
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində quldurluqda təsirləndirilən Amil Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırmasının detalları məlum olub.
Sumqayit.tv xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmə istintaqı zamanı ittiham aktı elan olunub.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 avqust 2025-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən mağazaların birinə daxil olub.
Amil Babayev mağazada satıcı-kassir işləyən şəxslərin qarşısında dayanaraq, onların həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib.
Belə ki, təqsirləndirilən şəxs kassada olan pul vəsaitinin ona verilməsini, həmçinin müəyyən məbləğlərin müxtəlif elektron platformalar üzərindən onun hesablarına köçürülməsini tələb edib. Amil Babayev səslərini çıxarmamalarını, əks halda bıçaqla hücum edəcəyini bildirib. O, üzərində bıçaq olmadığı halda, qarşı tərəfi inandırmaq məqsədilə sağ əlini şalvarının cibində saxlayaraq guya silahlı olduğunu nümayiş etdirib.
Zərərçəkmiş şəxslər yaranmış vəziyyətin təsiri altında kassadakı vəsaitdən 142 manatı “Azpulmat”, 235 manatı “Manato.az” onlayn kredit hesablarına, 250 manatı isə “Leobank” kart hesabına köçürüblər. Bundan əlavə, ona nağd şəkildə 100 manat verilib.
Beləliklə, Amil Babayev ümumilikdə 727 manat pul vəsaitini ələ keçirərək mağazaya maddi ziyan vurub.
Toplanmış materiallara əsasən, onun bu əməli Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə tövsif edilib.
O, məhkəmədə verdiyi ifadəsində özünü qismən təqsirli bilib. Amil Babayev deyib ki, hadisə günü ailəsinin maddi çətinlikləri, azyaşlı övladının ehtiyaclarının ödənilməsi ilə bağlı problemlər və borclar səbəbindən çıxılmaz vəziyyətdə qalıb. Onun sözlərinə görə, həyat yoldaşı uşağın qidası, dərmanları və digər zəruri vasitələrin tükəndiyini söyləyib.
Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəlcə yaxınlarından borc almağa çalışsa da, buna nail olmayıb. Daha sonra spirtli içki qəbul etdiyini və emosional vəziyyətdə həmin addımı atdığını bildirib. Amil Babayev vurğulayıb ki, mağazaya daxil olduqdan sonra kassada olan şəxslərdən pul tələb edib, lakin onları bıçaqla vurmaq niyyətinin olmayıb.
O, həmçinin ifadəsində göstərib ki, əldə etdiyi vəsaitlə həyat yoldaşının adına götürülmüş kreditləri qismən ödəyib, eləcə də uşağının ehtiyacları üçün pul göndərib. Təqsirləndirilən şəxs hadisədən sonra əməlindən peşman olduğunu, hətta könüllü şəkildə təslim olmaq istədiyini qeyd edib.
İbtidai istintaq zamanı verdiyi ilkin ifadəsində isə Amil Babayev özünü tam təqsirli bilib və hadisəni necə törətdiyini ətraflı təsvir edib. O, mağazaya daxil olduqdan sonra işçiləri qorxutmaq məqsədilə üzərində bıçaq olduğunu bildirdiyini, lakin faktiki olaraq hər hansı silahının olmadığını etiraf edib. Həmçinin, müxtəlif ödənişlər etdirdikdən sonra nağd pul götürdüyünü və mağazadan çıxaraq uzaqlaşdığını deyib.
İş materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb, ailəlidir və azyaşlı övladı var. O, dönərçi kimi çalışdığını, lakin maddi çətinliklər səbəbindən borclarını ödəməkdə çətinlik çəkdiyini bildirib
Bu gün, 14:25
7