Və yaxud 35 ildən sonra qaranlıq suala necə aydınlıq gətirildi Nəsimi adına Mədəniyyət və İstirahət Parkında tez-tez oluram. Burada təmiz hava ilə qidalanır, dincəlir, dostlarımla çay içə-içə söhbət edir, dərdləşirəm. Sumqayıtın qurucularını görəndə qürur hissi keçirirəm. Onların fəldakarlığı və böyük zəhməti nəticəsində şəhərimiz böyüyüb, inkişaf edib, hamının doğma ocağına çevrilib.
Sumqayıtın dünəninə boylananda hərdən fikirlərə qapılıram. Öz böyüklüyü və füsünkarlığı ilə seçilən parkımızda fəaliyyət göstərən mədəni-məişət obyektlərin tikintisi, onların tarixi ilə yaxından tanış olanlar görəsən varmı? Bu suala cavab olaraq öz bildiklərimi oxucularla bölüşmək istərdim. Axı, bu bizim şəhərdir, bizim tarixdir. Onu bilmək isə sumqayıtlılar üçün, ilk növbədə gənclərimiz üçün maraqlı olardı.
Xəzərin sahilində ən böyük obyekt Mehdi Hüseynzadə adına stadiondur. Desəm ki, sumqayıtlıların ixtiyarında olan bu stadion 1,5 ilə tikilib, inanmazsınız. Bəli, bu həqiqətdir. Qısa da olsa onun tarixçəsi haqqında məlumat vermək istəyirəm.
1960-cı illərin ortaları idi. Nəsimi parkında, indiki şəkil qaleryasının yanında böyük bir ərazi yaşıl kolluqlarla əhatə olunmuşdu. İçərisi isə qumsallıq idi. Burada adətən futbol oynayırdıq. Bir gün yay fəsli idi. Çimərlikdən bir neçə nəfər bizə yaxınlaşdı, tanışlıq verdilər, futbol oynamağa icazə aldılar. Etiraz etmədik. Sonralar öyrəndik ki, çimərlikdən gələn 14-15 yaşlı uşaqlar Bakıdan gəliblər. Vaxtı ilə Bakıda yaşayan və sonralar Sumqayıta köçən dostlarının yanına təşrif buyurublar. Futbol oyunu başa çatandan sonra bakılı uşaqlar bizə belə bir təkliflə çıxış etdilər.
- Şənbə günü saat ikidə Bakıdan gəlib sizinlə futbol oynaya bilərikmi? Biz gülərüzlə cavab verdik ki, «heç bir problem yoxdur. Şənbə günü sizi gözləyəcəyik». Gözlədiyimiz gün gəlib çatdı. Məhəlləmizin uşaqları ilə həmin yerə böyük bir həvəslə yollandıq. Söhbət edə-edə futbol meydançamıza çatdıq. Gözlərimə inanmadım. Burada təxminən minə yaxın gənc toplaşmışdı. Yaşıl kolluqların içində futbol yarışı gedirdi. Gənclər ayrı-ayrı komandalara azarkeşlik edir, çəpik çalır, oyunçuları ruhlandırırdılar. Cavanların səs-küyü Xəzərin sahillərinə gedib çatırdı. Düzü məəttəl qaldım. Burada Sumqayıt şəhər partiya komitəsinin ikinci katibi Zərifə Salahova, şəhər komsomol komitəsinin birinci katibi Gennadi Rzayev, ikinci katibi Yuri Kuznetsov da var idi. Yaşımın az olmasına baxmayaraq çox düşündüm, çox fikirləşdim. Görəsən onlar burada nə edirlər? Niyə məhz bura toplaşıblar? Futbol oyunu niyə məhz burada keçirilir? Axı, Sumqayıtda beş min yerlik «İnşaatçı»lar stadionu vardı. Əgər burada şəhərin mötəbər adamları iştirak edirlərsə, niyə futbol yarışı yaşıl örtüyün üstündə, şəhər stadionunda keçirilmir? Suallara cavab tapa bilmirdim.
