
Respublikanın Əməkdar mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Əli Əmirov təkcə
görkəmli mühəndis, alim və pedaqoq deyil, o, həm də Azərbaycan ədəbi mühitində elm və
sənətin qırılmaz vəhdətini yaradan, Əli Ələmi imzası ilə ədəbi camiədə özünəməxsus yeri olan
və yaxşı tanınan şair, həm də qəzəlin müasir ruhunu məsuliyyətlə yaşadan ustad qəzəlxandır.
Azərbaycanda şeirə, qəzələ qiymət verənlər, oxuyub zövq alanlar arasında Azərbaycan
Yazıçılar Birliyinin üzvü olan Əli Ələmi adı xüsusi məhəbbətlə çəkilir. Həm klassik əruz
ənənəsinə sadiq qalaraq, həm də müasir dilin sadəliyi və ahəngini qoruyaraq yazmaq hər qələm
sahibinin işi deyil. Redaktor kimi mənə əvvəlcədən təqdim olunan yazıları vərəq-vərəq
oxuduğumdan belə qənatə gəldim ki, bu kitabda çap olunan qəzəl və şeirlər yalnız gözəlliyi
tərənnüm etmir, həm də özlüyündə həyatın dərin hikmətini, fəlsəfəsini daşıyır.
Əli Ələminin poeziyası Nizami, Xaqani, Füzuli, Şirvani kimi klassiklərin ruhuna sadiqdir,
amma heç də onların təkrarı deyil. O, öz qəzəllərini müasir dövrün tələbiylə oxuculara çatdırır.
Şair bu kitabla həm öz dövrünün, həm də gələcəyin oxucusuna doğma dilimizdə müraciət edir,
bu isə gələcəkdə əsərin ədəbi irsdə möhkəm yer tutacağına əminlik yaradır. Şairin misraları
qəzəlin ruhunu saxlamaqla, ərəb sözlərindən və birləşmələrindən uzaqlaşmaqla, öz dilimizin
sadə və təbii ahənginə uyğun yazılıb. Bu isə oxucunun qəzəlləri sözbəsöz deyil, ürəkbəürək
duymağına imkan verir. Və bunlar bizə ürəklə deməyə əsas verir ki, Əli Ələmi klassik əruz
vəznini qoruyaraq ona müasir təravət gətirən ustad qəzəlxanlardandır. Əli Ələmi təkcə klassik
əruz vəznini yalnız qoruyub saxlamır, həm də ona müasir nəfəs verir. Elə bu baxımdan da Əli
Ələminin yaradıcılığı haqqında fikir yazmaq, onun “Yuxuya gedib bu yollar” adıyla sizlərə
təqdim olunan bu kitabına redaktorluq etmək mənə görə həm şərəf, həm də məsuliyyətdir.
Əli Ələmi elm və sənəti birləşdirən, qəzəlin klassik gözəlliyini müasir nəfəsdə yaşadan,
insanlara təvazökarlıq və müdriklik nümunəsi göstərən nadir şəxsiyyətlərdəndir. Əli Ələmi elmi
axtarışlarını da, poetik dünyasını da eyni dərəcədə məsuliyyət və sevgi ilə yaşayan insandır. O,
istər süni intellekt üzrə elmi fəaliyyətində, istərsə də qəzəllərində insanı düşünməyə, öz daxili
gözəlliyini kəşf etməyə çağırır. Elmin soyuq məntiqi ilə sözün isti nəfəsini birləşdirmək onun
yaradıcılığının əsas fəlsəfəsidir. Ələminin yaradıcılığı və ömür yolu təkcə poeziya sevərlərə
deyil, həyatın hər sahəsində mükəmməlliyə can atan hər bir kəsə ilham verir. Əli Ələminin
yenicə çapdan çıxan bu kitabını oxusanız dediyim sözlərin reallığına əmin olacaqsınız. Və
beləliklə...
“Zərdabi Nəşriyyat Poliqrafiya” MMC tərəfindən çap edilən və oxuculara təqdim olunan
“Yuxuya gedib bu yollar” kitabında müəllifin əsasən 2019 - 2020-ci illərdə yazdığı şeirləri dərc
olunmuşdur. Kitabda – qəzəllər – 151 ədəd, məsnəvi və qitələr – 14 ədəd, müxtəlif şeirlər – 20
ədəd olmaqla üç hissədən ibarətdir.
Bu kitab müəllifin Səndən sonra (2010-cu il) və Pıçıldaş mənimlə çiçək dilində (2019-
cu il) şeirlər kitabından sonra sayca üçüncü kitabıdır. Bundan başqa Əli Ələminin 75-illik
yubileyi münasibətilə üzvü olduğu Sumqayıt Dostlar Klubu tərəfindən 2023-cü ildə
hazırlanmış Açılar xeyrə sabahım kitabında da şairin bir sıra şeirləri çap olunmuşdur.
Kitaba Yuxuya gedib bu yollar adının verilməsi məsələsi üç səbəbi əhatə edir:
1) Qarabağa gedən yolların uzun illər bağlı qalması.
2) Dünyanın 2019-cu ildən başlayaraq karonavirus (Covid-19) pandemiya bəlasına düçar
olması ilə əlaqədar olaraq yolların bağlanması.
3) Aşiqanə şeirlərinin qəhrəmanından ayrı düşməsi nəticəsində yolların yuxuya getməsi.

Yuxuya gedib bu yollar, daha durğuzan da yoxdur,
Yorulub düşübdür əldən, səbəbin yozan da yoxdur!
Kəsilib gediş-gəliş də, gözü yoldadır bu yollar,
Hərə öz yoluyla getdi, yolunu azan da yoxdur!
