Qadınlarımız bu məsələdə məsuliyyətsizlik edirlər-MÜSAHİBƏ

Məlum olduğu kimi son zamanlar xanımlarımızı ən çox narahat edən məsələlərdən biri də ginekoloji xəstəliklərlə bağlıdır. Bu da istər-istəməz ailə daxili münasibətlər sistemində müəyyən narahatlıqlara səbəb olur. Hətta, bəzən ginekoloji xəstəliklər ailələrin ayrılmasına qədər gedib çıxa bilir. Biz də Sumqayit.tv olaraq şəhərimizin tanınmış klinikalarından biri, Ümid Klinikasının həkimi, Mama-Ginekoloq, Cərrah Həyat Namiq qızı ilə söhbətləşmək qərarına gəldik. 

-Doktor, öncə özünüz haqqında qısa məlumat vermənizi xahiş edərdik. 

-Özüm haqqında qısa olaraq deyə bilərəm ki, mən 2012-2018-ci illərdə Moskva şəhəri, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakultəsinin məzunu olmuşam. 2018-2020-ci illərdə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetin 1 nömrəli mama ginekoloqiya kafedrasında təhsil aldım. Bundan başqa V.F. Snegirev adına Mamalıq və Ginekoloqiya Klinik Mərkəzində rezidenturanı keçmişəm (Moskva şəhəri). Hal - hazırda “Aspirantura" pilləsinin 2-ci kursunda təhsilimi davam etdirirəm.  Təhsilimlə yanaşı həm də Ümid klinikasında mama-ginekoloq, cərrah kimi fəaliyyət göstərirəm. Qısa olaraq özüm haqqında hələlik bunları deyə bilərəm. 

-  Doktor, təcrübənizə əsaslanaraq Azərbaycanda ginekoloji xəstəliklərin özünü daha çox hansı formalarda göstərdiyini söyləyə bilərsiniz?

- Bilirsiniz, qadın orqanizminin xüsusi diqqətə ehtiyacı var. Ona görə də mütəmadi olaraq ginekoloqa müraciət olunmalıdır, müayinələrdən keçilməli, analizlər verilməlidir. Əgər xəstəlik erkən mərhələlərdə aşkar olunursa, biz onu effektiv şəkildə müalicə edə bilərik, çox vaxt hətta cərrahi üsullara müraciət etmədən. Bundan əlavə yadda saxlamaq lazımdır ki, ilk baxışdan ciddi görünməyən qadın xəstəlikləri təhlükəli xəstəliklərə çevrilə bilər (məs. xərçəngə). Ümumiyyətlə bir sıra xəstəliklər var ki, onlara daha çox rast gəlmək olur:

1. Uşaqlıq boynunun ektopiyası (eroziyası)
Ən çox rast gəlinən xəstəlikdir. Deyilənə görə eroziya adlanan xəstəlik mövcud deyil və müalicə etməyə ehtiyac yoxdur. Bu yalnış və hətta təhlükəli yanaşmadır. Düzdür eroziyaların hamısını “yandırmağa” ehtiyac yoxdur. Lakin, biz mütləq qaydada qadını müayinə edirik. Bəzən uşaqlıq boynu tamamilə ideal görünür, lakin analizlər xərçəngönü vəziyyəti göstərir. Müalicə olunmadığı halda o 100% bədxassəli şişə çevrilir. Praktikamda bu problemi 26 yaşlı xanımda aşkar etmişdik.
Pasientlərin çoxu eroziya barədə məlumatlıdırlar, lakin ciddi qəbul etməyərək zamanında həkimə müraciət etmirlər. Hər bir qadında, xüsusi ilə eroziyası olan xanımlarda PAP test və kolposkopiya aparılmalıdır.

