“Tarixin türməsi” – nasist rəhbərlərinin saxlandığı Nürnberq həbsxanası dünyanın ən məşhur cəza evinə çevrilib.
1945-ci ilə qədər Nürnberq şəhərində yerləşən həbsxana digər cəza evlərindən heç nə ilə fərqlənməyib. Həbsxana adi cinayətkarların cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib. II Dünya müharibəsindən sonra isə bu həbsxana dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Belə ki, Nürnberq məhkəməsində ittiham olunan nasist rəhbərləri məhz bu həbsxanada saxlanılıb.
Nürnberq türməsinin inşası arxitektor Albert Voytun layihəsi ilə 1865-ci ildə başlayıb. Tikinti üç il davam edib. Daha sonra həbsxana ilə üzbəüz daha bir bina, “Ədalət sarayı” da inşa edilib. Hazırda bu sarayda dairə apelyasiya məhkəməsi, prokurorluq və Nürnberq prosesi muzeyi fəaliyyət göstərir. Beləliklə, hələ 19-cu əsrin sonlarından həbsxananın yerləşdiyi Fyurter-ştrass küçəsi yerli əhali tərəfindən ədalət rayonu adlandırılıb.
Nürnberq məhkəməsi zamanı ərazi ABŞ nəzarətində olduğuna görə həbsxananın rəisi amerikalılar tərəfindən polkovnik Endryus təyin edilib.
Həbsxanada son dərəcə ciddi reyim qaydaları hökm sürüb. İttiham olunanların hamısı təkadamlıq kameralarda saxlanılıb. Onlara həftədə yalnız bir dəfə məktub yazmağa icazə verilib. Bağlama qəbul etməyə, yaxud da göndərməyə qadağa qoyulub.
Həbsxana nəzarətçiləri iki saatlıq növbə çəkiblər. Həbsxana rəisinin əmri ilə nəzarətçilər gecə-gündüz hər 30 saniyədən bir kamera qapılarının kiçik gözlüklərindən nasist rəhbərlərini nəzarətdə saxlayıblar. Gecələr dəhlizdən kameralara işıq salınıb ki, saxlanılanların üzü aydın şəkildə görünsün. Onlara üzünü gizlətmək, yaxud da divara çevirmək qadağan olunub. 30 saniyə şərtinə əməl edə bilməyən nəzarətçilər polkovnik Endryus tərəfindən xidmətdən uzaqlaşdırılıb.
Kameralarda təmizlik işlərinin aparılması müttəhimlərin özlərinə həvalə edilib. Bu öhdəçilik Almaniyanın xarici işlər naziri Ribbentropu daha çox qıcıqlandırıb. Təmizlik işlərinin öhdəsindən ən yaxşı gələn isə Vermaxtın baş qərargah rəisi Keytel olub.
Həbsxanada nasist rəhbərlərinə bərbər xidməti təqdim edilib. Əvvəlcə bərbər günaşırı onların üzünü qırxıb, saçlarını səliqəyə salıb. Proses başlanandan sonra isə bu xidmət hər gün göstərilib.
Müttəhimlər həftədə iki dəfə həbsxananın zirzəmisindəki hamamdan istifadə ediblər. Bunun üçün onlara ayrı-ayrılıqda cəmi 15 dəqiqə vaxt verilib.
Sabiq reyx rəhbərləri gün ərzində 3 dəfə yeməklə təmin ediliblər. Günortaya qədər isə onlar bir neçə dəfə çay, yaxud da qəhvə istəmək hüququna malik olublar.
Günorta yeməyindən əvvəl müttəhimlər 30 dəqiqəlik gəzintiyə çıxarılıb. Həbsxananın həyətindəki kiçik gəzinti meydançasında nasistlərin ara məsafəsi saxlamaqları əsas rejim qaydalarından biri sayılıb. Onların bir yerə toplaşması, söhbət etmələri qadağan edilib. Bu qaydanı adətən German Herinq daha çox pozub.
Gəzinti zamanı ən problemli məhbus vaxtilə Nürnberq şəhərində nasist partiyasına rəhbərlik edən (qulyayter), antikommunist “Şturmovik” qəzetinin baş redaktoru Yulius Ştreyxer olub. O, gəzinti meydançasına girən kimi idman məşqlərinə başlayanda tamamilə lüt soyunub ki, bu da həm nəzarətçiləri, həm də sabiq nasist rəhbərlərini qıcıqlandırıb.
Həbsxanada saxlanılanlara həkim, psixoloq və psixiatr xidmətləri də göstərilib. Keçmiş nasist rəhbərləri onların xidmətlərindən yetərincə bəhrələniblər. Belə ki, ittiham olunanların əksərinin psixoloji durumları yerində olmayıb.
Hökmlər oxunana qədər həbsxanada demək olar ki, ölü sükut hökm sürüb. Hökmlərin oxunuşundan sonra isə “mürgüləyən” Nürnberq türməsində səsli-küylü hadisələr bir-birini əvəzləyib.
Hitlerin ən yaxın silahdaşlarından biri olan nasist partiyasının baş təşkilat idarəsinin rəhbəri Robert Ley yuxusuzluqdan şikayət edib, saatlarla hönkür-hönkür ağlayaraq həbsxananın sükutunu pozub. Bir neçə gündən sonra isə o, əl dəsmalı və alt paltarlarından kəndir kimi istifadə edərək özünü asıb.
Edama qədər aviasiya naziri, reyxsmarşal German Herinqdə intihar etməyə imkan tapıb. O, zəhərli maddə qəbul edərək özünü öldürüb. Həmin maddənin hansı yolla həbsxanaya gətirilməsi isə müəmmalı qalıb.
Həbsxana rəisi intihar hallarının çoxalacağından ehtiyat edərək nasist rəhbərləri üzərində nəzarəti daha da gücləndirib.
Sonralar həbsxana rəisi polkovnik Endryus öz xatirələrində Nürnberq həbsxanasını “tarixin türməsi” adlandırıb.
Nürnberq məhkəməsində hərbi cinayətlərə görə çıxarılan asılmaqla ölüm hökmlərinin bir qismi Nürnbüeq həbsxanasının xüsusi avadanlıqlarla təchiz olunmuş idman zalında icra olunub.
İlham Cəmiloğlu