
Sumqayıtın Xəzər bağları yaşayış massivində sakinlər su probleminə görə etiraz ediblər.
Sumqayit.tv-yə daxil olan görüntülərdə sakinlərin gecə saatlarında küçəyə çıxaraq uzunmüddətli su kəsintilərindən narazılıqlarını bildirdikləri görünür.
Sakinlərin iddiasına görə, problem yay ayları başlayandan müşahidə olunur. Onların sözlərinə görə, xüsusilə son 3 həftə ərzində vəziyyət daha da ağırlaşıb və bəzi günlərdə yaşayış ərazisinə su cəmi təxminən 1 saat verilib.
Vətəndaşlar bildirirlər ki, uzunmüddətli kəsintilər səbəbindən evlərdə əvvəlcədən topladıqları ehtiyat su da tükənib. Xüsusilə isti hava şəraitində bu vəziyyətin sakinlər üçün ciddi çətinlik yaratdığı qeyd olunur.
Sakinlərin sözlərinə görə, 10 Avqust gecəsi yaranmış narazılıqdan sonra suyun verilişində dəyişiklik müşahidə olunub. Onlar bildirirlər ki, suyun təzyiqi artırıldıqdan sonra yaşayış massivində su təminatı bərpa edilib.
Məhz bundan sonra sakinləri bir sual düşündürməyə başlayıb: Əgər suyun təzyiqinin artırılması ilə suyun verilişi bərpa olunubsa, əvvəlki günlərdə problem nədən yaranırdı?
Bəzi sakinlər bu vəziyyətin suyun verilişinin məhz təzyiq məsələsi ilə bağlı olduğu qənaətini yarada biləcəyini düşünürlər. Bununla yanaşı, suyun bilərəkdən kəsilməsi ilə bağlı sakinlərin səsləndirdiyi ehtimalın təsdiqlənmiş fakt olmadığını da qeyd edirik.
Görüntülərdə sakinlərin qarşısına gələn Sumqayıt SuKanal İdarəsinin əməkdaşlarının da olduğu görünür.
Sumqayit.tv məsələ ilə bağlı Sumqayıt SuKanal İdarəsi ilə əlaqə saxlayıb. Qurumun rəhbərliyi redaksiyamıza məsələdən məlumatlı olduqlarını və bununla bağlı geri dönüş ediləcəyini bildirib.
Sakinlər su kəsintilərinin səbəbinə aydınlıq gətirilməsini, su təminatının davamlı şəkildə bərpa olunmasını və gələcəkdə belə problemlərin təkrarlanmamasını istəyirlər.
Qeyd: Xəbərdə səsləndirilən fikirlər sakinlərin iddiaları və müşahidələri əsasında hazırlanıb. Su kəsintilərinin səbəbi ilə bağlı rəsmi açıqlama daxil olduğu təqdirdə Sumqayit.tv həmin mövqeni dərc edəcək.
Bu gün, 17:46
8