həm də savaşın yeni, siyasi-diplomatik müstəviyə keçdiyini nəzərə alıb biz Ermənistanı bu sahədə də udmalıyıq. Ondan ötrü də Ermənistanın arxasında duran tərəflə işləməliyik. Rusiya ilə onsuz da mümkün olan iş aparılır. Buna toxunmaq istəmirəm. Yəni hakimiyyət o işi bu günədək bacarıb, bundan sonra da davam edəcək. O sahədə heç bir təklifim yoxdur...
ABŞ-la Gürcüstan imzaladığı klimi, biz də strateji tərəfdaşlıq xartiyası imzalamalıyıq. Halbuki Gürcüstandan öncə o, bizə təklif olunub. Eyni zamanda NATO-dankənar əsas müttəfiq statusunu almaq üçün ABŞ-la danışığa başlamalıyıq. Belə status alan 16 ölkə var ki, onlardan 8-i müsəlman ölkəsidir. Azərbaycan da həmin statusu ala bilər...
Həmçinin NATO ilə genişləndirilmiş və ya dərinləşdirilmiş tərəfdaşlıq sazişi imzalanması da mümkündür...
Avropa Birliyi ilə münasibətlər, heç olmasa, yeni səviyyəyə qaldırılmalıdır. Bu sahədə biz Ermənistandan geridə qalırıq. Bildiyiniz kimi, bu il martın 1-dən Ermənistanla Avropa Birliyi arasında yeni saziş qüvvəyə minib. Azərbaycan isə ən azı hazırda müzakirə olunan və imzalanması yubadılan sazişi imzalamalıdır. Artıq ölkə daxilindəki korporativ iqtisadi maraqları qorumaqdan əl çəkmək lazımdır, ölkənin milli maraqları həmin maraqlara qurban verilməməlidir...
Böyük Britaniya ilə onsuz da yaxşı münasibətlərimiz var. Niyə biz bunu rəsmiləşdirməyək? Oardaş Türkiyə ilə də Böyük Britaniya arasında sıx münasibətlər qurulub. Və bu münasibətlər getdikcə inkişaf etdirilir. Odur ki, həmin ölkə ilə də strateji tərəfdaşlıq haqqında, azad ticarət zonasının yaradılması haqda sazişlər imzalanmalıdır. Bunda onlar da maraqlıdır...
Biz addımların sayını artıra bilərik. Mən, sadəcə, əsas məsələlərə toxundum. Və biz deyilən addımları atmaqla düşmənə son zərbəni vurmağa hazırlaşmalıyıq və onun vaxtını düzgün müəyyən etməliyik. Yəni strategiyada, bilirsiz, güc, zaman və məkan həlledicidir. Azərbaycan Türkiyə ilə birlikdə 10 Noyabr razılaşmasından bəri Rusiyanın “sülhməramlı” missiyasının icra etməli olduğu, lakin icra etmədiyi nə qədər məsələ varsa, hamısını sənədləşdirib Kremlin, Putinin qarşısına qoymalıdır. Bunun vaxtı çatıb. Artıq Rusiyaya yönəlik aktiv fazaya keçmək lazımdır. Və Moskvadan konkret tələb olunmalıdır; ya həmin məsələləri təcili həll et, ya da Azərbaycan dövlət olaraq özünün və müttəfiq və tərəfdaşlarının hesabına yerdə qalan vəzifələrini də antiterror əməliyyatı aparmaqla yerinə yetirəcək. Və Qarabağdakı məsələləri tam və qəti həll edəcək” - deyə Sülhəddin Əkbər bildirib.