Ağdərə əməliyyatı (Talış-Madagiz cəbhəsi)


27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əsas iki hücum istiqamətindən biri Ağdərə idi. Bu ərazi Birinci Qarabağ müharibəsi zamanı da, ağır döyüşlər məkanı olmuşdu. Belə ki, 1992-ci ildə “Ağdərə əməliyyatı” zamanı Azərbaycan bölmələri 16-18 iyunda Talış, Madagiz və Tonaşeni, 26 iyunda Karmiravanı, 4 iyulda isə Ağdərə şəhərini ələ keçirə bilmişdi. Bu ərazini təxminən 1 il nəzarətdə saxlayan Azərbaycan Ordusu 1993-cü ilin iyununda Ağdam əməliyyatı zamanı erməni hücumunu saxlaya bilmir. 24 iyun 1993-cü ildə erməni qoşunları Akop-Kamari (Lüləsaz) kəndindən Cerabert kəndi istiqamətində hərəkət edərək buranı ələ keçirir. Mühasirə təhlükəsi olduğu üçün şəhəri qoruyan bölmələr 26 iyun 1993-cü ildə Ağdərə şəhərindən çıxırlar və şəhərə nəzarət yenidən ermənilərin əlinə keçir. 1994-cü ilin yaz əməliyyatlarında isə erməni bölmələri aprelin 22-dən 25-dək şimal istiqamətində hərəkət edərək Madagiz, Talış və Levonarxı, mayın əvvəlində isə Karmiravan və Seysulanı işğal edə bilirlər. Lakin həmin günlərdə baş tutan əks-hücumda Karmiravan və Seysulanın böyük hissəsi geri qaytarılır. Bu Ağdərə-Tərtər istiqamətində sonuncu döyüş olur və 5 may tarixində müharibəni sonlandıracaq Bişkek protokolu imzalanır. Müharibə ərzində keçmiş Ağdərə rayonunu tamamilə ələ keçirən Azərbaycan bölmələri atəşkəs imzalanana qədər nəzarətində olan demək olar ki, bütün əraziləri itirir.
1994-cü ildə Azərbaycan ordusunun nəzarətində Tərtər rayonunun tərkibinə verilmiş bir neçə DQMV kəndi qalmışdı: “Marquşevan və Marağa kəndləri (Leninavan-Şıxarx qəsəbələri), Karmiravan (Qızıloba), Buruç (Həsənqaya), Maralyansarov məntəqələri tamamilə, Çaylı, Cerabert, Levonarx (Göyarx) və Seysulan kəndlərinin bir qismi”.
Bu istiqamətdə strateji yüksəkliklərin demək olar ki, hamısının erməni ordusunun nəzarətində olması həm mülki şəxslərə, həm də, hərbçilərə maneə yaradırdı. Təsadüfi deyil ki, 2016-cı il aprel müharibəsinə qədər 4 ən qanlı atəşkəs pozulma faktından 3-ü məhz Tərtər-Ağdərə istiqamətində baş vermişdi. 2008-ci ildə Levonarx istiqamətində atışmalar zamanı Azərbaycan bölmələri 4 əsgər, 2010-cu ilin fevralında Talış-Tapqaraqoyunlu istiqamətində atışmalar zamanı 3 əsgər itirir. 2010-cu ilin iyun ayında gizir Mübariz İbrahimovun Çaylı kəndi yaxınlığında erməni postuna hücumu zamanı isə özü ilə birlikdə 4 erməni əsgəri həyatını itirir.
