“2024-cü ilin dövlət büdcəsi suverenliyini tam bərpa etmiş Azərbaycanımızın bütün ərazisini əhatə etməsi baxımından qürur doğurur. Cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət büdcəsinin gəlirləri davamlı olaraq artırılır”. Sumqayit.tv xəbər verir ki, bunları Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deputat Emin Hacıyev dilə gətirib.
Deputat çıxışının davamında deyib: “2024-cü ilin dövlət büdcəsi də ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, sərhədlərin qorunması, işğaldan azad olunan ərazilərimizin bərpası, əhalinin sosial təminatının yüksəldilməsi kimi prioritet istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.Mən fürsətdən istifadə edərək, deputatı olduğum Sumqayıt şəhəri ilə bağlı bəzi məsələlərə diqqəti yönəltmək istəyirəm. Öncə qeyd edim ki, ölkədə geniş vüsət alan islahatların müsbət nəticəsi Sumqayıtın sosial-iqtisadi həyatında da özünü göstərir.
Lakin məlumdur ki, yeni imkanlar yeni çağırışlar yaradır. Onu da deyim ki, üzvü olduğum Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yerlərdə seçicilərimizlə keçirdiyimiz görüşlərdə bizə çoxsaylı müraciətlər daxil olur. Qaldırılan məsələlərdən biri Sumqayıt şəhərində istiliyin təmin edilmədiyi yaşayış binalarında istilik təchizatı sistemlərinin bərpası və yenidən qurulması, yeni qazanxanaların tikilməsilə bağlıdır. Qarşıdan qış mövsümü gəlir, amma təəssüf ki, bu məsələ hələ də öz həllini tapmayıb və sumqayıtlılar üçün maddi sıxıntı yaradır. Mən demək olar ki, hər il dövlət büdcəsinin müzakirəsi zamanı Sumqayıt şəhərinin istilik təchizatı sisteminin yenidən qurulmasına maliyyə ayrılması ilə bağlı hökumətə müraciət edirəm. Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisdə müzakirəsi zamanı irəli sürülmüş təklif və tövsiyələrin icrası barədə məlumatda mənim qaldırdığım məsələ də yer alıb. Orada qeyd olunub ki, növbəti illərin investisiya proqramının tətbiqi zamanı qeyd olunan məsələyə dövlət büdcəsinin imkanları çərçivəsində baxılacaq.
Xahiş edirəm, Sumqayıtda istiliyin təmin edilmədiyi yaşayış binaları və sosial obyektlərdə istilik təchizatı sisteminin qurulmasına 2024-cü ilin dövlət büdcəsindən müvafiq maliyyə vəsaitinin ayrılması təmin edilsin. Nəzərə alsaq ki, “Azəristiliktəchizat”ın zərərinin örtülməsi üçün növbəti ilin dövlət büdcəsindən 46,5 milyon manat ayrılacaq, Sumqayıt şəhərinin də istilik probleminin yoluna qoyulmasının diqqətdə saxlanılması məqsədəuyğun olardı.Daha bir məsələ Sumqayıt şəhərinin
sərnişin nəqliyyatında olan problemlər, idarəetmə keyfiyyətinin aşağı olması, avtobus və sürücü qıtlığı, şəhərin müxtəlif istiqamətlərinə marşrut xətlərinin olmaması ilə bağlıdır. Xüsusilə Sumqayıt Kimya Sənayə Parkının ərazisindəki müəssisələrə marşrut xəttləri çox azdır, axşamlar həmin ərazilərə avtobuslar demək olarki işləmir. İnsanlar işə gedib-gəlməkdə böyük əziyyət çəkir. Paytaxtda olduğu kimi, ölkəmizin mühüm sənaye şəhəri olan Sumqayıtda da sərnişin nəqliyyatı sisteminin müasir standartlara uyğun qurulmasına böyük ehtiyac var.
Digər məsələ Sumqayıtın şəhər mərkəzində çoxmərtəbəli binaların zirzəmilərində olan antisanitar vəziyyət, burada toplanmış tullantı sularıdır. Problemin həlli üçün həmin yaşayış binaları əsaslı təmir edilməli və şəbəkə kanalizasiya xətləri yenilənməlidir. Kanalizasiya problemi şəhərin “Yaşıldərə” yaşayış məntəqəsində də özünü ciddi şəkildə göstərir. Eyni problem Hacı Zeynalabdin Tağıyev qəsəbəsi - Dəmiryolu ərazisi, Əliağa Vahid küçəsi, Corat qəsəbəsində də yaşanır. Ümumiyyətlə, Sumqayıt sənaye şəhəri olduğundan burada ekologiyanın qorunmasına lazımi diqqət göstərilməsi xüsusilə vacibdir. Məişət tullantılarının daşınmasındakı problemlər, və boşluqlar bu məsələdə də təxirəsalınmaz addımlar atılmasını zəruri edir. Bu baxımdan Sumqayıta yaxın ərazilərdə Məişət Tullantılarının Emalı Zavodunun qurulmasını təklif edirəm. Hesab edirəm ki, emaldan alınan elektrik enerjisini Sumqayıtdakı sənaye müəssisələrinə satışını təşkil etmək olar.
Düzgün investisiya dəyərləndirməsi göstərir ki, Balaxanı Bərk Məişət Tullantıları Zavodunun tikintisi ilə müqayisədə, hazırda yeni texnologiyalar hesabına daha aşağı investisiya ilə Sumqayıtda belə müəssisə qurula bilər, Sumqayıt və ətraf qəsəbələrin – ümumilikdə 1 milyona yaxın sakinin məişət tullantılarını emal etmək olar. Bu, məişət tullantılarının şəhərdən kənara daşınmasındakı xərcləri və çətinlikləri fonunda daha rentabelli sayıla bilər. Bu gün inkişaf etmiş ölkələrdə heç bir tullantının emalsız qalmadığını nəzərə alsaq, Sumqayıtda da belə təcrübənin tətbiqi faydalı və ölkəmizin yaşıl enerjiyə keçid siyasətinə uyğun olar. Azərbaycan alternativ enerji istehsalı ilə yanaşı, zəngin ixrac potensialına sahibdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çeviriləcək.Xahiş edərdim, Sumqayıtla bağlı bu məsələlər də diqqət mərkəzində saxlanılardı. Bütün bu problemlərin həlli ilə bağlı istənilən müzkirələrdə iştirak etməyə, prosesə töhfə verməyə hər zaman hazırıq.Ümumilikdə, qanun layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm, deputat həmkarlarımı da bu qanun layihəsinə səs verməyə dəvət edirəm”.