
Sumqayıtda 5 nömrəli marşrut avtobusunda baş verdiyi bildirilən hadisə ilə bağlı Sumqayit.tv-y
Müraciətdə qeyd olunur ki, hadisə 22 avqust saat 21 radələrində 5 nömrəli marşrut avtobusunda baş verib.
Sərnişinin iddiasına görə, avtobusda yüksək səslə musiqi səsləndirilib. O, musiqinin səsinin azaldılmasını xahiş etdikdən sonra sürücü ilə aralarında mübahisə yaranıb.
Sərnişinin sözlərinə görə, sürücü daha sonra 102 xidmətinə zəng edib və polis gələnədək avtobusun qapılarını bağlayaraq sərnişinlərin düşməsinə imkan verməyəcəyini bildirib.
Şikayətçinin verdiyi məlumata əsasən, 102 xidmətinə zəng edilsə də, polis hadisə yerinə gəlməyib. Sərnişin iddia edir ki, avtobusun qapıları təxminən 15 dəqiqə bağlı saxlanıldıqdan sonra açılıb.
Sərnişinin redaksiyamıza təqdim etdiyi görüntülərdə avtobusun qapılarının bağlı olduğu və sürücünün 102 xidmətinə zəng etdiyi görünür.
Müraciətdə diqqət çəkən digər məqam isə avtobusda azyaşlı şəxsin sərnişinlərə xidmət göstərən şəxs kimi fəaliyyət göstərdiyi barədə iddiadır.
Hazırda görüntüdəki uşağın hansı statusda olduğu, avtobusda hansı məqsədlə fəaliyyət göstərdiyi və onunla hər hansı əmək münasibətinin olub-olmadığı məlum deyil. Bu məsələnin aidiyyəti qurum tərəfindən araşdırılması zəruridir.
Qeyd edək ki, sərnişindaşıma qaydalarına əsasən, sərnişinlərin avtobusa minib-düşməsi nəqliyyat vasitəsi tam dayandıqdan sonra həyata keçirilməli, avtobus isə yalnız qapılar bağlandıqdan sonra hərəkətə başlamalıdır.
Eyni zamanda, azyaşlı şəxslərin əmək fəaliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Konkret olaraq görüntüdəki şəxsin əmək fəaliyyəti ilə məşğul olub-olmadığı isə yalnız araşdırma nəticəsində müəyyən edilə bilər.
Sumqayit.tv olaraq məsələ ilə bağlı marşrutun daşıyıcısının və aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.
Qeyd: Material sərnişinin müraciəti və onun redaksiyaya təqdim etdiyi görüntülər əsasında hazırlanıb. Hadisənin digər tərəfinin mövqeyi material hazırlanarkən hazırlanma.
Məsələ ilə bağlı Sumqayit.tv-nin sorğusuna Sumqayıt Nəqliyyat Departamentindən cavab verilib.
Departamentdən bildirilib ki, Sumqayıt şəhərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi və sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və sürücülərlə maarifləndirici söhbətlər keçirilir.
Sözügedən məsələ ilə bağlı sürücüyə xəbərdarlıq edildiyi, bu kimi halların təkrarlanmaması ilə bağlı ona müvafiq izahat verildiyi bildirilib.
Beləliklə, redaksiyamızın sorğusuna verilən cavabdan məlum olur ki, hadisə ilə bağlı sürücü ilə profilaktik söhbət aparılıb və gələcəkdə analoji halların təkrarlanmaması barədə xəbərdarlıq edilib.
Departamentin cavabında sərnişinin iddia etdiyi 15 dəqiqəlik qapıların bağlı saxlanılması, 102 xidmətinə zəng edilməsi və polis əməkdaşlarının hadisə yerinə gəlib-gəlməməsi ilə bağlı konkret məlumat verilməyib.
Qeyd: Material sərnişinin müraciəti və onun redaksiyamıza təqdim etdiyi görüntülər əsasında hazırlanıb. Hadisənin digər tərəfinin mövqeyi ilə bağlı aidiyyəti quruma sorğu göndərilib və daxil olan cavab materiala əlavə edilib. Qarşı tərəfin əlavə açıqlamasını da dərc etməyə hazırıq.
Bu gün, 16:05
10