
Bəzən həyatın axarında elə insanlar olur ki, onların varlığı bir şəhərin, bir dövrün, bir nəslin yaddaşı ilə qırılmaz tellərlə bağlanır. Belə insanlar yalnız öz ailələrinin, dostlarının deyil, bütöv bir şəhərin taleyinə çevrilirlər. Onların adı çəkiləndə bir məkan yada düşür, bir şəhərin ruhu canlanır.
Respublikanın Əməkdar jurnalisti, yazıçı, publisist, ssenarist və səlnaməçi Eyruz Məmmədovun dünyasını dəyişməsi xəbəri təkcə əzizləri, qohumları üçün deyil, bu xəbər onu tanıyanların hamısı üçün ağır oldu. Çünki Eyruz Məmmədov təkcə qələm adamı deyildi. O, çox gözəl insan, ləyaqətli vətəndaş, sədaqətli dost idi. Uzun illər ərzində onun necə insan olduğunu yaxından görmək, tanımaq, onunla çiyin-çiyinə olmaq bir çoxları kimi mənə də nəsib olmuşdu. Lakin bu gün o həyatda yoxdur. Dünyasını dəyişməsindən artıq bir neçə 10 günlər keçir. Hələ aylar da keçəcək, neçə-neçə illər də ötəcək. Həyat bundan sonra da öz axarı ilə davam edəcək. Amma bir həqiqət dəyişməyəcək: biz – sumqayıtlılar Eyruz Məmmədovu heç zaman unutmayacağıq. Çünki o, öz ömrünü bu şəhərin taleyinə bağlamışdı.
Sumqayıt bu gün Azərbaycanın ən gözəl, ən gənc, həm də ən zəngin tarixə malik şəhərlərindən biridir. Bu şəhər səhraya bənzər bir düzənliyin ortasında quruldu. Burada daş üstə daş qoyaraq böyük sənaye şəhəri yaradan çox insanlar oldu. O insanlar təkcə binalar tikmədilər. Onlar həm də tarix yaratdılar. Bu gün də Sumqayıtın inkişafında, gözəlləşməsində əməyi olan insanlar az deyil və sabah da olacaq. Hər dövrün öz qurucuları, öz zəhmətkeşləri var. Lakin şəhərlərin təkcə binalarla yox, yaddaşla da qurulması kimi bir həqiqəti də unutmaq olmaz. O yaddaşı isə qələm adamları yaşadır. Eyruz Məmmədov məhz belə qələm sahiblərindən biri idi. O, qələmi ilə Sumqayıtı dünyaya tanıdan insanlardan idi. Onun qələmə aldığı qalaq-qalaq məqalələri, yüzlərlə aldığı müsahibələri, yazıları, publisistik məqalələri, onlarla bədii və publisistik kitabları, publisistik araşdırmaları, bir çox sənədli filmlərə yazdığı ssenariləri bu şəhərin tarixinin yazılı salnaməsinə çevrildi.
Bir çoxları Sumqayıtı sənaye şəhəri kimi tanıyır. Amma Eyruz Məmmədov Sumqayıtı insanların şəhəri, talelərin şəhəri, zəhmətin şəhəri kimi göstərirdi. Jurnalist olmaq təkcə xəbərlər yazmaq demək deyil. Jurnalist bəzən bir dövrün şahidi, bəzən isə bir xalqın yaddaşı olur. Eyruz Məmmədov da məhz belə jurnalistlərdən idi. Onun yazıları yalnız informativ xüsusiyyətə malik deyildi. Onun yazılarında həyat var idi. İnsan var idi. Duyğu var idi. O, quru statistikanın arxasında gizlənən insan talelərini üzə çıxarırdı. Bir zavodun tikintisindən danışanda orada çalışan fəhlənin zəhmətini də göstərirdi. Bir küçədən yazanda o küçədə yaşayan insanların həyatını da təsvir edirdi. Bəlkə də buna görə onun yazıları oxucuların yaddaşında qalırdı. Çünki o yazılar səmimi idi.
