
Azərbaycan və Rusiya arasındakı münasibətlər son dövrlərdə daha da gərginləşib. Xüsusilə, avqustun 8-də ABŞ-nin Ağ Evində keçən görüşdə Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Sülh Bəyannaməsinin imzalanması və bununla yanaşı, ABŞ administrasiyasının təşəbbüsü ilə Zəngəzur dəhlizi çərçivəsində Ermənistan ərazisindən keçməli olan və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən “Tramp yolu”nun yaradılması Kremlin dairələrində ciddi narahatlıqlara səbəb oldu. Buna görə də Moskva bəzi rusiyalı siyasətçilər və media orqanları vasitəsilə Azərbaycana qarşı təhdid dolu mesajlar yaymaqdadır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsinin yekunlaşmasından sonra Moskvanın Azərbaycana yönələcəyi ilə bağlı səslənən fikirlər, regiondakı gərginliyi daha da artırır.
Bu mürəkkəb kontekstdə Patrulaz.az-a öz fikirlərini bölüşən politoloq
Elçin Abdullayev bildirir ki, hazırda Rusiya Ukrayna müharibəsində resurs baxımından zəiflədiyi üçün Azərbaycana qarşı hərbi təzyiqlər tətbiq etmək gücündə deyil.

Onun sözlərinə görə, Moskva diplomatik və siyasi yollardan istifadə edərək, regionda öz təsirini qorumağa çalışacaq, lakin açıq qarşıdurma ehtimalı azdır:
“Rusiya və Azərbaycan arasında olan münasibətlərin mövcud vəziyyətinə nəzər saldıqda, iki ölkə arasında əməkdaşlıq və ziddiyyətlərin paralel olaraq cərəyan etdiyini görə bilərik. Bildiyimiz kimi, hər iki ölkə arasında iqtisadiyyat, xüsusən də enerji və ticarət əlaqləri sahəsində kifayət qədər əməkdaşlıq mövcuddur. Ancaq siyasi müstəvidə gərginliklər hökm sürür. Xüsusən də, ötən ilin dekabr ayında Rusiya tərəfindən Azərbaycanın AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması iki ölkə arasındakı münasibətlərin gərginləşməsinin başlanğıcı oldu. Təbii olaraq, son zamanlarda da Azərbaycanın Qərb, Türkiyə və Ukrayna ilə də əməkdaşlıqları Moskvanı qıcıqlandırır. Bu baxımdan, hazırki məqamda Azərbaycanla Rusiya arasında həm gərginlik, həm də əməkdaşlıq paralel şəkildə davam edir. Düşünürəm ki, Bakı-Moskva münasibətləri bir qədər də gərginləşə bilər. Lakin bunun açıq qarşıdurmaya keçəcəyinə ehtimal vermirəm. Ona görə ki, Rusiya Ukrayna ilə müharibədə hərbi, siyasi və iqtisadi cəhətdən çox şey itirib”.
Politoloq Rusiya-Ukrayna müharibəsi ilə bağlı avqustun 15-də ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşə münasibət bildirərək, Rusiya liderinin müharibədə qalib gəlmək ehtimalının demək olar ki, olmadığını vurğuladı.
E.Abdullayev, həmçinin Qərbin Rusiyanı həm iqtisadi, həm də hərbi baxımdan zəiflətmək istədiyini və bu məqsədlə Rusiyaya dəstək verməyəcəyini də xüsusi olaraq qeyd etdi:
“Moskvanın Kiyevlə müharibəni sonra çatdırması məsləsinə gəldikdə, fikrimcə Rusiya Ukrayna ilə müharibəni tam qələbə ilə başa çatdıra bilməyəcək. Avqustun 15-də Rusiya Prizedenti Putin və ABŞ Prezidenti Donald Tramp arasında Ukrayna müharibəsinin müzakirəsi ilə bağlı görüş keçiriləcək. Ukrayna-Rusiya müharibəsi ilə bağlı Tramp tərəfləri bir masa arxasında əyləşdirməsi ehtimalı çox azdır. Çünki Putin dəfələrlə bildirib ki, Zelenski hakimiyyətdə olduğu müddətdə heç bir danışıq baş tutmayacaq və onunla eyni masada əyləşməyəcək. Bununla bağlı yayılan başqa bir məlumata görə, Qərb Zelenskini başqası ilə əvəz edəcək. Hətta bu əvəzlənmə baş versə, Rusiya və Ukrayna arasında sülh müqaviləsi imzalanmış olsa belə, Moskva kifayət qədər bu müharibədə ciddi yaralar alıb. Düşünmürəm ki, Qərb də Rusiyaya iqtisadi və hərbi qüdrətini artırmaq üçün dəstək olsun. Çünki Qərbin də elə əsas istəyi Rusiyanı iqtisadi və hərbi cəhətdən zəiflətmək idi”.
Elçin Abdullayev rusiyalı siyasət və media nümayəndələrinin Azərbaycana yönəlik təhdidlərinə cavab olaraq, ölkəmizin gücünü və beynəlxalq dəstəyini xatırladaraq, bildirdi ki, “Rusiyalı siyasətçilərin Moskvanın Ukrayna müharibəsindən sonra Azərbaycanla qarşıdurmaya başlayacağı” barədə bəyanatları tamamilə boşdur:
“Rusiyalı siyasətçilərin Moskvanın Ukrayna ilə müharibəni bitirdikdən sonra Azərbaycanla başlayacağı ifadələrini ciddiyə almıram. Bizim ölkəmizdə əvvəlki vəziyyətində deyil. Çünki bu gün Azərbaycanın üzərinə gələcək olan qüvvə ilk olaraq Türkiyəni nəzərə almalıdır. Yəni, ölkəmizlə hər hansı dövlət qarşı-qarşıya gəlmək istəyərsə, mütləq ki, Türkiyə və Pakistan faktorunu nəzərə almalıdır. Eyni zamanda buraya Qərb və ABŞ-də daxildir. Avqustun 8-də Ağ Evdə Azərbaycan ABŞ və Ermənistan arasında imzalanmış Birgə Sülh Bəyannaməsindən sonra ölkəmiz dünyada öz reytinqini yüksəldərək, dayaqlarını daha da möhkəmləndirdi. Bütün bunlar fonunda, rusiyalı siyasətçilərin Moskvanın Azərbaycana müharibə açacağı kimi təhdidlərini ciddiyə almıram”.
Gülbəniz Səfərova