
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiqləyib.
Bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti altı ay ərzində Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini Prezidentə təqdim etməlidir.
Həmçinin turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və bu mexanizmin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanacaq.
Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət, eləcə də görülən işlər barədə ildə bir dəfə Prezidentə məlumat verilməsi tapşırılıb.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının hazırlanması zamanı zəruri vəsaitin nəzərdə tutulması da planlaşdırılır.
Proqramın icrasının monitorinqi və qiymətləndirilməsi isə Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Bu gün, 17:35
11