2. Mioma

Uşaqlığın mioması bəzilərinin düşündüyü kimi təhlükəsiz xəstəlik deyil. Hər şey onun ölçüsü, yerləşdiyi nahiyyədən, qonşu orqanlarla əlaqəli olmasından və s. asılıdır. Müşahidə və ya müalicə etməyə həkim müayinənin nəticələrinə əsasən qərar verir. Bəzi miomaları menopauzayadək müşahidə edirik. Çox vaxt onlar menopauzadan sonra reqressiyaya uğrayırlar. Praktikamda belə bir hadisə olub ki, kiçik bir miomadan böyük ölçülərdə sarkoma inkişaf edib, hansı ki, bədxassəli şişlərə aid edilir. Bundan əlavə miomalar,  güclü qanaxmalara və menstrual tsiklin pozulmalarına səbəb olur.

3. Yumurtalıqların xoşxassəli törəmələri- kistalar 
Bəzi hallarda pasient menstruasiya öncəsi USM müayinəsinə gedir və onda kista aşkar olunur. Bu zaman biz tsiklin 5-7-ci günlərində təkrar müayinə təyin edirik. Əgər kista sorulursa – bu normal haldır, qadın sağlamdır. Deməli , bu funksional kista olub. Əks halda histologiyaya ehtiyac yaranır. Bu analizi etmədən kistanın təhlükəli olub olmadığını dəqiq təyin etmək mümkün deyil. Nə USM, nə də ki, onkomarkerlər kistanın xoşxassəli şiş olduğunu təsdiq edə bilməz. Bəzi hallarda kistanın ölçüləri çox kiçik olur, o isə artıq bədxassəli şişə çevrilmişdir.

-Hansı əlamətlərə əsasən qadınlar onlarda kista olduğunu anlaya bilər?

-Bir çox hallarda pasientlər aybaşı zamanı, tsiklin ortalarında və ya cinsi əlaqə zamanı güclü ağrılardan şikayət edirlər. Bəzən qadınlar illərlə bu ağrılarla gəzirlər və ağrıkəsici dərmanlar qəbul edirlər.  Əgər kista üç aydan artıq təyin edilirsə, yəni geriyə sorulmursa, bu artıq əməliyyat üçün göstərişdir. Qeyd etməliyəm ki, kistaların aradan qaldırılması üçün Laparoskopik cərrahi üsulları tətbiq edirəm . Bu da kəsiksiz, çapıqsız, qansız və tam estetik bir üsuldur, pasient 1 günə tam aktivləşib, əmək qabiliyyətini bərpa edir.

4. Endometrioz
Bu xəstəlik zamanı uşaqlığın selikli qişasının (endometriumun)  hüceyrələri olmamalı olduğu yerə düşürlər. Onlar yumurtalıqlarda, uşaqlıq borularında, kiçik çanaq orqanlarının divarında, bağırsaqda və digər yerlərdə ola bilərlər. Xəstəlik öncəsi ağrılı menstruasiya olur, hətta bayılma, qusma və tünd ifrazatlar da müşahidə olunur. USM bu xəstəliyi hər zaman göstərməyə bilir, bəzən kiçik çanaq orqanlarının MRT-sinə ehtiyac yarana bilir. Bəzi hallarda xanımlara illərlə diaqnozu qoymaqda çətinlik çəkirlər. Endometrioz səbəbi dəqiq bəlli olmayan xəstəlikdir, lakin hormonlarla əlaqəlidir. Keysəriyyə əməliyyatı, tez-tez cinsi partnyoru dəyişmə, abort, uşaqlıq divarının qaşınması endometriozun yaranma riskini artırır. Endometrioz bədənin hər tərəfinə yayıldığı üçün xərçənglə müqayisə edilir.

5. Çanaq dibi əzələlərinin çatışmazlığı (prolapsı)- orqan sallanması
Bu vəziyyətdə kiçik çanaq orqanlarının yerdəyişməsi baş verir. Bu həyat üçün təhlükəli deyil, lakin diskomfort və ağrı hissi yaradır. Bir çox hallarda prolaps doğuşdan sonra və menopauza zamanı əmələ gəlir. Illər keçdikcə xəstəlik daha da inkişaf edir, qadınlarda özünəinam hissi azalır, intim həyatın keyfiyyəti azalır. Çoxları bilmir ki, bu problemin həlli vaginal yolla aparılan əməliyyatladır.
Bu xəstəliyin müalicəsinin digər üsulları da var - seçim xəstənin fərdi xüsusiyyətlərindən asılıdır.
Ginekoloqa müraciət etməyi təxirə salmayın. Yadda saxlayın ki, xəstəliyin qarşısının alınması müalicədən yaxşıdır.

