
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün – avqustun 23-ü ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı kimi qeyd olunur.
Sumqayit.tv xəbər verir ki, müstəqil Azərbaycanın dövlət mühafizə sisteminin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin bu sahədə müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində dövlət mühafizəsi sistemi təkmilləşdirilib, bu sahədə xidmətin səmərəli təşkili və təhlükəsizliyin etibarlı təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Bu gün Azərbaycan bir çox əsas təhlükəsizlik parametrlərinə görə öncül mövqelərdə qərarlaşır. Dövlət mühafizəsi sahəsinin çoxminli kollektivi üzərinə düşən məsuliyyətli və şərəfli vəzifəni layiqincə yerinə yetirir, dövlətçiliyin və milli təhlükəsizliyin qorunmasına mühüm töhfələr verir. Xidmət əməkdaşları yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək onlara göstərilən ali etimadı doğrultmağa çalışırlar.
Peşə bayramı münasibətilə dövlət mühafizəsi sahəsində çalışan bütün əməkdaşlara şərəfli xidmət yollarında yeni uğurlar arzulayırıq . /AZƏRTAC