
Sumqayıt şəhəri və Saray qəsəbəsində sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə iki şəhərətrafı avtobus marşrutu müsabiqəyə çıxarılıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 522A və 522B nömrəli şəhərətrafı, eləcə də Sumqayıt–Quba şəhərlərarası avtobus marşrutları müsabiqəyə təqdim olunub.
Müsabiqəyə çıxarılan marşrutlar aşağıdakılardır:
522A – Sülh prospekti – Saray qəsəbəsi, Heydər Əliyev küçəsi;
522B – Sülh prospekti – Saray qəsəbəsi, 28 May küçəsi;
Sumqayıt–Quba şəhərlərarası marşrutu.
Qeyd olunub ki, müsabiqədə iştirak edən iddiaçılar əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim etməlidirlər.
AYNA-nın məlumatına əsasən, iddiaçıların təkliflərinə Sumqayıt–Quba istiqaməti üzrə sentyabrın 25-də, 522A və 522B şəhərətrafı marşrutları üzrə isə oktyabrın 9-da baxılacaq.
Müsabiqənin nəticələrindən sonra marşrutlar üzrə sərnişindaşıma xidmətinin təşkili və istifadə olunacaq nəqliyyat vasitələri ilə bağlı dəyişikliklərin baş verməsi gözlənilir.
Bu gün, 18:02
6