Tariximizdə çox hadisələrə şahidlik etmişik. Qanlı müharibələrə, terrorlara, soyqırımılara, daha nələrə, nələrə. Onların sırasında Sumqayıt hadisələri də var. Artıq həmin hadisədən bizi 35 illik zaman ayırır. Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə törədildi. İğtişaşlar nəticəsində 32 nəfər öldü. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. 1988-ci ilin fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Belə ki, aksiyanın təşkilatçıları şəhərdə iğtişaşlar törətmək üçün süni şərait yaradaraq gənclərə, xüsusən, texniki peşə məktəblərinin şagirdlərinə spirtli içkilər, içərisi əvvəlcədən narkotik maddələrlə doldurulmuş siqaretlər, müxtəlif psixotrop dərmanlar və s. paylamışdılar. Əhalinin arasında Azərbaycan dilini təmiz bilən müxtəlif millətlərdən olan təxribatçı qruplar yerləşdirilib. Əsrlər boyu qonşuluqda yaşayaraq ölkəmizə qarşı məkrli planlar quran, azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti aparan erməni millətçiləri həmin gün daha bir təxribata əl atdılar. Təbii ki, burada əsas məqsəd dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə əslində yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, işğalçılıq siyasətinin əsası qoyuldu. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Qırğınların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən SSRİ DTK-nın himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib.
İstintaq materiallarının başqa bir yerində göstərilir ki, E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır. Bu cür faktlar çoxdur.
Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdi. 1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.
Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Baş prokurorun qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi.
İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib.
1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində, həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib. İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub. Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, "ermənilərə ölüm", "ardımca" və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti o zaman Qarabağda fəaliyyət göstərən "Krunk" cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri "Krunk" cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, "Krunk" cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini "Krunk" cəmiyyətinə köçürüblər.
Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən bəlli olub ki, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib.
SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb.
Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.
Nəzakət ƏLƏDDİNQIZI