Təxminən iyirmi dəqiqədən sonra həmin yerə iki qara «Volqa» yaxınlaşdı. Maşından bir neçə nəfər düşdü. Onlardan birini tanıdım. Bu, Sumqayıt şəhər partiya komitəsinin birinci katibi Nadir Balakişiyev idi. Yanındakılar yerli adamlara oxşamırdı. Hiss olunurdu ki, qonaqdırlar. Aralarında mötəbər şəxsin olduğunu o saat duydum. Nadir müəllim əli ilə gəncləri göstərir, ona nəsə başa salmaq istəyirdi. Həmin qonaq isə Nadir müəllimi diqqətlə dinləyir, hərdən başı ilə «hə» cavabını verirdi. Sonra yanında dayanmış təxminən 30-35 yaşlarında bir kişiyə nə deyirdisə, o da, dəftərçəsinə qeydlər edirdi. On- on beş dəqiqədən sonra onlar maşına əyləşib getdilər. Çox qəribədir. Rəhbərlik həmin yeri tərk edən kimi futbol oyunu dayandırıldı. Partiya və komsomol komitələrinin rəhbərləri maşınlara əyləşib getdilər.
Gənclər isə bir neçə dəqiqə ərzində pal-paltarlarını dəyişib həmin yerdən uzaqlaşdılar. Məni təccüb bürüdü. Burada keçirilən tədbirin nə məqsədlə edildiyi mənə qaranlıq qaldı. İllər keçdikcə həmin hadisəni hərdən yadıma salırdım, təəssüflər olsun ki, müsbət cavab tapa bilmirdim.
Üstən 35 il keçdikdən sonra qaranlıq qalmış məsələyə aydınlıq gətirildi. 1999-cu ildə Sumqayıt şəhərinin 50 illiyi ərəfəsində Sumqayıtın keçmiş partiya rəhbəri Nadir Balakişiyevlə Mərdəkanda, onun bağ evində görüşüb müsahibə aldım. Hər halda o, Sumqayıta 1962-ci ildən 1971-ci ilədək rəhbərlik etmişdir. Onun təəssüratları və xatirələri mənim üçün maraqlı idi. Söhbətimiz çox səmimi keçirdi. Sanki biri-birimizi çoxdan tanıyırdıq.
Nadir müəllim danışdıqca 35 il bir suala cavab tapa bilmədiyimə görə həmin hadisəni onun yadına salmaq qərarına gəldim.
- Nadir müəllim, mənim təxminən 15 yaşım olardı. Bir gün biz Nəsimi adına istirahət parkında futbol oynamağa gəlmişdik. Gələndə orada çoxlu sayda gənclərin olduğunu gördük. Futbol oynayırdılar. Şəhər rəhbərliyi də orada idi. Sonra siz qara «Volqa» maşınında gəldiniz. Yanınızda da qonaq var idi. «İnşaatçı» stadionu ola-ola niyə gənclər qumsallıqda futbol oynayırdılar?