Akademik Rafael Hüseynovun çox gözəl bir fikri var: “Eyruz deyəndə Sumqayıt, Sumqayıt deyəndə Eyruz yada düşür.” Bu fikir sadəcə bir tərif deyil. Bu, böyük bir həqiqətin ifadəsidir. Həqiqətən də Eyruz Məmmədovun adı Sumqayıtın tarixi ilə qırılmaz tellərlə bağlıdır. Onun yazdığı publisistik kitablar, sənədli filmlər üçün qələmə aldığı ssenarilər, qəzet və jurnallarda dərc olunan yüzlərlə məqalə və müsahibələr bu şəhərin həyatının canlı salnaməsidir. O, Sumqayıt haqqında təkcə yazmırdı. O, Sumqayıtla yaşayırdı və bu doğma şəhərlə nəfəs alırdı. Bu şəhərin sevinci onun sevinci idi. Bu şəhərin uğurları onun qüruru idi. Bu şəhərin insanları onun qəhrəmanları idi.
Eyruz Məmmədovu tanıyan hər kəs ilk növbədə onun insanlığını xatırlayır. O, sadə idi. Təvazökar idi. Səmimi idi. Onunla söhbət edən hər kəs özünü rahat hiss edirdi. Çünki o, insanlara yuxarıdan baxanlardan deyildi. O, insanları dinləməyi bacarırdı ki, bu da hər bir jurnalist üçün bu ən vacib xüsusiyyətlərdən biridir. 40 ildən artıq dostluğumuz müddətində mən onu müxtəlif vəziyyətlərdə görmüşəm, sevincli günlərdə də, çətin vaxtlarda da həmişə birlikdə olmuşuq. Amma onun bir xüsusiyyəti heç vaxt dəyişmirdi: insanlara olan hörməti və sevgisi.
Bəzən bir insanın ömrü illərlə deyil, onun gördüyü işlərin uzunömürlü olması ilə vurğulanır. Eyruz Məmmədov da belə insanlardan idi. Onun yazdığı kitablar, publisistik araşdırmalar, sənədli filmlər üçün yazdığı ssenarilər bu gün də yaşayır və yaşayacaq. Çünki onlar sadəcə mətn deyil. Onlar bir şəhərin yaddaşıdır. Sabah gələcək nəsillər Sumqayıtın tarixini araşdıranda, bu şəhərin keçdiyi yolu öyrənəndə Eyruz Məmmədovun yazılarına, kitablarına müraciət edəcəklər. Onun qələmi artıq tarixə çevrilib.
Bəzən deyirlər ki, torpağın üzü soyuqdur, zaman hər şeyi unutdurur. Amma bu söz tam doğru deyil. Zaman yalnız iz qoymayanları unutdurur. Tarixdə iz qoyan insanlar isə yaddaşlarda yaşayır. Eyruz Məmmədov da belə insanlardan biridir. Aylar keçəcək. İllər ötəcək. Nəsillər dəyişəcək. Amma Sumqayıtın tarixindən danışanda Eyruzun adı mütləq çəkiləcək. Çünki Eyruz, həmin tarixin altında öz imzasını qoyub və həmin imzanın izi isə bu şəhərin tarixindədir. Bu iz qələm ilə çəkilib. Bu iz söz ilə yazılıb. Bu iz yaddaşlara həkk olunub və bu iz əbədi qalacaq!
Eyruz Məmmədov bu gün aramızda olmasa da, onun səsi, gülüşü, söhbətləri və yazdıqları artıq xatirələrdə yaşayır. Və biz – sumqayıtlılar – onu heç zaman unutmayacağıq. Çünki Eyruz Məmmədov təkcə bir jurnalist deyildi. O, Sumqayıtın yaddaşı idi.
Ruhun şad olsun, əziz DOST!
ARİF ƏRŞAD
yazıçı-publissit.
21-03-2026, 16:25
379