- Azərbaycanda qadınlar ginekoloqa vaxtı-vaxtında müraciət edir mi?


- Ümumilikdə hər kəs ildə bir dəfə də olsa həkim müayinəsinə getməlidir. Ginekoloji müayinəyə gəldikdə isə qadınlarımız bu məsələdə adətən məsuliyyətsizlik edirlər. Çünki bizim insanlar adətən ya xəstə, ya da hansısa nahiyələrində ağrıları olarsa həkimə getməyə üstünlük verirlər. Çox az sayda qadınlarımız var ki, profilaktik müayinələrini etdirirlər. Xroniki xəstəlikləri olan pasiyentlərə ciddi şəkildə tapşırırıq ki, müəyyən müddətdən sonra mütləq yoxlanışa gəlməlisən. Onlardan da bəziləri bu tövsiyələrə əməl edir. Bütün qadınlara müraciət edirəm ki, özlərinə və qız övladlarının sağlamlığına məsuliyyətsiz yanaşmasınlar. Qızlarına obyekt kimi yox, fərd kimi yanaşsınlar. Övladının ailə qurmasını gözləmədən ildə ən azı bir dəfə ginekoloji müayinəyə aparsınlar.

-Ginekoloqa müraciət zamanı qadınlarda əsas hansı problemlər meydana çıxır?


-Müayinələrdən sonra qadınlarda ginekoloji problemlər adətən çox olur. Yaş ötdükcə uşaqlığın və uşaqlıq yolunun tonusu da zəifləyir və xoşagəlməz əlamətlər meydana çıxır. Sidikburaxma isə öz növbəsində aralıq nahiyəsinin mikroflorasını korlayır və patogen mühit yaradır. Bu da öz növbəsində cinsi orqanlarda xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Yaş ötdükcə, immunitet azaldıqca əlamətlər çoxalaraq qadınlarda diskomfortun artmasına səbəb olur. Mütəxəssislər yaş artdıqca patoloji əlamətlərin çoxalmaması üçün qadınlara vaxtında ginekoloqa müraciət etməyi məsləhət bilir. Qadınlarda ginekoloji xəstəliklərin əsas giriş qapısı uşaqlıq yoludur. Əgər sizdə aşağıdakı əlamətlər varsa o zaman mütləq ginekoloqun qəbuluna düşün. Bu əlamətlərə aiddir:
* sidiyə çıxma ilə əlaqəli problemlər
* gecələr tez-tez sidiyə çıxma
* cinsi əlaqə zamanı diskomfort və ağrı hissi
* kiçik çanaqda və uşaqlıq yolunda ağırlıq hissi
* uşaqlıq yolunda narahatlıq hissi
* bel hissədə ağrı və ya ağırlıq hissi
* uşaqlıq yolundan axıntının gəlməsi

Qadının kiçik çanaq orqanları onun həyatı üçün çox vacib əhəmiyyət daşıyır. Əgər patoloji əlamətlər varsa, o zaman kiçik çanağa xüsusi qaydalarla yanaşmaq lazımdır. Kiçik çanaq orqanlarına infeksiyaların uşaqlıq yolundan düşdüyünü nəzərə alsaq, deməli ilk növbədə uşaqlıq yolu qorunmalıdır.
1. Qorumaq
Qadınlar cinsi orqanlarının mikroflorasını qorumalıdırlar. Bu işdə uşaqlıq yolundakı qialuronova turşusu kiçik və böyük çanaq orqanlarını qoruyur. Turşuluğun miqdarı az olduqda isə müxtəlif infeksiyalar vasitəsilə yerli immunitet artırılır və patologiya aradan qaldırırlır.
2. Bərpa eləmək
Doğuşdan və ya ağır infeksiya xəstəliklərindən sonra uşaqlıq yolu zədələnmişsə və ya tamlığı pozulmuşsa, mütləq lazer müalicəsi ilə bərpa edilməlidir. Uşaqlıq yolu divarının möhkəmlənməsi istiqamətində aparılan müalicə metodları və ya uşaqlığın diametrinin daralmasına ehtiyac varsa mütləq vaxtında bərpa olunmalıdır. Çünki uşaqlıq yolunda cırılma və ya diametrinin enlənməsi varsa bu, uşaqlığın sallanmasına səbəb ola bilir.

