
"Güzəştli mənzil" sistemi vasitəsilə mənzil seçimi mərhələsində bir sıra yeniliklər tətbiq ediləcək.
Sumqayit.tv xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi məlumat yayıb.
Yeni qaydalara əsasən, satış günü seçim prosesində ilk olaraq “ünvan üzrə” seçim üsulu aktiv olacaq. Vətəndaşlar əvvəlcədən tanış olduqları mənzillər arasından istədikləri ünvanda yerləşən mənzili axtararaq onun real vaxt rejimində statusunu görə biləcəklər.
Daha sonra “xəritə üzərində” və “parametrlər üzrə” axtarış üsulları aktivləşdiriləcək.
Xəritə üzərində seçim zamanı vətəndaşlar axtardıqları binada seçdikləri mərtəbəyə uyğun satışda olan mənzillərin statusunu, parametrlər üzrə axtarış zamanı isə layihədəki bütün binalar üzrə seçilməyən mənzilləri görə biləcəklər.
Agentlik bildirir ki, yeniliklərin əsas məqsədi mənzil seçimi zamanı yol verilən səhvləri azaltmaq və vətəndaşların seçim prosesini daha rahat həyata keçirməsinə şərait yaratmaqdır.
Gözləmə qaydasında seçim zamanı da vətəndaşlar əvvəlcədən mənzillərin statusu ilə tanış ola biləcəklər. Bu, seçilməyən mənzilləri öncədən görərək seçim etmək imkanını artıracaq.
Bundan başqa, “Seçimlər” mərhələsində layihənin adı, ödəniş üsulu və mənzil seçimi üsulu ayrıca səhifələrdə təqdim olunacaq.
Ən mühüm dəyişikliklərdən biri isə mənzil seçildikdən sonra ərizənin ayrıca imzalanması tələbinin aradan qaldırılmasıdır. Vətəndaş seçim zamanı “Təsdiq et” düyməsini sıxdıqdan dərhal sonra “Ərizəçi” statusu əldə edəcək.
Qeyd edək ki, növbəti mənzil seçimi 4 sentyabr 2026-cı il tarixində satışa çıxarılacaq mənzillərlə bağlı olacaq.
Vətəndaşlar seçim prosesi ilə bağlı ətraflı məlumatı MİDA-nın rəsmi internet səhifəsində “Mənzillər”, “Güzəştli mənzil” sistemində isə “Demo satış” bölməsindən əldə edə bilərlər.
Bu gün, 14:12
31