
Uzun müddət qüsursuz çalışdığı bildirilən əməkdaşların işdən çıxarılmasının hüquqi əsasları ilə bağlı narazılıq yaranıb.
Sumqayit.tv xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən tibb müəssisələrində aparıldığı bildirilən yoxlamadan sonra 13 əməkdaşın işdən çıxarılması ilə bağlı məlumat daxil olub.
Mənbənin məlumatına görə, TƏBİB tərəfindən 2026-cı ilin iyul ayında aparılmış yoxlamanın nəticələri əsasında tərtib olunan aktdan sonra Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi tərəfindən 13 əməkdaş barəsində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Sumqayıt şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasına münasibət bildirilməsi üçün müraciət ünvanlanıb.
Mənbə bildirir ki, 5 avqust 2026-cı il tarixində tərtib olunan aktda ciddi intizam tənbehi tətbiq edilməsi nəzərdə tutulsa da, sonradan əməkdaşların Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə qərar verilib.
Məlumata görə, uzun müddət qüsursuz çalışdığı bildirilən əməkdaşların işdən çıxarılmasının hüquqi əsasları ilə bağlı narazılıq yaranıb.
Mənbə bildirir ki, məsələ Sumqayıt şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasında da müzakirəyə çıxarılıb. Lakin iddiaya görə, müzakirədən sonra qəbul edilmiş qərarda dəyişiklik edilməyib.
Mənbənin iddiasına görə, əməkdaşların işdən çıxarılması ilə bağlı qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir.
Qeyd edək ki, məsələ ilə bağlı redaksiyaya yazılı müraciət təqdim olunub. Mənbə işdən azad edildiyi bildirilən əməkdaşların adlarını redaksiyaya təqdim etsə də, hazırda müvafiq əmrlər redaksiyaya təqdim edilmədiyindən həmin şəxslərin kimliyi ictimaiyyətə açıqlanmır.
Mənbə: AzFakt.com
Bu gün, 21:37
192