- Son vaxtlar sonsuzluq problemləri, eləcə də sonlanmayan hamiləliklərin sayı artmaqdadır. Bunun həlli yolları nələrdir?

-Ümumiyyətlə, sonsuzluq bəşəriyyət üçün aktual mövzulardan biridir. Nə qədər insan, cəmiyyət varsa, sonsuzluq problemi də mövcud olacaq. Düzdür, sonsuzluqla bağlı elmi-tədqiqat işləri çox aparılıb, ancaq yenə də bəzi suallar cavabsız qalıb. Birincili sonsuzluq  diaqnozu - heç vaxt hamilə qalmayan qadınlara qoyulur. İkincili sonsuzluq diaqnozu isə - əvvələr hamiləlik baş verdikdə qoyulur ( fərq etməz nə ilə nəticələndiyi). Bu doğuş, abort, uşaqsalma və ya uşaqlıqdan kənar hamiləlik ola bilər. Bu nə ilə əlaqəli ola bilər?
Bu suala birmənalı cavab vermək çətindir, lakin, çox güman ki – ekologiya, qida məhsulları, həyat tərzi , infeksiyalar və digər oxşar sosial amillər səbəbindən.
- Sonsuzluğa nələr səbəb ola bilər?

- Praktikamda sonsuz nigahlarla çox qarşılaşıram. Müasir dövrdə aparılan əməliyyatlar, müasir xroniki və kəskin stress halları, böhran vəziyyətləri hormonal disbalansın yaranmasına səbəb ola bilir ki, nəticədə sonsuzluq problemi meydana gəlir. Daha sonra kiçik çanaqda iltihabi xəstəliklər səbəbindən, eləcə də vərəm, süzənək kimi xəstəliklər uşaqlıq boruların keçiriliciyini bağlayır. Daha sonra kiçik çanaqda aparılan istənilən əməliyyatlar yenə bitişmə yaradır və borunun anatomiyasını dəyişir ki, bu da sonsuzluğa səbəb olur.

Bir sözlə, elə şeylər var ki, biz bunun qarşısında gücsüzük. Düzdür, qabaqcadan dünyaya gələcək xəstə uşaqlarının doğulmasının qarşısını almaq olur. Ancaq elə şeylər olur ki, elm yeni araşdırmalar aparsa da, aciz qalır.

-Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, qeysəriyyə əməliyyatları təbii doğuşların sayının 15 %-ni ötməməlidir. Hazırda ölkədə vəziyyət necədir?

- Mən düşünürəm ki, artıq bu göstəricini illərdir ki, keçirik. Bizə sağlam gələcək, sağlam körpələr lazımdır. Qeyd edim ki, praktikamda daha çox qeysəriyyə əməliyyatına üstünlük verirəm. Çünki mənə müraciət edənlərin əksəriyyəti problemli hamiləliklər olur. Bu zaman isə mənim başqa çıxış yolum qalmır.

- Ümumiyyətlə, evlilikdən sonra uşaq olmursa, neçə müddət sonra həkimə müraciət etmək lazımdır?

- Qadının bədəninin formalaşma dövrü ölkə qanunvericiliyində də olduğu kimi əsasən 18 yaşdan sonra başlayır. Yəni, bu yaşda artıq ailə qurmaq düzgündür. Bəzən bir neçə ay sonra bizə də müraciətlər edən olur. Ancaq bu cür vəziyyətdə tələsməmək lazımdır. Belə ki, evlilikdən 1 il sonra hamilə qalmaq mümkün olmursa, bu zaman həkimə müraciət etmək olar. 35 yaşa qədər qadın 1 ildən sonra, 35 yaş üstü xanımlar isə 6 ay sonra, müraciət edə bilərlər. Ancaq qadının yumurtalığında əməliyyat olubsa, eləcə də bir tərəfdə boru, yumurtalıq yoxdursa və s. onda daha tez həkimə müraciət etsinlər.

