
Sumqayıt şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin şəhərin MKS ərazilərində, məhəllə, mikrorayon və qəsəbələrdə ağsaqqallarla keçirdikləri silsilə görüşlər davam edir.
Sumqayit.tv xəbər verir ki, artıq 1, 2, 4, 5, 8, 9 və 10 saylı MKS-lərin ərazilərində, eləcə də Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağsaqqallarla silsilə görüşlər keçirilib. Növbəti belə görüş 11 avqust 2026-cı il tarixində 11 saylı MKS-in əhatə etdiyi 17-ci mikrorayonda, 16 saylı binanın qarşısında yerləşən Xeyir-Şər evində keçirilib.
Görüşdə Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov əvvəlcə məhəllə ağsaqqallarını salamlayıb və görüş iştirakçılarına xoş arzularını çatdırıb.
Sədr çıxışında ərazi Ağsaqqallar Şuralarının fəaliyyətinin düzgün təşkili və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, Ağsaqqallar Şurasının fəaliyyətinin başlıca istiqamətlərindən biri dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əhali arasında geniş təbliğ olunmasıdır.
Eldar İsmayılov, həmçinin Prezident İlham Əliyevin Sumqayıt şəhərinə göstərdiyi diqqət və qayğı nəticəsində son 10–11 il ərzində şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin əhali arasında daha geniş təbliğ edilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə görülən işlərin və şəhərin sosial-iqtisadi inkişafına yönəlmiş layihələrin də diqqətə çatdırılmasının əhəmiyyətini qeyd edib.
Daha sonra Şura sədri qeyd edib ki, gənclər arasında milli-mənəvi dəyərlərin qorunması və yaşadılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də gənclərin zərərli və pis vərdişlərə qurşanmasının qarşısının alınması Ağsaqqallar Şurasının fəaliyyətində mühüm yer tutmalıdır.
Eldar İsmayılov vurğulayıb ki, bu istiqamətdə ağsaqqalların zəngin həyat təcrübəsindən, nüfuzundan və tərbiyəvi imkanlarından səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır.
Görüşün sonunda məhəllə ağsaqqalları çıxış edərək onları narahat edən məsələləri, məhəllədaxili problemləri, irad və təkliflərini diqqətə çatdırıblar. Səsləndirilən fikirlər dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq addımların atılmasının vacibliyi qeyd olunub.






Bu gün, 14:05
76