
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə valideynlər məktəb ləvazimatları, dərsliklər, məktəb forması və övladlarının təhsili ilə bağlı hazırlıqlarını davam etdirirlər. Sosial şəbəkələrdə isə başqa bir mənzərə diqqət çəkir.Bir sıra müəllimlərin WhatsApp statuslarında və sosial şəbəkə hesablarında artıq repetitorluq fəaliyyətləri ilə bağlı elanların paylaşılması müşahidə olunur.
“Qeydiyyat başladı”, “fərdi və qrup hazırlığı”, “yerlər məhduddur”, “yüksək nəticə”, “imtahan hazırlığı” və digər bu tip elanlar tədris ilinin başlamasına az qalmış şagird və valideynlərin qarşısına çıxır.
Burada əsas sual repetitorluğun olub-olmaması deyil.
Əsas məsələ budur: dövlət məktəbində çalışan müəllimin əsas pedaqoji fəaliyyəti ilə məktəbdənkənar ödənişli hazırlıq fəaliyyəti arasında balans necə qorunmalıdır?
Müəllim dövlət məktəbində şagirdə bilik vermək üçün maaş alır. Onun əsas vəzifəsi dərs zamanı tədris proqramını keyfiyyətli şəkildə həyata keçirmək, şagirdin mövzunu mənimsəməsinə kömək etmək və təhsil prosesində üzərinə düşən məsuliyyəti yerinə yetirməkdir.
Lakin bəzən valideynlərdə belə bir sual yaranır:Əgər şagird məktəbdə dərsi tam mənimsəyə bilmirsə və eyni müəllimdən əlavə ödəniş qarşılığında hazırlığa getməyə ehtiyac duyursa, burada təhsilin keyfiyyəti ilə bağlı problem yaranmırmı?
Əlbəttə, bütün müəllimləri eyni kateqoriyaya aid etmək düzgün olmaz.
Öz ixtisasını sevən, məktəbdə də şagirdinə keyfiyyətli dərs keçən, əlavə vaxtında isə peşəkar xidmət göstərən müəllimlər də var. Repetitorluq fəaliyyəti də bir çox hallarda müəllimin əlavə əməyinin nəticəsi ola bilər.
Amma məsələ başqa məqamda problemə çevrilir.
Əgər müəllim məktəbdə verdiyi tədrisi bilərəkdən məhdudlaşdırır, şagirdi əlavə hazırlığa yönəldir və ya valideyndə “uşağınız nəticə əldə etmək istəyirsə, mütləq hazırlığa gəlməlidir” düşüncəsi yaradırsa, artıq burada ciddi etik və pedaqoji suallar meydana çıxır.
Daha bir məsələ isə şəffaflıqdır.Ödənişli repetitorluq fəaliyyəti həyata keçirən şəxslərin qanunvericiliyin tələblərinə uyğun şəkildə vergi öhdəliklərini yerinə yetirib-yetirməməsi də ayrıca araşdırılmalı məsələdir.
Çünki söhbət təkcə müəllimin əlavə qazancından getmir. Söhbət dövlət məktəbində çalışan şəxsin həm əmək, həm də maliyyə məsuliyyətindən gedir.
Bu gün sosial şəbəkələrdə repetitorluq elanlarının çoxalması bir başqa tendensiyanı da ortaya çıxarır.
Məktəb hələ açılmayıb, amma bəzi müəllimlərin əsas gündəmi artıq məktəbdə tədris deyil, ödənişli hazırlıq qruplarının formalaşdırılmasıdır.
Bu isə təhsilin mahiyyəti ilə bağlı daha böyük sual yaradır:Məktəb şagirdə bilik verməli olan əsas məkan olaraq qalır, yoxsa məktəb sadəcə repetitorluğa hazırlıq mərhələsinə çevrilir?
Əgər valideyn məktəbdə tədrisin keyfiyyətinə tam əmin deyilsə və övladının uğur qazanması üçün əlavə olaraq hər ay müəyyən məbləğ ödəməyə məcbur qalırsa, burada artıq yalnız müəllim deyil, bütövlükdə təhsil sisteminin səmərəliliyi barədə düşünmək lazımdır.
Çünki təhsil imkanlı ailənin övladına daha çox, maddi imkanı məhdud ailənin övladına isə daha az imkan verən sistemə çevrilməməlidir.
Müəllimin əlavə fəaliyyət göstərməsi mümkündür. Amma dövlət məktəbində müəllimin əsas vəzifəsi heç vaxt ikinci plana keçməməlidir.
Təhsildə ən vacib prinsip isə sadədir:Şagird məktəbdə almalı olduğu biliyi məktəbdə ala bilməlidir.
Repetitorluq əlavə imkan ola bilər, amma məktəbdə keyfiyyətli təhsilin alternativinə çevrilməməlidir.
Yeni tədris ili başlayarkən bu məsələ üzərində yalnız valideynlər deyil, müəllimlər, məktəb rəhbərlikləri və aidiyyəti qurumlar da düşünməlidir.
Çünki söhbət sadəcə bir müəllimin əlavə qazancından yox, bir uşağın gələcəyindən və təhsilə olan inamından gedir.
Müəllif: Araz Səda Sumqayit.tv üçün