2016-cı ildə başlayan “4 günlük müharibə” zamanı da, Tərtər-Ağdərə istiqaməti əsas döyüş əməliyyatları gedən bölgə idi. Müharibənin ilk günündə Talış kəndi istiqamətində iki ərazidə erməni müdafiə xəttini yarmaq mümkün olsa da, 2 dəfə Talış kəndinə girən xüsusi təyinatlılar burada möhkəmlənə bilməmişdi. Azərbaycan MN həmin günlərdə Naftalan şəhərinə təhlükə törədən yüksəkliklərin, eləcə də Seysulan kəndinin azad edilməsi barədə məlumat vermişdi.  Azərbaycan bölmələri Talış kəndinin şimalında bəzi yüksəklikləri tutsa da, əsas yüksəkliklər ermənilərdə qalmışdı və onlar Naftalan və Tapqaraqoyunluya rahatlıqla nəzarət edirdilər. Bu səbəbdən 2020-ci ildəki müharibədə Talış kəndi əsas hədəflərdən biri idi. Ermənistan hərbi komandanlığı da, bu istiqamətin vacibliyini nəzərə alaraq ən güclü bölmələrini bu cəbhə xətti istiqamətində yerləşdirmişdi. 2017-ci il məlumatına əsasən, erməni ordusunun Tonaşendə 38862 nömrəli hərbi hissəsi və dağ-atıcı diviziyası (eyni zamanda bura “Yeğnikner” dəstəsi də daxil idi), Ortakənd kəndində 47455 nömrəli hərbi hissəsi və dağ-atıcı diviziyası, Ağdərədə 49971 nömrəli hərbi hissəsi və hərbi bazası, Madagizdə 33651-6 nömrəli motoatıcı alayı və dağ-atıcı diviziyası, Levonarx kəndində 35366 nömrəli hərbi bazası yerləşirdi. Bundan başqa Ağdərə cəbhəsini Ermənistan ordusunun elit bölmələri sayılan 022 xüsusi təyinatlıları qoruyurdu. Onlara qarşı isə Azərbaycanın 1-ci Ordu Korpusunun hərbi hissələri əməliyyat keçirməli idi. Ümumi əməliyyatlara bu korpusun komandiri, general-mayor Hikmət Həsənov rəhbərlik edirdi. Artilleriya hazırlığı səhər saat 6-da başlasa da, hücum çox gec, günəş artıq kifayət qədər yüksəkliyə qalxanda baş verdi. Erməni komandanlığının ərazini yaxşı müşahidə etməsi səbəbi ilə zirehli texnikanın əsas hissəsi qabaqcadan irəli aparılmadı və ümumi hücumun həyata keçməsi 2-3 saat vaxt aldı. Erməni ordusuna endirilən ilk artilleriya zərbəsi uğurlu oldu; belə ki, Ağdərədə bir neçə D-30 haubitsasının və çoxlu yük maşınının olduğu anqar məhv edildi. Ancaq həmin gündə digər istiqamətlərdə artilleriya zərbələri istənilən nəticəni vermədi. Təqribən 38 dəqiqə davam edən artilleriya atəşindən sonra erməni müdafiə xəttini yarmaq üçün hücum başlandı.
Talış kəndi uğrunda döyüşlər.
Bu istiqamətdə hərbi əməliyyatlar İncəçayın şimal-şərq hissələri ilə Tərtər çayları arasındakı Murovdağ silsiləsinin şərq ətəkləri istiqamətində gedirdi. Talışın qərbində 900 m-ə qədər zirvələr var və şərqə doğru getdikcə onun hündürlüyü sürətlə azalır. Talış kəndi də, dağlar arasındakı vadidə yerləşir. Talışdan şərqdə dağlar 400-500 m hündürlükdə, eni təqribən 6 km olan yastı vadiyə çevrilir, bu vadi isə daha sonra çılpaq düzənliyə çevrilir. Bu ərazidəki erməni mövqeləri möhkəmləndirilmiş sahənin perimetri boyu bütün zirvələrdə yerləşmişdi. Silsilələr boyu xəndəklərlə birləşmiş dayaq məntəqələrindən ibarət istehkamlar isə bu müdafiə məntəqəsini daha da, güclü edirdi. Talışın qərbində isə 831,2 yüksəkliyi yerləşirdi və bu ərazi  möhkəmləndirilmiş nöqtə kimi mühüm əhəmiyyət kəsb edirdi. Bütövlükdə möhkəmləndirilmiş ərazi at nalını xatırladırdı və çay vadisində hakim mövqe tuturdu. Erməni ordusunun ən zəif mövqeləri isə 2016-cı ilin aprelində Azərbaycan bölmələri tərəfindən ələ keçirilən Talışın şimalındakı ərazilər idi.