Nadir müəllim bir anlığa fikrə daldı, sonra gülümsündü və sözə başladı:
- Yadıma düşdü. Bunu məqsədli etmişdim. Sumqayıt inkişaf edirdi. Yeni-yeni obyektlərin salınması tələb olunurdu. Sumqayıta axın çox idi. Gənclərin mənalı istirahəti üçün bir sıra tədbirlərin həyata keçirilməsi zərurətdən doğurdu. Təəssüflər olsun ki, vəsait olmadığından istəyimiz çox vaxt kağız üzərində qalırdı. Sumqayıtda əhalinin orta yaş həddi 24 idi. Deməli, gənclərin tələbinə uyğun olaraq onları bir sıra obyektlərlə sevindirməli idik. Nəsimi adına parkda böyük sağlamlıq-idman bazası yaratmaq fikrimiz vardı. Kompleksin ən böyük obyekti isə stadion olmalı idi. Bütün layhələr hazırlanmışdı. Lakin vəsaitimiz çatışmırdı. Azərbaycan Respublikası Nazirlər Soveti bizə pul ayırmaqdan imtina etmişdi. Bir neçə dəfə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul işçiləri ilə görüşdüm. Bu işdə bizə kömək etmələrini xahiş etdim. Hərdən mübahisələrimiz də olurdu. «Çalışın, öz gücünüzə tikin, büdcədə istədiyiniz qədər vəsait yoxdur», deyirdilər. İnadımdan dönən deyildim. Bir gün xəbər gəldi ki, Moskvadan Mərkəzi Komitənin katiblərindən biri qonaq gəlməlidir. Mən Azərbaycan kommunistlərinin rəhbəri, Mərkəzi Komitənin birinci katibi Vəli Axundovdan xahiş etdim ki, həmin qonaq Bakıya gələndə, bir gün də Sumqayıtda təşrif buyursun. Gənclik şəhərinin necə inkişaf etdiyini öz gözləri ilə görsün. Vəli müəllim etiraz etmədi. Vaxt gəlib çatdı və Sumqayıta Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi P.N.Demiçev gəldi. Bir neçə gün əvvəl tabeçiliyimdə olan kadrları toplayıb onlara belə bir tapşırıq verdim ki, şənbə günü bütün gəncləri siz deyən yerə toplasınlar, futbol yarışı təşkil etsinlər. Demiçevi ora gətirəcəyəm. Belə də oldu. Biz onunla parkı gəzdik. Kənardan səs-küy eşitdiyindən maşını ora sürməyi xahiş etdi. Biz həmin yerə toplaşdıq. Cavanların futbol oynadıqlarını görüb təəccüblə soruşdu:
- Məgər şəhərin stadionu yoxdur ki, gənclər burada futbol oynayırlar?
- Bizim köhnə bir stadionumuz var, - deyə cavab verdim: - Günün tələblərinə cavab vermir. Yaşıl örtüyü də aşınmaya məruz qalıb. Ona görə də gənclər məcbur olub dəniz kənarında futbol meydançası qurur, vaxtlarını mənalı keçirməyə çalışırlar.
- Sizin gözəl dəniziniz, yaraşıqlı parkınız ola –ola niyə stadion tikmək istəmirsiniz?
- Fikrimiz var. Yerini də müəyən etmişik. Vəsaitimiz olmadığına görə stadionu tikə bilmirik.
- Həmin yeri mənə göstərə bilərsinizmi? - deyə Demiçev mənə müraciət etdi.
- Göstərərəm.
Maşina əyləşib indiki stadionun yerinə baxmağa getdik. Maşından düşdü. Ətrafı gəzdi. Seçimimiz onun xoşuna gəldi.
- Bura əsl istirahət zonasıdır. Xəzər dənizi, təmiz hava, ətraf yaşıllıq. Yeri çox uğurludur. Sizə kömək edərəm. Bir həftədən sonra sizə məlumat çatdıracağam.
Demiçev sözünün üstündə dayandı. Bir həftədən sonra SSRİ Səhiyyə naziri mənə zəng vurdu. Demiçevin tapşırığını söylədi. Təcili olaraq obyektin smeta dəyərini hazırlayıb göndərilməsini tapşırdı. Sevincimizin həddi-hüdudu yox idi. Bir aydan sonra Sumqayıtın bankına nəzərdə tutulan vəsaitin 70 faizi daxil oldu. Obyekt sağlamlıq ocağı olduğundan vəsaiti Səhiyyə Nazirliyi köçürmüşdü. Qalan hissəsni isə Azərboru, sintetik-kauçuk, alüminium zavodlraı kömək etdi. Sumqayıtda 3 tikinti tresti fəaliyyət göstərirdi.Onların rəhbərlərini yanıma çağırıb müşavirə keçirdim. Fikrimizi onlara başa saldım. Yaxşı qarşıladılar. Stadion düz 1,5 ilə tikilib istifadəyə verildi. «Polad» futbol komandası ilk oyununu keçirdi və 3:0 hesabı ilə qələbə çaldı. Bax oğlum, Mehdi Hüseynzadə adına stadion belə tikildi. Mən bu işdə iştirak edən bütün sumqayıtlıları, inaşaatçıları fəallar yığıncağında minnətdarlığımı bildirdim. Demiçevə məktub yazıb ona təşəkkürümüzü bildirdik, - deyə Nadir müəllim söhbətinə yekun vuruldu.
