
Sumqayıt şəhərində 12A nömrəli marşrut avtobusunun fəaliyyəti ilə bağlı sakinlər tərəfindən narazılıq bildirilib.
Sumqayit.tv-yə müraciət edən sakinlərin iddiasına görə, marşrut üzrə avtobuslar dayanacaqlara gec-gec gəlir və intervalın uzun olması sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsinə səbəb olur.
Sakinlər həmçinin avtobusların hərəkət sürətinin aşağı olduğunu bildirirlər. Onların sözlərinə görə, avtobusun gec gəlməsi ilə yanaşı, marşrut üzrə hərəkət zamanı da vaxt itkisi yaşanır.
“Avtobus çox gec-gec işləyir. Dayanacaqlarda uzun müddət gözləyirik. Xahiş edirik, bu məsələ işıqlandırılsın və aidiyyəti qurumlar tərəfindən araşdırılsın”, – sakinlər bildiriblər.
Sakinlər 12A nömrəli marşrut üzrə avtobusların hərəkət intervalının və xidmət keyfiyyətinin nəzarətə götürülməsini xahiş edirlər.
Qeyd: Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 18:29
4