
Müharibə!
Dəhşət, vəhşət, ələmdir. Müharibə vaxtsız ölüm, dağıntı, aclıq, şikəstlik, həyəcan, yarımçıq qalmış ğmür deməkdir. Müharibə həm də anaları oğulsuz, övladları valideynsiz, sevənləri sevgisiz qoymaqdır. Ağır müharibələr, uzun müddətli müharibələr dünyanı və bəşər övladlarını fəlakətə sürükləyir. Tarixə nəzər saldıqca dediklərinin şahidi oluruq. Müharibə kiçik dövlətlərin, kiçik xalqların məhvi deməkdir.
Müharibələr xronologiyasına diqqət yetirdkcə yuxarıda sadalananların bariz nümunəsini görmüş oluruq.
Ermənilər əsrlər boyu türklərə, azərbaycanlılara qarşı düşmənçilik etmiş, kin-nifrət bəsləmiş, nahaq qan tökməkdən çəkinməmişlər. Ermənilərin xisləti ta qədimdən belədir.
Ermənilər azərbaycanlıların qarı düşmənidir. Amma bu günə kimi düşmənlə düşmən kimi rəftar etmədiyimizə görə, ermənilər daha da azğınlaşıb üstümüzə ayaq alıblar. Həmişə də xalqımıza nifrəti olan havadarlarının köməyi ilə istədiklərinə nail olublar. Zaman-zaman Azərbaycan torpaqlarının hesabına əvvəlcə vilayət (Ararat vilayəti), sonra respublika qurmağa nail olublar. Sonralar isə dünyanın hər yerindən erməni millətindən olanları həmin bölgəyə köçürərək (İrəvan və İrəvana yaxın olan ərazilər), əhali sayını artıraraq Ermənistan Respublikası yaratdılar. Bundan sonra Qərbi Azərbaycanda (indiki Ermənistan) yaşayan soydaşlarımızın faciələri başladı. Bütün bu faciələr həmin bölgədə azərbaycanlıların getdikcə azalmasına gətirib çıxardı. Azlıqda qalan azərbaycanlılar dəfələrlə erməni şıltaqlığının, fırıldağının, xəyanətinin qurbanına çevrildilər. Yalnız XX əsrdə azərbaycanlıların düçar olduqları faciəli illərin ardıcıllığına diqqət yetirək: 1900-1905-ci, 1915-1918-ci, 1920-1922-ci, 1936-1939-cu, 1941-1945-ci, 1947-1953-cü, 1960-1980-ci və nəhayət, 1987-1991-ci illər. Demək olar ki, əsr boyu ermənilər tərəfindən yerli əhaliyə, azərbaycanlılara qarşı qırğınlar törədilib.
1970-1978-ci illərdə tədqiqat zamanı informatorları danışdırarkən ermənilərin 1918-1920-ci illərdə yerli azərbaycanlıların başına gətirdikləri vəhşiliklərin şahidi kimi göz yaşlarını saxlaya bilmir, həyəcandan hıçqırırdılar. Ünüm quruyur, əlimdə qələm donurdu. Dərələyəz mahalının ağsaqqalı sayılan Abdulla Bəşiroğlu (İstisu kəndi) kövrələrək vaxtı ilə babalardan qalma bir dördlük söylədi:
Mərd adamda qəsd olmaz,
Ayaq qəlib dəst* olmaz.
Canavardan ev iti,
Ermənidən dost olmaz.
Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin sovetlər ittifaqı dövründə istər Azərbaycanda, istərsə də Moskvada hakimiyyətdə olduğu müddətdə Ermənistanda hakimiyyətdə olan rəhbərlər H.Əliyevdən ehtiyyat edir, millətçi hərəkətlərindən çəkinirlər. Ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişi ilə H.Əliyev Hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ermənilər fəallaşdılar. Yuxarıda sadalanan tarixlərdə baş vermiş faciələr dəhşətli olmuşdur. 1988-2020-ci illər arasında xalqımızın düşdüyü vəziyyət çox acınacaqlı olmuşdur. Qərbi Azərbaycanda (Ermənistan), Qarabağda, Qarabağ ətrafı bölgələrdə əsasən rusların, birbaşa köməkliyi nəticəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, faciələrdən – Qarabağ müharibəsindən danışmaq çox üzücüdür. Qəhrəman xalqımızın, Ali Baş Komandan İlham Əliyev həqiqəti bərpa edərək əldə etdiyi zəfərdən konkret və əsaslı nümunələrə diqqət edək.