Azərbaycanın əsas hücumu Talışın qərbində yerləşən yüksəkliklər istiqamətində başladı. Bu istiqamətdəki yüksəklikləri götürmədən ümumi hücum alına bilməzdi. Polkovnik-leytenant Bayram İbişovun rəhbərlik etdiyi qrup əsas zərbəni bu istiqamətdə endirdi və bu müdafiə xətti ilk gündəcə yarıldı. Beləliklə, həmin vacib post ələ keçirildi. Bu postun olduğu yüksəklik Azərbaycan hərbçiləri tərəfindən 482 yüksəkliyi adlanır. Burada baş verən döyüşdə ermənilər azı 1 əsgər itirərək geri çəkilir. Azərbaycan bölmələri isə bu istiqamətdəki döyüşlərdə 11 əsgər itirir, 6 nəfər isə yaralanır. Mühəndis-istehkam qoşunları isə dərhal bu istiqamətdə yerləşən dağ yolunu açır və ora zirehli texnikanın yığılmasına başlanır. Bu istiqamətdə gedən döyüşlər barədə müharibənin ilk günlərində heç bir məlumat yox idi. Yalnız oktyabrın 26-da “Yuronyuz” (Euronews) telekananalının çəkdiyi kadrlar əsasında bəlli olur ki, Azərbaycan ordusu bu istiqamətdə İsrail modifikasiyası olan 1 “BMP-2”  və 1 “M1970” zirehli transportyoru itirib. Bu postu ələ keçirən Azərbaycan bölmələrinin 831,2 yüksəkliyi uğrunda əməliyyata başlayır. Bu istiqamətdə əməliyyata polkovnik-leytenant Səxavət Baxışov rəhbərlik edirdi. Azərbaycan bölmələrinin hücumda istifadə etdiyi “BMP-3”-ün hərəkəti 831,2 yüksəkliyindəki dirəkdə quraşdırılmış kamera vasitəsilə çəkilir və həmin gün Ermənistan MN tərəfindən nümayiş etdirilir. Yüksəkliyi qorumaq üçün erməni komandanlığı əraziyə yük maşınlarından ibarət hərbi kolon göndərir. Lakin dağlardan hərəkət edən bu kolon Azərbaycan HHQ-si tərəfindən aşkar olunur və onlar bombalanır. Bununla belə, yolda məhv edilən erməni kolonu Azərbaycan bölmələrinin idarə etdiyi “BMP” və “İMR-2”-nin hərəkətinə mane olur. Hərbi kolon məhv edildiyi üçün yüksəklikdə əsgərlər birbaşa döyüşdən çəkinərək geri çəkilirlər. Beləliklə, o qədər də, intensiv sayılmayan 831,2 yüksəkliyi uğrunda gedən döyüşlərdə erməni bölmələri 2 tank itirərək ərazini tərk edirlər. Talışın qərb istiqamətindəki mövqelərin Azərbaycan bölmələri tərəfindən ələ keçirilməsi 3 oktyabrda təsdiqlənir. Həmin gün Azərbaycan MN, bu istiqamətdəki döyüşlərin nəticələri ilə bağlı videokadrları nümayiş etdirir.
Hücumun ikinci hədəfi isə Talış kəndinin şərqində dağların düzənliyə çevrildiyi yüksəklikdəki dayaq məntəqəsi idi. Bu istiqamətdəki dayaq məntəqəsi ilə ermənilər cəbhənin Tapqaraqoyunlu istiqamətinə vizual nəzarət edə bilirdi. Burada bir-birindən ayrı iki hücum həyata keçirildi.  Bu döyüşün nəticələri “Caliber” xəbər portalı tərəfindən bir  gün sonra nümayiş etdirildi. Hücum zamanı erməni bölmələri ən az 11 erməni hərbçisini itirmişdi. Erməni əsgərlərinin forma və silahları ilə birlikdə məhvi onların burada bir müddət müqavimət göstərdiyini nümayiş etdirir. Azərbaycan bölmələri bu istiqamətdə cinahlardan keçərək dayaq məntəqəsini mühasirəyə almağa başlamasından sonra geri çəkilmək istəyən erməni dəstəsi pusquya salınır və son fərdinə kimi öldürülür. Bu dayaq məntəqəsi ələ keçirildikdən sonra Azərbaycan bölmələri cənuba doğru hərəkət edərək Talış kəndini dik yamaclardan ayıran 701,3 yüksəkliyinə hücuma başladılar. Bu hücum polkovnik-leytenant Orxan Rzayevin  rəhbərliyi ilə aparılırdı. Bu istiqamətdəki döyüşlər ərazinin şimal-şərq müdafiə qülləsinin dirəyində yerləşən erməni kamerası tərəfindən çəkilir. Əməliyyat 27 sentyabr axşam saatlarında başlayır. SU-25 qırıcı təyyarəsinindən və “TOS-1A”-dan istifadə edən Azərbaycan bölmələri 28 sentyabr gecə saat 3-də yüksəkliyi ələ keçirə bilir. Beləliklə, 9 saat davam edən ağır döyüşlərdən sonra erməni bölmələri ağır itkilər verərək geri çəkilir. Lakin yüksəkliyi yenidən geri almaq üçün səhərə yaxın erməni xüsusi təyinatlıları bu əraziyə basqın edir. Polkovnik-leytenant Elzamin Təhməzovun son anda buradakı Azərbaycan bölmələrinin köməyinə çatması ilə yüksəklik qorunub saxlanıldı. Ertəsi gün döyüşlə bağlı “DQR” MN-in paylaşdığı videokadrlarda çox sayda zədələnən texnikalardan ən azı birinin erməni tankı olduğunu müəyyənləşdirmək olur. Azərbaycan MN-in paylaşdığı videolarda isə 701,3 yüksəkliyi ərazisində  gedən döyüşlərdə düşmənin iki tankının PUA vasitəsilə vurulduğu göstərilir.
