
Bağ evi satacağı vədi ilə vətəndaşdan 21 min manatdan çox pul almaqda təqsirləndirilən şəxslə bağlı apellyasiya məhkəməsinin qərarı açıqlanıb.
Sumqayit.tv xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluğa cəhddə təqsirləndirilən Samir Ələkbərzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Məhkəmə apellyasiya şikayətini təmin etməyib və əvvəlki hökm qüvvədə saxlanılıb.
İttihama görə, təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən, özünə məxsus olmayan bağ evini 80 min manata satacağını vəd edərək zərərçəkmişin etibarını qazanıb. O, ilkin ödəniş və sonrakı hissə-hissə ödənişlər adı ilə 2023-cü ilin avqust ayından 2024-cü ilin aprel ayınadək zərərçəkmişdən ümumilikdə 21 860 manat alıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Samir Ələkbərzadənin bağ evini satmaq niyyəti olmayıb və əldə etdiyi vəsaiti dələduzluq yolu ilə ələ keçirməyə çalışıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası da bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Mənbə: Pravda.az
Bu gün, 17:02
9