1988-ci ildə başlanan Qarabağ münaqişəsi bir çox mətləblərə aydınlıq gətirdi. Erməni-rus cütlüyünün uzun illərdən tərtib etdikləri proqrama əsasən ilk növbədə Qərbi Azərbaycanda (Ermənistan) yaşayan azərbaycanlıların dədə-baba yurdlarından o vaxtkı hökümət rəhbərlərinin əli ilə son nəfərinə kimi deportasiyası işinə başlandı, yavaş-yavaş azərbaycanlılar yaşayan kəndlər boşaldıldı, rayonlarda bir nəfər də olsun azərbaycanlı qalmadı. İnadkarlıq edən azərbaycanlılara qarşı hədə-qorxu və zor tətbiq edildi. Etiraz edənlər erməni polislər, rus əsgərlərinin təzyiqi ilə yük maşınlarına doldurulub Azərbaycan sərhədlərinə daşındı. Əhalinin bütün varidatı, mülkü əlindən alındı, talan oldu. 1988-ci ilin mart-aprel ayından başlayan bu qanunsuzluq 1991-ci ildə Mehri rayonunun Nüvədi kəndinin boşaldılması ilə başa çatdı. Sonra Dağlıq Qarabağda – ilk öncə Xankəndində olan azərbaycanlılar ev-eşiklərindən didərgin salındılar. Rusların əli ilə Qarabağda xüsusi bir idarəetmə üsulu yarandı ki, bu da ermənilərin mənafeyinə xidmət etdi. Qarabağ vilayətinin tərkibinə daxil olan kəndlərdən azərbaycanlı sakinlər döyüşə-döyüşə, meşələrdə, dağlarda həlak ola-ola, bir təhər canlarını qurtaranlar isə Ağdama pənah gətirdilər. Xocalı faciəsi əsrin ən dəhşətli faciəsi oldu. Şuşa daxil olmaqla, azərbaycanlılar yaşayan digər kəndlər– Meşəli, Malıbəyli, Daşaltı, Ağdərə, Xocavənd, bütöv Qarabağ ermənilər–ruslar tərəfindən işğal olundu. Azğınlaşmış ermənilər havadarlarının köməyi ilə daha sonralar Kəlbəcəri, Laçını, Qubadlını, Cəbrayılı, Füzulini, Ağdamı və Zəngilanı işğal etdilər, bütün əhali doğma yurdlarından perik düşdü.
Həmin illərdə səriştəsiz, təşkilatçılıq bacarığı olmayan, siyasətdən başı çıxmayanlar hakimiyyətə gəlsələrdə ölkəni idarə edə bilmədilər, hərbidə uğursuzluqlar bir-birinin ardınca baş verir, igid övladlarımız kütləvi şəkildə şəhid olur, torpaqlarımız zəbt olunurdu ölkə daxilində çəkişmələr, intriqalar başladı, xalq vətəndaş müharibəsi həddinə çatdı.
Tanınmış siyasətçi, hələ SSRİ dövründə dövlət rəhbərliyi səviyyəsində yüksək nüfuz qazanmış H.Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi zərurəti yarandı. Xalq və ölkənin tanınmış şəxslərin dəfələrlə rəsmi müraciətlərindən sonra H.Əliyev Bakıya gəldi və Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı.
