
Bakı–Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti ilə bağlı mövcud qaydalar sərnişin və sürücülər üçün müəyyən çətinliklər yaradır.
Sumqayit.tv xəbər verir ki,qaydalara əsasən, bir şəhər üzrə verilmiş buraxılış kartı ilə digər şəhərdə sərnişin götürmək mümkün deyil. Bu səbəbdən Bakıdan Sumqayıta sərnişin gətirən bəzi taksilər geri qayıdarkən boş qalır. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə xüsusilə gecə saatlarında və gediş-gəlişin intensiv olduğu vaxtlarda taksi tapmaqda çətinlik çəkə bilirlər.
Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, problemin həlli zamanı səfərin qiyməti və sürücünün geri dönüşlə bağlı xərcləri nəzərə alınmalıdır.
Digər nəqliyyat eksperti Yasin Mustafayev isə qeyd edib ki, qaydaların əsas məqsədlərindən biri Bakıda taksi sayını və tıxacları azaltmaq, insanları ictimai nəqliyyata yönləndirməkdir.
Ekspertin sözlərinə görə, ətraf rayonlardan və Sumqayıtdan qeydiyyatdan keçmiş taksilərin Bakıda fəaliyyətinə geniş icazə verilməsi şəhərdə nəqliyyat sıxlığının artmasına səbəb ola bilər.
Hazırkı qaydaların Bakı–Sumqayıt istiqamətində sərnişindaşımanın rahatlığına necə təsir edəcəyi və gələcəkdə bu sahədə hər hansı dəyişiklik ediləcəyi isə diqqət mərkəzindədir.
Bu gün, 12:49
42