Eyni zamanda 27 sentyabr günü Azərbaycan bölmələri İncəçay vadisi boyunca Talışın şərqindəki müdafiə xəttinin şimal-şərq hissəsinə hücuma keçdilər. Bu istiqamətdə gedən döyüşlər Azərbaycan MN-in 1 gün sonra yayımladığı kadrlarda da, göstərilir. Bu hücum eyni zamanda həmin gün günorta saatlarında Ermənistan MN tərəfindən nümayiş etdirilən ilk müharibə  kadrları idi.  Piyadaların müşayiəti ilə 3 ədəd T-72 “Aslan” tankı tərəfindən həyata keçirilən hücum uğursuz alınır, 2 tank minalanmış sahəyə düşərək partlayır. Partlayış güclü olsa da, tanklar sıradan çıxmır. 18 oktyabrda peykdən çəkilmiş görüntülərdə partlayışın olduğu yer aydın görünsə də, tanklar orda deyildi. İstənilən halda Azərbaycan bölmələrinin bu istiqamətdə ilk hücumu uğursuz alınır. Həmin istiqamətdə gündüz vaxtı çəkilən kadrlarda isə geri çəkilən tankın birinin partladığı müşahidə olunur. Axşama yaxın Azərbaycan bölmələri yenidən şimal-şərq hissədə hücuma keçdilər. Hücum qrupu serpantin yolla dayaq məntəqəsi istiqamətində irəliləyir. Bu döyüşlər də əvvəlki kamera ilə lentə alınır və oktyabrın 3-də “DQR” Müdafiə Ordusunun kanalında yayımlanır. Hücumda iştirak edən 2 ədəd “BTR-82A” uğurla yoxuşu aşa bilir, lakin onlardan sonra gələn digər zirehli transportyor vurulur və alovlanır. Eyni mənzərə erməni postundan 7 km cənubda, Tərtər çayı yaxınlığında da, lentə alınır.
Texniki itkilərə baxmayaraq, Azərbaycan bölmələri bu istiqamətdə də, dayaq məntəqəsini ələ keçirə bilirlər. Sentyabrın 27-də axşam saatlarında “DQR” lideri Arayik Arutyunyan Talış kəndi istiqamətində bəzi mövqeləri itirdiklərini etiraf edir: “Hücumlar Ömər dağından Araz çayına qədər bütün cəbhə boyu davam edir. Xüsusən də, Talış istiqamətində mövqeləri itirmişik. Bizim onlarla itkimiz və yaralımız var. Bu müharibə heç bir halda 2016-cı ilin apreli ilə müqayisə edilə bilməz”.
