Sentyabrın 28-dən oktyabrın 3-dək Özbəkistanda “İpək yolu dürdanəsi” XIII Daşkənd Beynəlxalq Film Festivalı keçirilib. Festivalın açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov çıxış edib, Özbəkistan Prezidenti Şavkat Mirziyayevin təbrik məktubunu oxuyub.Sumqayit.tv xəbər verir ki, dünyanın 50-yə yaxın ölkəsindən 350 qonağın iştirak etdiyi festivalda 150 film nümayiş olunub. Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları – Stiven Siqal, Mithun Çakraborti, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Nikita Mixalkov, Nuri Bilge Ceylan, Özcan Deniz və digər məşhur sənət adamları iştirak edib.
Azərbaycan Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov öz çıxışında belə bir festivalın keçirilməsi üçün Özbəkistan tərəfinə minnətdarlıq ifadə edərək bildirib ki, Daşkənd festivalı dünyanın nüfuzlu kinematoqrafçılarını bir araya yığa bilib. O, festivala uğurlar arzulayıb, Azərbaycan kinematoqrafçılarının fəaliyyətindən danışıb.
* * *
“İpək yolu dürdanəsi” Beynəlxalq Film Festivalı çərçivəsində “Azərbaycan kinosu günləri” keçirilib. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kinosu günləri”nin açılış mərasimi keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, bir sıra universitet müəllim və tələbələri, jurnalistlər iştirak edib. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri düzüb. Mərasimdə çıxış edən səfir uzun illərdən bəri Azərbaycan kinosunun şərəfli bir yol keçdiyini, dünya kino tarixinə qiymətli sənət əsərləri bəxş etdiyini bildirib. Azərbaycan və Özbəkistan kinematoqrafçılarının əməkdaşlığından danışan səfir vurğulayıb ki, tanınmış Azərbaycan kinorejissoru Tofiq Tağızadə vaxtilə “Görüş” adlı film çəkib və bu əsər Azərbaycan-özbək dostluğunun bariz nümunəsidir.
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov çıxışında bildirib ki, zaman-zaman Azərbaycan kinematoqrafçıları Özbəkistanda, özbək kinematoqrafçıları isə Azərbaycanda birgə film çəkilişlərində iştirak ediblər. Məşhur “Nəsimi” filminin bəzi kadrları, o cümlədən Nəsiminin edam edilməsi səhnəsi Özbəkistanda - Xivədə çəkilib. Rüfət Həsənov əmin olduğunu bildirib ki, kinematoqrafçılarımız bundan sonra da daha sıx əməkdaşlıq edəcək, birgə filmlər yaradacaq.
Mərasimdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə istehsal etdiyi, Vətən Müharibəsində şanlı zəfərinə həsr olunan “Biz” sənədli filmi nümayiş olunub.
* * *
Kino günləri çərçivəsində İsmayıl Səfərəlinin “Balıqçının qızı”, Əli-Səttar Quliyevin “Olimpia”, Kseniya Laqutinanın “Fəridə”, Orman Əliyevin “Biz”, Fariz Əhmədovun “Sonuncu”, Murad Hüseynovun “Vəhşi durnaların vaxtı”, Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstərilib.
Gənc kinorejissorlar Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmi Daşkənd Beynəlxalq Film Festivalının “5 Gündə Film” müsabiqəsi çərçivəsində “Maarifləndirmə və inkişaf naminə” nominasiyasında qalib olub.
***
Festival çərçivəsində Azərbaycan nümayəndə heyətinin Özbəkkino Milli Agentliyi ilə geniş tərkibli görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri, nümayəndə heyətinin rəhbəri Rüfət Həsənov və ÖzbəkKino Milli Agentliyinin baş direktorunun birinci müavini Şuhratilla Rizayev tərəfindən memorandum imzalanıb. Memorandum özbək və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq və müştərək filmlərin çəkilməsini nəzərdə tutur. İlkin olaraq yaxın müddətdə “Molla Nəsrəddin” filminin istehsalı qərarlaşdırılıb. Filmin rejissoru Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir.
Festival İpək yolu ölkələrinin mədəni həyatında əhəmiyyətli bir hadisə kimi yaradıcı təcrübə mübadiləsi və mədəni əməkdaşlıq, xalqlar arasında sülh və dostluq ilə əlamətdar olub.