35 ildən sonra mənə qaranlıq qalan məsələyə aydınlıq gətirildi. Mən M.Hüseynzadə adına şəhər stadionunun imkanlarından geniş istifadə etmişəm. Burada keçirilən futbol yarışlarına maraqla tamaşa etmişəm. Həmişə fəxr etmişəm ki, gənclik şəhəri Sumqayıtın belə yaraşıqlı, böyük stadionu var. Ən əhəmiyyətlisi isə budur ki, stadlion Xəzər dənizinin sahilində yerləşir. Bura əsl sağlamlıq ocağıdır desəm, yanılmaram.
Bir hadisəni də yada salmaq istəyirəm. 1985-ci ildə yeniyetmələr arasında futbol üzrə dünya birinciliyi keçirilirdi. Oyunların birini Azərbaycana salmışdılar. UEFA-nın nümayəndələri Bakıda oldular. Lenin adına (indiki Tofiq Bəhrəmov adına stadion – müəllif) stadionunu gəzdilər. Burada yaradılan şərait Futbol Federasiyasının tələblərinə uyğun gəlmədiyinə görə Bakıda nəzərdə tutulan oyunu başqa respublikada keçirməyi qərara aldılar. Həmin vaxt Sumqayıt şəhər partiya komitəsinin birinci katibi Şənlik Əliyev Bakıda, Mərkəzi Komitədə belə bir təkliflə çıxış etdi ki, nümayəndələr Sumqayıta gəlsinlər. Stadionla tanış olsunlar. Onları qane edən şərait olarsa, qoy futbol yarışı Sumqayıtda keçirilsin. Bu, sumqayıtlılar üçün əsl bayram olar. UEFA-nın nümayəndələri Sumqayıta gəldilər. Stadionu gəzdilər, yaşıl örtüyü yoxladılar. İdmançılar üçün yaradılan mədəni-məişət şəraiti ilə tanış oldular. Kommunikasiya xətlərinin keyfiyyətinə diqqət yetirdilər. Nümayəndə heyətinin üzvlərindən biri dedi ki, «cüzi təmirdən sonra burada futbol yarışını keçirmək olar. Gözəl stadionunuz var. Həm də havası safdır. Dənizdən əsən meh bura azerkeşlik etməyə gələnlərin sağlamlığına da xidmət edəcək. Bu, stadionu kim burada tikibsə onu alqışlayıram». Belələiklə 1985-ci ilin yayında Sumqayıtda Çinlə Paraqvay arasında futbol yarışı keçirildi. Sumqayıta çoxlu qonaqlar gəlmişdi. Xarici ölkələrin jurnalistləri futbol yarışından canlı reportaj aparırdılar. Həmin gün sumqayıtlıların yaddaşında uzun müddət qaldı.
Onu da deyim ki, stadion kompleks şəelində tikilmişdi. «Sumqayıt şəhər idman komitəsi üçün ayrıca ofis», «Həndbol meydançası», «Yaşıl örtüksüz futbol meydançası», «Voleybol zalı», «Stolüstü tennis» otaqları, «Tennis kortu» «Buz üzərində rəqs» (Açılışı keçirildi. Təəssüflər olsun ki, mütəxəssis olmadığından həmin obyekt istifadəsiz qaldı.)
Bax, belə əziz dostlar. Sumqayıtın M.Hüseynzadə adına stadionun tarixi ilə qısa da olsa tanış oldunuz. Sumqayıt idmanın inkişafında bu stadionun xidmətlərindən geniş istifadə edənlər arasında dünya, Avropa yarışlarında qızıl medal alanların sayı çoxdur. Biz onlarla həmişə fəxr edirik və stadionun təməl daşını qoyanları, onu başa çatdırıb sumqayıtlıların ixtiyarına verənləri unutmuruq.
Eyruz Məmmədov,
Respublikanın əməkdar jurnalisti