- Son zamanlar sosial şəbəkələrdə hələ də erkən nikahların olduğunun şahidi oluruq. Ümumilikdə erkən nikahın qadın orqanizminə nə kimi ziyanı var?

- Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilimiş həddə olmalıdır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib. Erkən nikahın qız uşaqlarının sağlamlığı üçün nə dərəcədə təhlükəli olduğunu anlamaq üçün ilk növbədə onun anatomik, fizioloji və psixoloji xüsusiyyətlərini bilmək lazımdır. N.K.Krupskaya yazırdı: “Pedaqoq hər şeydən əvvəl nəyi bilməlidir: insan orqanizminin anatomik quruluşunu, funksiyalarını və inkişafını. Bunları bilməyən yaxşı pedaqoq olmaz, uşaqları düzgün böyüdüb tərbiyə edə bilməz”. 
 Bu yaşda ana olmağın böyük riskləri var. Hamiləlik insan orqanizmində böyük dəyişikliyə səbəb olur. Misal olaraq, sual ortaya çıxır ki, erkən yaşda qadının orqanizmi hamiləliyi qaldıra biləcək gücdədir mi? Bütün bunların hamısı böyük riskdir. Digər tərəfdən, gələcəkdə həmin qadında uşaqlıq boynu, eləcə də daxili cinsiyyət üzvlərinin xərçənginin olma ehtimalı var. Bütün hallarda erkən yaşda hamilə olmaq tibbdə əks göstərişdir.

- Hamiləlik və doğuş zamanı meydana çıxan problemlər daha çox nə ilə əlaqəli olur?


-İlk olaraq hamilələrin məlumatsızlığı buna səbəbdir. İkincisi isə böyüklərin keçmişlə müqayisə aparmasıdır. Nənələrimiz tarlada uşaq dünyaya gətirib, hamiləlik fizioloji haldır deyə həkimə getmək lazım deyil, USM müayinəsindən keçmək olmaz, şüalanma var. Unutmaq lazım deyil ki, biz keçmişdə yox, XXI əsrdə yaşayırıq. Qidalarımız əvvəlki kimi deyil, bir çox dəyişikliklər var. İndiki dövrdə hamiləlik dövrünün müayinə üsullarında inkişaf çox olub, hamiləlik müddətində USM, bəzən hətta MRT müayinəsi və ehtiyac olduqda infaziv müayinələr aparılır. Burdan xanımlaramızın nəzərinə USM-nin faydasını çatdırmaq istərdim.

USM hamiləliyin erkən dövründə, döldə olan bir çox problemləri vaxtında aşkarlamaq imkanı verir. Miflərlə yaşamaq düzgün deyil. İlk növbədə, ailə quran cütlüklər bilməlidir ki, hamiləlik planlı şəkildə olmalıdır. Uşaq dünyaya gətirməmişdən əvvəl xəstəlik varsa aşkarlanmalıdır, xəstəliyin hansı fazada olması təhlil olunmalıdır. Odur ki, ilk olaraq həmin xəstəlik müalicə edilməli və ardınca hamiləlik planlaşdırılmalıdır.

Məsələn, Azərbaycanda anemiyalara çox rast gəlindiyindən belə qadınların, düzgün müalicə almadan hamilə qalması məsləhət deyil. Ümumiyyətlə, hamiləlik vaxtı qadınlarda səhhətləri ilə bağlı bir çox problemlərin meydana çıxma ehtimalı yüksəlir. Bununla yanaşı, günümüzdə həkimlərə etibar etməmək də problem olaraq mövcuddur. Bütün bunların əsas mərkəzində maarifləndirmənin az olması dayanır

Şəbnəm Məşiyeva

2-08-2022, 13:25 1 281

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903