
Son zamanlar Sumqayıtda küçədə gəzəndə müşahidə edirəm ki, zibil yeşikləri elə bil çox azalıb. Ən azı gözə az dəyir. Həm də əlindəki zibili atmaq istəyəndə zibil yeşiklərinin azlığı faktı qabarıq üzə çıxır.
Bir müddət əvvəl elə bil çox idi. Hətta şəhərdə daşdan da düzəldilmiş zibil yeşiklərinə rast gəlirdim. Bu problem barədə ətrafımdan da çox adam mənə müraciət edib.
Məsələn, bizim 13-cü mikrorayonun yaxınlığındakı Üzeyir Hacıbəyovun adını daşıyan parkda, 4-cü mikrorayonla 45-ci məhəllənin, 2-ci mikrorayonla 40-cı məhəllənin arasındakı xiyabanlarda zibil yeşikləri yoxdur. Başqa başa düşmədiyim yerlərdə də ya yoxdur, ya da çox azdır.
Düzdür, bir çox yerlərdə də var, hətta çoxdur. Məsələn, Heydər Əliyev Parkında.
İndi bilmirəm, hər cür möhkəm materialdan olan zibil qutularını nə edirlər?! Oğurlayırlar, sındırırlar, “yeyirlər”, yoxsa keyfiyyətsizdir deyə sıradan çıxırlar? Axır ki, çox vaxt əlində zibil gəzdirirsən, atmağa yer tapmırsan. Düzdür, insafən, bir çox xiyabanlarda, parklarda zibil yeşikləri kifayət qədərdir.
Bəzən elə olur ki, su içirsən, nəsə yeyirsən, plastik butulkanı, zibili atmağa zibil yeşiyi tapmırsan, axırda evə gəlib evdəki zibil qabına atırsan. Təbii ki, bunu cərimədən qorxub və ya qınağa görə etmirəm, sadəcə elementar olaraq vicdanım buna yol vermir ki, zibili yerə atım.
Halbuki, bir də görürsən, kimsə ağıllı adama oxşayır, yanında gedir, zibili vicdan əzabı çəkmədən rahatca yerə atır. Və ya çox vaxt müşahidə edirsən ki, siqareti çəkib, nəyisə içib dəmir qutusunu maşından çölə atırlar. Bulvarda gəzirsən, görürsən, yaşlı qadındır, rahatca tumu çırtlayıb qabığını, paketi yerə atır. Bu da insanın mədəniyyətinin göstəricisidir. Bunun üçün imkanlı və ya kasıb, məmur və ya sadə vətəndaş olmağın heç bir fərqi yoxdur.
Bu şəhərdə heç bir obyektim olmasa da, bu şəhər mənim şəhərimdir, ümumi evimizdir. Evimi niyə zibilləməliyəm ki? İnsan öz yaşadığı evdə zibili döşəməyə atmırsa, niyə şəhəri öz evindən ayrı hesab etməlidir?
Bir çox insanlar məsuliyyətsizcəsinə yediyini-içdiyini yerə atır. Əlbəttə, şükür Allaha, hamı belə deyil. Mən nə qədər adam tanıyıram ki, zibili cibində gəzdirir, ta ki zibil qutusu tapana qədər.
Amma bir var zibil qutusu ola-ola atmayasan, bir də var tapa bilmirsən.
Ən azından düşünmək lazımdır ki, sonra həmin zibili əziyyət çəkib analarımız, bacılarımız olan süpürgəçilər əlavə əziyyət çəkib yığışdırırlar. Hansılar ki, 400-500, bəlkə də daha az pul alırlar.
Normal insan niyə qarğış yiyəsi olmalıdır ki?!
Bu, həm də insana ailədə verilən tərbiyə məsələsidir. Əlbəttə, demək olar ki, bu xırda məsələdir və şəhərdə nə qədər böyük problemlər var.
Bir tərəfdən razıyam, amma hər şey xırdadan başlayır və antisanitariya, şəhərin görünüşü heç də xırda məsələ deyil.
Adicə bir turist də çaşıb Sumqayıta gələndə birinci baxdığı, gözə çarpan şeylərdən biri onun təmizliyidir.
Ara-sıra bu problem işıqlandırılır və şikayət ediləndə ora-bura zibil yeşikləri qoyulur. Amma məsələyə kompleks yanaşılmalıdır.
Mütləq deyil ki, kimsə yazsın, nəsə edilsin. Aidiyyəti qurumlar da özləri mütəmadi nəzarət etməli, tədbir görməlidirlər.
Üstəlik, qutuların sadəcə qoyulması kifayət deyil. Onlar vaxtında boşaldılmalı, zədələndikdə təmir edilməli və ya yenisi ilə əvəzlənməlidir.
Küçədə çoxu zibilini obyektlərin, supermarketlərin zibil qablarına atmağa məcbur olur.
Sumqayıt kimi böyük şəhər üçün zibil yeşiklərinin sayı azdır.
Bundan başqa, əksəriyyəti kiçiktutumlu zibil qutuları ilə bərabər, böyüktutumlu zibil qutuları da olmalıdır. Ən əsası da, bütün sivil ölkələrdə olduğu kimi, zibil yeşikləri çeşidli tullantılar üçün nəzərdə tutulmalıdır.
Şəhər də təkcə muzeyləri, tarixi abidələri və göydələnləri ilə tanınmır.
Mədəniyyət bəzən ən kiçik görünən detallarda özünü büruzə verir. Bu detalların ən sadələrindən biri isə zibil yeşiyidir.
Yaponiya küçələrinin təmizliyi ilə dünyada nümunə göstərilən ölkələrdən biridir. Maraqlıdır ki, burada küçələrdə zibil qutuları çox azdır. İnsanlar tullantılarını özləri ilə evə aparmağa üstünlük verirlər.
Yapon məktəblərində şagirdlər hər gün sinif otaqlarını, dəhlizləri və hətta tualetləri özləri təmizləyirlər. Bu ənənə uşaqlara kiçik yaşlarından məsuliyyət, ictimai əmlaka hörmət və ətraf mühitə qayğı hissi aşılayır.
Yeri gəlmişkən, Azərbaycanda küçəyə, parka və digər ictimai yerlərə məişət tullantıları atmağa görə fiziki şəxslər üçün 100 manatdan başlayan inzibati cərimə nəzərdə tutulur.
Sinqapurda, məsələn, ilk pozuntuya görə təxminən 300–2 000 Sinqapur dolları, təkrar hallarda isə 4 000–10 000 Sinqapur dollarına qədər cərimə və ictimai təmizlik tətbiq oluna bilər.
Amma bu ölkələrin təcrübəsi göstərir ki, zibil problemini yalnız cərimələrlə həll etmək mümkün deyil. Maarifləndirmə, rahat infrastruktur və insanları həvəsləndirən depozit sistemi birlikdə tətbiq olunduqda nəticə daha uğurlu olur.
Müəllif: İmran Kərimli