
Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı son açıqlamasından sonra Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, İrəvan təşkilata üzvlüyə ehtiyac duymadığını düşünürsə, KTMT-dən çıxmaqda sərbəstdir.
Sumqayit.tv məsələ ilə bağlı politoloq Elman Telmanoğlunun fikirlərini öyrənib.

Politoloq bildirib ki, Peskovun açıqlamasında əsas fərq ondan ibarətdir ki, Moskva bu dəfə Ermənistanın KTMT-dən mümkün çıxışının qarşısını almağa yönəlmiş sərt siyasi ritorikadan istifadə etmir.
"Əksinə, qərarın Ermənistanın öz seçimi olduğunu vurğulayır. Bu, əvvəlki dövrlərdə müşahidə olunan 'Ermənistanın KTMT-dən uzaqlaşması Moskvanı narahat edir' mesajlarından daha soyuqqanlı və praqmatik yanaşmadır", – Elman Telmanoğlu bildirib.
Politoloqun sözlərinə görə, Peskovun açıqlamasında mühüm psixoloji dəyişiklik də görünür.
"Kreml artıq İrəvanı təşkilatda saxlamaq üçün açıq təzyiq göstərmək əvəzinə, 'seçim sizindir, nəticələri də sizin məsuliyyətinizdədir' mesajı verir", – deyə ekspert qeyd edib.
Elman Telmanoğlu hesab edir ki, bu yanaşma Ermənistanın Qərbə inteqrasiya xəttinin qarşısını almaq üçün birbaşa siyasi qarşıdurmaya getməmək və İrəvanın atacağı addımların mümkün nəticələrini ön plana çıxarmaq taktikasına bənzəyir.
Politoloq bununla belə, Peskovun açıqlamasını Rusiyanın Ermənistan məsələsinə biganə qalması kimi qiymətləndirməyin doğru olmadığını vurğulayıb.
"Rusiya artıq Ermənistanın təşkilatdakı fəaliyyətini faktiki dondurduğunu görür və qarşısında duran reallığa uyğun olaraq daha praqmatik mövqe nümayiş etdirir", – deyə o bildirib.
Elman Telmanoğlunun fikrincə, Peskovun açıqlamasını Rusiyanın Ermənistanın KTMT-dən mümkün çıxışına münasibətində taktiki dəyişiklik kimi qiymətləndirmək mümkündür.
"Lakin bu, Moskvanın Ermənistanın KTMT-dən çıxmasını istəməsi və ya belə bir addımı alqışlaması demək deyil. Əksinə, Rusiya artıq Ermənistanın təşkilatdakı fəaliyyətini faktiki dondurduğunu görür və qarşısında duran reallığa uyğun olaraq daha praqmatik mövqe nümayiş etdirir", – politoloq bildirib.
Ekspert hesab edir ki, Moskva məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoymağa çalışır.
"Yəni Kreml demək istəyir ki, Ermənistan KTMT-dən çıxarsa, bu, Rusiyanın onu təşkilatdan uzaqlaşdırması deyil, İrəvanın özünün geosiyasi seçimidir", – Elman Telmanoğlu deyib.
Politoloqun sözlərinə görə, bu yanaşma xüsusilə Paşinyan hökumətinin Avropa İttifaqına üzvlük istiqamətində addımlar atmaq niyyəti fonunda əhəmiyyətlidir.
"Peskovun açıqlaması Rusiyanın Ermənistan məsələsində 'saxlamaq üçün təzyiq göstərmək' siyasətindən 'seçimin nəticələrini göstərmək' siyasətinə keçidi kimi qiymətləndirilə bilər", – ekspert vurğulayıb.
Elman Telmanoğlu hesab edir ki, Moskva artıq Ermənistanın KTMT-də əvvəlki formatda qalmasının real siyasi perspektiv olmadığını anlayır.
"Buna görə əsas məqsəd İrəvanı zorla təşkilatda saxlamaqdan çox, onun Qərbə inteqrasiya qərarının Rusiya ilə iqtisadi, təhlükəsizlik və siyasi münasibətlərə yaradacağı nəticələri qabartmaqdır. Bu isə Rusiya–Ermənistan münasibətlərində yeni, daha soyuq və daha praqmatik mərhələnin formalaşdığını göstərir", – politoloq əlavə edib.
Bu gün, 19:36
8