
Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli ixtisas seçimi mərhələsi ilə bağlı abituriyentlərə müraciət edib.
Sumqayit.tv xəbər verir ki, rektor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Nurəli Yusifbəyli bildirib ki, universitet seçimi yalnız ixtisas seçimi deyil, həm də gənclərin gələcəyinə, vaxtına, maliyyəsinə, sağlamlığına və həyat keyfiyyətinə təsir edən mühüm qərardır.
Rektor xüsusilə Sumqayıtda yaşayan gənclərin digər şəhərlərə hər gün uzunmüddətli gediş-gəlişinin əlavə vaxt və maliyyə itkisinə, eləcə də fiziki və psixoloji yorğunluğa səbəb olduğunu vurğulayıb.
O qeyd edib ki, daha az nəqliyyat istifadəsi ekoloji tarazlığın qorunmasına və Azərbaycanın “Yaşıl dünya” və davamlı inkişaf hədəflərinə də töhfə verir.
Nurəli Yusifbəyli sumqayıtlı abituriyentləri doğma şəhərdə müasir təhsil mühiti, güclü professor-müəllim heyəti, sənaye ilə inteqrasiya olunmuş təhsil imkanları və zəngin tələbə həyatı təqdim edən Sumqayıt Dövlət Universitetini seçməyə dəvət edib.
“İnanıram ki, düzgün verilmiş qərar gələcək uğurlarınızın möhkəm təməlini qoyacaq”, – deyə rektor qeyd edib.

Bu gün, 11:04
6