Azərbaycan MN sentyabrın 28-i səhər saatlarında verdiyi açıqlamada Talış kəndi ətrafında yüksəkliklərin tutulduğunu elan edir. Azərbaycan hərbi komandanlığı həmin gün eyni zamanda Talış istiqamətində desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Vardanyanın öldürüldüyünü bildirir. Beləliklə, ilk iki gündəki hücumlarda Azərbaycan bölmələri Talışın qərbində və şərqindəki bütün erməni istehkamlarını ələ keçirir. Talış kəndində qalan erməni ordusu faktiki mühasirədə qaldığı üçün  kənd boşaldılır. Talışda çətin vəziyyətdə qalan erməni ordusunun təminatının qarşısını almaq üçün Azərbaycan HHQ-si yol istiqamətində hərəkət edən erməni texnikalarını vurmağa başlayır. Peykdən çəkilmiş görüntüdə Talışın cənub hissəsində olan D-30 haubitsalarını daşıyan yük maşınının vurulduğunu görmək mümkündür. Yük maşını məhv edilsə də, silahlara ciddi ziyan dəymir və ermənilər haubitsaları ərazidən evakuasiya edir. Bundan başqa, Talışdan 1 km cənubda buradakı erməni qüvvələrinə köməyə gələn bir erməni tankı vurulur. Lakin peyk görüntülərində bu erməni tankının qalıntılarına rast gəlinmir, buradan belə nəticəyə gəlmək olar ki, zərbənin gücü tankı sıradan çıxarması ilə nəticələnməmişdi.  Həmin gün Madagizin şimalında bir digər erməni T-72 tankı geri çəkilmək istəyərkən, Madagizin cənubunda isə 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu kamikadze pilotsuz uçuş aparatı tərəfindən məhv edilir. Oktyabrın 7-də Azərbaycan MN-in yayımladığı videoda Talışın şimal-şərqində evaukasiya olunan erməni mövqeləri nümayiş etdirilir.
Sentyabrın 29-u hava pisləşir və dağları qatı duman bürüyür. Buna baxmayaraq, Azərbaycan bölmələri  831,2 yüksəkliyindən cənub-qərb istiqamətində hücum  edərək Areqa dağını ələ keçirdilər. Ordu Talışı və Madagizi qərbdən mühasirəyə almaq üçün Areqa dağı istiqamətindən cənubdakı yüksəklikləri tutmalı idi. Bu, eyni zamanda Murov istiqamətdən gəlməli olan Azərbaycan qoşunları ilə birləşib Sərsəng su anbarı istiqamətindəki əməliyyatlar üçün də, vacib rol oynayırdı. Bu səbəblə Areqa dağını ələ keçirən bölmələr Arakəsər silsiləsi boyunca 1353 yüksəkliyinə doğru hərəkət etdilər. Hərbçilərin “Qaranlıq meşə” adlandırdığı ərazidəki qarşıdurma isə müharibənin ən qanlı döyüşləri kimi yadda qaldı. Bu istiqamətdəki döyüşlərdə Azərbaycan bölmələrinə polkovnik-leytenant Əfqan Abdurahmanov rəhbərlik edirdi. Bu yüksəkliyi tutmaq üçün həmin istiqamətdə olan “Yal taxılı” adlı postu ələ keçirmək lazımdı. Postda olan 5 əsgərin hamısını zərərsizləşdirən Azərbaycan bölmələri sentyabrın 28-i bu yüksəkliyə yaxınlaşdılar. Həmin döyüşdə iştirak edən leytenant Cavid İbrahimli xatırlayır: “İkinci tabor qabaqda gedir, arxadan gələn bölmələr bizim azad etdiyimiz mövqelərdə möhkəmlənir, həmin yerlərin yenidən düşmən tərəfindən tutulmasının qarşısını alırdılar. Tutduğumuz mövqelərdə bir-iki gündən artıq qala bilmirdik. Ən ağır döyüşlərimiz 1353 yüksəkliyində oldu. Bu yüksəklik çox böyük strateji əhəmiyyət daşıyırdı və buradan ətraf əraziləri nəzarətdə saxlamaq, düşmənin hərəkətlərini izləmək mümkün idi. Hətta, Naftalan şəhəri uzaqdan görünürdü. Digər tərəfdən, bu yüksəkliyin və yaxınlıqda olan digər yüksəkliklərin ələ keçirilməsi Ermənistan Silahlı Qüvvələrinə 6-cı dağatıcı alayının mühasirədən çıxarılmasına imkan verirdi. Ona görə də, onlar əks-hücum əməliyyatı keçirməklə 1353 yüksəkliyini yenidən tutmaq niyyətində idilər. Düşmən tərəf böyük qüvvə toplamış, əməliyyat planı hazırlamışdı.”