Tutub əl-ələ, gedirdik o qoşa cığırla bir vaxt,
Yenidən qovuşmadıq, çün, yazını pozan da yoxdur!
Olub onlar indi misra, kədəri bu beytə sığmır,
Oxuyaqmı, ey dil, indi belə söz yazan da yoxdur!
O qoşa hörükləriymiş, qırılıb qalıbdı sanki,
Qurusun əlin, zəmanə, sənitək qızan da yoxdur!
Onu tez itirdik, ey dil, o, həmin bu yolla getdi,
Oxudu ozan içimdə, ölüb o ozan da, yoxdur!
Axı tac idin başında, Ələmi, zəmanə döndü,
Ayağı tərəfdən hətta sənə gor qazan da yoxdur.
Qeyd edilən mövzuların hər biri kitabda təqdim olunan şeirlərdə əsas yer tutur. 2020-ci il
xalqımızın həyatında tarixi bir iz qoymuşdur. 30 il ərzində erməni faşizminin işğalı altında
qalmış Qarabağ torpağının azadlığı uğrunda 44 günlük Vətən müharibəsi, ordumuzun qələbəsi
Əli Ələminin yaradıcılığında xüsusi yer tutur. Vətən müharibəsindən yarım il əvvəl, Respublika
günü münasibətilə yazdğı şeirdə işğalda olan Qarabağ haqqında şair böyük bir niskillə yazmışdı:
Biz bu gün, can, ey Vətən, şad olmalıydıq, olmadıq!
Biz sənə layiq bir övlad olmalıydıq, olmadıq!
Düşmənin çəngində torpaqlar qalıb, cəng eyləyək,
Harda qaldız, der, biz azad olmalıydıq olmadıq!
Qarabağ getdi, əsir oldu itən namusumuz,
Xarı bülbül öldü, imdad olmalıydıq, olmadıq!
Gəlmədik uyğun ona, dövran bizim dövran deyil?
Başqa bir dövranda icad olmalıydıq, olmadıq!
Baş kəsənlər, qan tökənlər, indi cövlan eyləyir,
Bəlkə biz də öylə cəllad olmalıydıq, olmadıq!
Bayrağım, qaldır məni, endir Cıdır meydanına,
Sənlə orda, ey pərizad, olmalıydıq, olmadıq!
Yox, Ələmi, qəm yemə, bir gün deyərsən, şükr ola,
Düşmənin qəsdiylə bərbad olmalıydıq, olmadıq!
Nəhayət, xalqın çoxdan gözlədiyi Qarabağ torpaqlarının azadlığı uğrunda Vətən müharibəsi
başlandı. Bu müharibəni başlamaq üçün təkcə güclü ordu yaratmaq bəs deyildi. Dövlət
rəhbərinin dəfələrlə qeyd etdiyi kimi, dünyanı idarə edən nəhənglərin razılığını almaq üçün
lazımi siyasi, diplomatik manevrləri edə bilmək, əlverişli məqamı seçə bilmək lazım idi. Elə bu
səbəbdən də Əli Ələmi bu sözə rişxəndlə gülənlərə "Lazım gəldi rədifli qitəsində tutarlı cavab
verib:
Çox deyirdiz ona rişxənd ilə: Lazım gəlmir?
Gəldi Lazım daha, çün gəlməyi lazım gəldi.
"Qarabağ Azəribaycandı!-dedik, lağ edəni,
Başə saldıq güc ilə, bilməyi lazım gəldi.
Toxuyur indi siyasət torunu mahirlər,
İlhamın orda zərif ilməyi lazım gəldi.
44 günlük Vətən müharibəsi ərzində Ələmi qəhrəman döyüşçülərimizin igidliyini,
əzmkarlığını, xalqımızın birliyini və dövlətimizin əzəmətini, həmrəyliyini böyük sevgi ilə vəsf
etmişdir. O, vaxtilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin başlayacağını
arzu edərək yazmışdı:
İlham pərisi, durma, döyüş paltarı gey, gəl!
Düşmənlə cihad etməliyik sevgidən əvvəl!
44 gün davam edən Vətən müharibəsinin gərgin çağlarında Əli Ələmi yazırdı:
Axır torpağımda qan su yerinə,
Baxsan yurdumuzun hansı yerinə!
İgidlər bitəcək birə on, yəqin,
Şəhid əkilirsə torpağa bu gün!
Haqqın dərgahına şəhid tələsir,
Öpür yanağını, bayrağım əsir!
Mübarizlər qoyur haqq uğrunda can,
İgidlər anası - Can Azərbaycan!
Vətən tarixində izim qalacaq,
Qarabağ bizimdir, bizim olacaq!
Əziz oxucular! Bildiyimiz kimi həm klassik əruz ənənəsinə sadiq qalaraq, həm də müasir
dilin sadəliyi və ahəngini qoruyaraq yazmaq çox çətindir. Əli Ələminin “Yuxuya gedib bu
yollar...” məhz bu nadir balansı qoruyan, gül-çiçək qoxulu, Vətən-torpaq həsrəti və sevgisi ilə
bol olan vətənpərvərlik ruhlu bir poetik topludur. Bu kitabda çap olunan qəzəl və şeirlər yalnız
gözəlliyi tərənnüm etmir, həm də həyatın dərin hikmətini, fəlsəfəsini daşıyır. Bu kitabı oxuyan
hər kəs onu bəyənəcək və Əli Ələminin qələmi müasir Azərbaycan qəzəlinin parlaq ƏLƏMi
olduğuna onlar da mənim qədər inanacaqlar. Mən buna əminəm!..
Arif Ərşad
Yazıçı-publisist,
kitabın redaktoru
18-03-2026, 16:40
244