
Sağlam Düşüncə Gənclər Təşkilatının könüllüləri Kaan Arslantürk və Sophia Pınar Saneiy-in təşəbbüsü və təlimçiliyi ilə keçirilən 4 günlük "Sənət Vörkşop"u yekunlaşdı. İyulun 27–30-da baş tutan intensiv təlimlərin ardından, 15-20 yaş arası gənc iştirakçıların ərsəyə gətirdiyi fəlsəfi və rəqəmsal layihələr 5–7 Avqust tarixlərində Sumqayıt Gənclər Evində sərgi şəklində ictimaiyyətə təqdim olundu.
Sumqayit.tv xəbər verir ki, klassik incəsənət çərçivələrini aşan bu layihə gənclərə fərqli mədəniyyətlərdə sənətin formalaşmasını araşdırmaqla yanaşı, onları müasir rəqəmsal alətlərlə silahlandırdı. Vörkşop müddətində iştirakçılar ekspressionizm və miniatür sənətinin incəliklərini öyrənərək, ənənəvi əsərləri rəqəmsal formata köçürdülər; eyni zamanda animasiya, video istehsalı, Süni İntellekt alətləri və Artırılmış Reallıq texnologiyalarından istifadə edərək innovativ vizual məzmunlar hazırladılar.
Təlimçi Kaan Arslantürk və Sophia Pınar Saneiy layihə haqqında:
“Məqsədimiz gənclərə rəqəmsal alətlərin texniki tərəfini öyrətməklə yanaşı, onların öz yaradıcı ideyalarını sərbəst şəkildə ifadə edə biləcəkləri açıq bir platforma yaratmaq idi. 4 gün kimi qısa bir müddətdə ənənəvi miniatürdən AR texnologiyalarına qədər uzanan bu keçid gənclərin innovasiyaya nə qədər açıq olduğunu göstərdi”.
Sumqayıt Gənclər Evində baş tutan 3 günlük sərgidə ziyarətçilər gənclərin hazırladığı rəqəmsal və ənənəvi əsərləri, animasiya çarxlarını və AR texnologiyası ilə canlılıq qazanan yaradıcı işləri izləmək imkanı qazandılar. Girişi sərbəst olan sərgi Sumqayıt gənclərinin böyük marağına sabəb oldu.


Bu gün, 18:48
13