
Bakıda kütləvi dava zamanı qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rəcəb Ağamalıyevlə bağlı kassasiya protestinə baxılıb.
Sumqayit.tv Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda dövlət ittihamçısının Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya protesti təmin edilməyib.
Məlumata görə, Rəcəb Ağamalıyev daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasının şərti tətbiq edilməsinə qərar verib və o, azadlığa buraxılıb.
Məhkəmə bu qərarı verərkən Rəcəb Ağamalıyevin himayəsində, ikisi yetkinlik yaşına çatmayan olmaqla, üç uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və qarşı tərəfin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb.
İş materiallarına əsasən, hadisə zamanı Rəcəb Ağamalıyev özü də ağır xəsarətlər alıb.
Dövlət ittihamçısı apellyasiya qərarının ləğv edilərək işin yenidən apellyasiya instansiyasında araşdırılmasını istəyib. Lakin Ali Məhkəmə kassasiya protestini təmin etməyib.
Qeyd olunur ki, hadisə zamanı Rəcəbi, qardaşını və atasını döyən şəxslər barəsində də ayrıca cinayət işi açılıb. Həmin şəxslərə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzaları verilib.
Bu gün, 11:39
6