
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Sumqayit.tv President.az-a istinadən xəbər verir ki, söhbət zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə keçirilmiş görüşün və Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin ilkin paraflanmasının ildönümü ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər sülh prosesində ABŞ Prezidenti Donald Trampın və ABŞ hökumətinin mühüm rolunu xüsusi vurğulayıblar.
Telefon danışığında Azərbaycanla Ermənistan arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, eləcə də tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və digər istiqamətlərə daşınması məsələləri müzakirə olunub.
Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər regionda davamlı sülh, sabitlik, bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildiriblər.
Bu gün, 12:55
7