H.Əliyev ilk öncə respublika daxili məsələləri qaydaya saldı, qardaş qırğının qarşısını aldı, bir-birindən səmərəli islahatlar apardı, erməni-rus hərbi birləşmələrinin gücünə hiss edərək, atəşkəsə nail oldu. Bundan sonra hərbi islahatlar apararaq, ordudakı başıpozğunluğu qaydaya saldı, səriştəsiz, hərbidən anlayışı olmayanlar vəzifədən kənarlaşdırıldı, respublikadan kənarda fəaliyyət göstərən hərbi kadrlar ölkəyə dəvət olundu, hərbi quruculuq işləri təkmilləşdi, xarici ölkələrlə tərəfdaşlıq müqavilələri imzalandı, ordu müasir silahlarla təmin olundu. Azərbaycan haqqında təsəvvürü belə olmayan ölkələrlə dostluq əlaqələri yaradıldı, bir sıra kontraktlar imzalandı ki, buda ölkənin nüfuzunu qaldırdı, Azərbaycana maraq artdı. Hərbiçilərimiz digər ölkələrdə, ölkə daxilində qabaqcıl, müasir hərbiçilərlə təlimlərə cəlb olundu, NATO standartı səviyyəsində hərbiçilər yetişdilər. Bütün bunlar xalqı qələbəyə yaxınlaşdıran bir vasitəyə çevrildi. Atəşkəs dövründə belə, ermənilərin həmlələrinin qarşısı böyük ustalıqla alınır, qarşı tərəfin hədəfləri zərərsizləşdirilirdi.
Erməni ordusu birbaşa Qarabağ özünümüdafiə dəstələri ilə birləşib sərhəd ətrafı kəndləri daim qorxu altında saxlamağa çalışır, bəzən həmlələr də edirdilər.
Ölkəmiz müharibə şəraitində düz otuz il səbr etdi. Azğınlaşan ermənilərin cavabını vermək məqamı yaxınlaşırdı. Ordumuz dəfələrlə erməni separatçılarına qarşı əməliyyat apardı və uğurlar qazandı, artıq müasir azərbaycan ordusu yaranmışdı.
Ordumuz dörd günlük aprel döyüşlərində öz gücünü ermənilərə göstərdi, işğal olan ərazilərimizin bir hissəsi azad olundu, “Lələ təpə döyüşü” kimi tarixə düşdü.
2020-ci ilin sentyabr ayının 27-də erməni separatçılarını törətdikləri terrora qarşı antiterror əməliyyatı başlandı və bu əməliyyat << 44 günlük müharibə >>, Vətən müharibəsi kimi tarixə çevrildi, “Zəfər müharibəsi”, “Qələbə müharibəsi” qızıl hərflərlə həkk olundu.
Birinci qarabağ müharibəsi dövründə və “Aprel döyüşündə” şəhid olan qəhrəmanlarımız Əlyar Əliyev, Vəzir Orucov, Arif Hüseynov, Mübariz İbrahimov, Polad Həşimov, Əlif Hacıyev, Sabir Hüseynov, Müşfiq Mirzəyev və digərlərinin davamçıları olan Xudayar Yusifzadə, Sərxan Əliyev, Hikmət Mirzəyevin şəhadəti sayəsində 2020-ci ilin noyabr ayının 8-də mənfur ermənilər təslim aktını imzalamağa məcbur edildilər. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Heydər oğlu Əliyev cənabları - yenilməz sərkərdə onları bu məcburiyyət qarşısında qoydu.
Dünya siyasətçiləri sırasında xüsusi yeri olan Prezident İ.Əliyevin xüsusi sərəncamı ilə hər il “9 Noyabr - Zəfər bayramı” kimi qeyd olunur. Ağır itkilərimizə baxmayaraq, bütün xalq bu bayramı xüsusi coşqu və sevinc hissi ilə qeyd edir. Çünki azərbaycan torpağında rus - erməni şovinistlərinin əli ilə yaradılmış Dağlıq Qarabağ Avtonom Vilayəti (1991-ci ildə ermənilər Dağlıq Qarabağ Respublikası elan etmişdilər) və onun ətraf rayonlarına keçən əsrin əvvəllərindən köçürülmüş ermənilər könüllü olaraq oranı tərk etdilər. Bu gün Qarabağ azad nəfəs alır, yarandığı gündən azərbaycanlıları baş ağrısı olan bir məsələyə İ.Əliyevin əzmkarlığı sayəsində son qoyuldu. Prezident və Ali Baş Komandan demişkən: “QARABAĞ AZƏRBAYCANDIR!”
Yaşa Şəhid Yaşa Vətən!
İlhamla birgə yol gedən.
Düşməninə sözün deyən,
İgidlərə salam olsun!
Alı Alıyev
Filologiya üzrə fəlsəfə doktoru, Yurnalistlər Birliyinin üzvü,
Hərbi idarəetmə İnstitutunun müəllimi
Dünən, 14:15
30