
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupu üzrə illik təhsil haqlarında dəyişikliklər edilib.
Sumqayit.tv xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalında dərc olunan 2025 və 2026-cı illər üzrə qəbul planlarının müqayisəsi bir sıra universitetlərdə təhsil haqlarının artırıldığını göstərir.
Sumqayıt Dövlət Universitetində (SDU) II qrup üzrə əsas ixtisasların əksəriyyətində illik təhsil haqqı 2000 manatdan 2100 manata yüksəlib.
Belə ki, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment və mühasibat ixtisasları üzrə illik ödəniş 2100 manat müəyyənləşdirilib.
Turizm işinin təşkili ixtisasında isə təhsil haqqı 1800 manatdan 1900 manata qaldırılıb.
Digər universitetlərdə də artımlar qeydə alınıb. Azərbaycan Texniki Universitetində beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, maliyyə və digər bir sıra ixtisaslar üzrə ödənişlər 2300 manatadək yüksəlib.
Bakı Mühəndislik Universitetində isə bəzi ixtisaslar üzrə artım daha yüksək olub. Burada biznesin idarə edilməsi, marketinq və turizm işinin təşkili üzrə illik təhsil haqqı 3000 manat təşkil edir.
Lənkəran Dövlət Universitetində də II qrup üzrə bir sıra əsas ixtisasların təhsil haqları artırılıb. Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment və mühasibatlıq üzrə ödənişlər 2000 manata çatdırılıb.
Azərbaycan Kooperasiya Universitetində beynəlxalq ticarət və logistika üzrə təhsil haqqı 2400 manat, biznesin idarə edilməsi üzrə 2800 manat, mühasibat üzrə isə 2500 manat müəyyənləşdirilib.
“Azərbaycan” Universitetində də bir sıra ixtisaslarda artım müşahidə olunur. Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq və menecment üzrə illik ödəniş 2500 manat, turizm işinin təşkili üzrə isə 3000 manatdır.
Bakı Avrasiya Universitetində biznesin idarə edilməsi üzrə təhsil haqqı 2800 manat, iqtisadiyyat və maliyyə üzrə 2400 manat, marketinq üzrə isə 2500 manat müəyyənləşdirilib.
Odlar Yurdu Universitetində II qrup üzrə əsas proqramlarda təhsil haqları Azərbaycan bölməsində əsasən 2700 manat, ingilisdilli proqramlarda isə 3000 manat təşkil edir.
Bununla yanaşı, bir sıra universitetlərdə ötən illə müqayisədə təhsil haqları dəyişməyib.
Bakı Dövlət Universitetində II qrup üzrə coğrafiya müəllimliyi 2200 manat, sosiologiya 2400 manat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, menecment və statistika üzrə illik ödəniş 3200 manatdır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və menecment üzrə təhsil haqqı 2500 manat olaraq saxlanılıb.
UNEC-də isə II qrup üzrə əsas ixtisasların illik ödənişləri 2000–2600 manat arasında dəyişir. Marketinq, iqtisadiyyat və menecment üzrə təhsil haqqı 2300 manat, maliyyə üzrə 2600 manat, biznesin idarə edilməsi və mühasibat üzrə isə 2500 manatdır.
Region universitetlərində isə təhsil haqları daha aşağıdır. Azərbaycan Texnologiya Universitetində əsas II qrup ixtisasları üzrə ödənişlər 1500 manat, Mingəçevir Dövlət Universitetində 1600 manat, Naxçıvan Dövlət Universitetində əsasən 1600–1800 manat, Azərbaycan Dövlət Aqrar Universitetində isə əsas ixtisaslar üzrə 1800 manat təşkil edir.
Ən yüksək təhsil haqlarından biri ADA Universitetində qeydə alınıb. Burada II qrup üzrə biznesin idarə edilməsi və iqtisadiyyat ixtisaslarının illik təhsil haqqı 6500 manat, maliyyə ixtisasının illik ödənişi isə 8000 manatdır.
Beləliklə, 2026/2027-ci tədris ili üçün II ixtisas qrupu üzrə təhsil haqlarında artım xüsusilə Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti və Odlar Yurdu Universitetində nəzərə çarpır.
Qeyd edək ki, ali məktəblərə 2026/2027-ci tədris ili üzrə ixtisas seçimi avqustun 12-dən 19-dək həyata keçirilir.//Modern.az
Bu gün, 12:34
11