Bu istiqamətdə erməni bölmələri mövqelərini geri almaq üçün ən azı bir “BMP-2”-nin dəstəyi ilə əks hücuma keçərək Azərbaycan tankını məhv etməyə nail olur. Lakin azərbaycanlı əsgərin idarə etdiyi “BTR-82A” taran edərək “BMP”-ni sıradan çıxarır. Burada çıxan yanğında həm “BTR”, həm də “BMP” yanaraq məhv olur. Həmin döyüşü jurnalist Pünhan Əfəndiyev belə təsvir edir: “Yüksəkliyə qalxan yolda döngə tərəfindən düşmən 1 tank, 1 BMP və 30 nəfərdən artıq canlı qüvvə ilə hücuma keçdi. Kəhrilər xarabalığı yaxınlığında qanlı, əlbəyaxa döyüş başladı. Zirehli texnikanın mövqeyimizə girməsinə imkan vermək olmazdı. İlk növbədə onlar sıradan çıxarılmalı, sonra canlı qüvvə məhv edilməli idi. Əsgər Oruc İbişli yaxın məsafədən qumbaraatanla tankı vurdu. Xeyli irəli girən “BMP-2” isə daha böyük təhlükə yaratdı. “BMP-2”-dən durmadan mövqelərimizə atəş açılırdı. Bu ağır və təhlükəli vəziyyətdə müddətdən artıq xidmət edən hərbi qulluqçu Nəriman Atakişiyev heç kəsin gözləmədiyi halda aralıda yerləşən “BTR-82A”-ya minərək onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürdü. Düşmənin “BMP-2” maşınındakı heyət nəyin baş verəcəyini anlayana qədər əsgərimiz idarə etdiyi BTR-i düşmənin döyüş texnikasının üstünə mindirdi və onun qülləsinin hərəkətini məhdudlaşdırdı. Qarışıqlıqdan istifadə edən polkovnik-leytenantlar Əfqan Abdurahmanov və Soltan Məmmədov mövqelərindən çıxaraq düşmən “BMP-2”-yə tərəf qaçdılar və içəri əl qumbaraları atdılar. Beləliklə, 6 desant, 1 sürücü, 1 tuşlayıcı zərərsizləşdirildi. Düşmən texnikasını sıradan çıxaran Nəriman Atakişiyev isə ağır yaralandı.”
Bu istiqamətdə Azərbaycan bölmələrinin hərəkəti ağaclara quraşdırılmış kameralar vasitəsilə izlənilirdi. Bu səbəbdən erməni bölmələri ordunun zəif yerləri müəyyən edir və həmin istiqamətdə hücumlar təşkil edirdi. Polkovnik-leytenant Əfqan Abdurahmanov bu kameralardan birini aşkarlayır və onun əmri ilə axtarışlar zamanı daha 2 kamera tapılaraq məhv edilir. Bundan sonra erməni əks-hücumları səngiyir. Əks-hücumlar dəf edildikdən sonra bu ərazi başqa bir bölüyə təhvil verilir və yüksəkliyin ətrafı minalanır. Beləliklə, erməni bölmələrinin hücumlarını dəf edən 2-ci taborun bölmələri cənub istiqamətində Madagizə doğru, digər bölmələr isə qərbə doğru Gülüstan kəndi boyunca, Kəhrilər xarabalığı istiqamətində hərəkət etməyə başlayır. Lakin qərb istiqamətdən hərəkət edən bölmələrin oktyabrın 1-də Gülüstan kəndinin cənubu boyunca növbəti dağı ələ keçirmək istəyi isə fəlakətlə nəticələnir. Bütün qrup pusquya salınır və 48 üzvü öldürülür.
Bu istiqamətdəki uğursuzluqdan sonra cəbhə bu istiqamətdə stabilləşir. Buna baxmayaraq, Talışın bütün ətrafı Azərbaycan bölmələrinin əlində olduğu üçün ermənilər oktyabrın 3-də Talışdan və Madagizin şimalından çıxırlar. Azərbaycan bölmələri oktyabrın 3-də artıq Talış kəndinə daxil olurlar. Elə həmin gün də, Azərbaycan Prezidenti İlham Əliyev öz “Tvitter” hesabından Talış kəndinin azad edildiyi barədə məlumat verir. 2 gün sonra isə Azərbaycan MN Talış kəndinin görüntülərini yayımlayır. Kənddə reportaj hazırlayan ilk jurnalistlər isə oktyabrın 11-də Naftalandan bura gələn “Yuronyuz” (Euronews) kanalının əməkdaşları olur. Oktyabrın 12-də Ermənistan MN Talış istiqamətində qüvvələrin yenidən qruplaşmasını həyata keçirdiyini və artıq bu istiqamətdə hücuma başladığı barədə məlumat versə də, bu məlumatın yalan olduğu növbəti gün aydın olur. Beləliklə, bu istiqamətdə döyüşlər başa çatır.
DAVAMI OLACAQ...
Mənbə: Topchubashov Center.

25-01-2022, 17:47 252

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 17:05
Bu gün, 16:33
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903