Martın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamları ilə (16 oktyabr, 17 noyabr 2021) təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatların təqdimetmə mərasimi keçirildi.Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ilk olaraq Novruz bayramı münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırdı. Qeyd etdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət sahəsində çalışan insanlara hər zaman qayğı göstərir, onları diqqətdə saxlayırlar. Bugünkü təltifetmə mərasimi də bunun bariz nümunəsidir.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyini bildirən Anar Kərimov Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, mədəniyyətinin bütövlüyünü də bütövləşdirdiyini vurğuladı: “Qarabağsız Azərbaycan mədəniyyəti bütöv ola bilməzdi. Fəxr edirik ki, bu günləri yaşayırıq. Ərazi bütövlüyümüzün bərpasından ötən qısa müddətdə Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlər görülüb. Keçən il mədəniyyət paytaxtımız Şuşa şəhərində müxtəlif tədbirlər keçirilib. Bununla da biz bütün dünyaya göstəririk ki, Qarabağa mədəniyyətimizi qaytarırıq”.
Nazir vurğuladı ki, Vətən müharibəsi sona çatsa da, informasiya savaşı davam etməkdədir: “Bu məsələdə mədəniyyət ictimaiyyətinin üzərinə də mühüm missiya düşür. Sizlər, bizlər öz cəbhəmizdə vəzifəmizi layiqincə yerinə yetirməli, mədəniyyətimizi həm ölkə daxilində, həm də xaricdə davamlı tanıtmalıyıq. Qarabağımızda mədəniyyətimizi dirçəltmək üçün əlimizdən gələni etməliyik”.
Anar Kərimov Prezident İlham Əliyevin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzaladığını və bununla əlaqədar Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanaraq təsdiq olunduğunu söylədi. Qeyd etdi ki, sənəddə əksini tapan əksər tədbirlərin icrası Mədəniyyət Nazirliyinə həvalə olunub. İl ərzində nazirlik tərəfindən bir sıra tədbirlər keçiriləcək. İki gün öncə nazirliyin “Şuşa söhbətləri” layihəsinin təqdimatı keçirildi. Mən əminəm ki, “Şuşa İli”ni sizinlə birgə layiqincə keçirəcəyik”.
Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Xalq rəssamı”, “Əməkdar rəssam” fəxri adları, 2-ci dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalına layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin mükafatları sahiblərinə təqdim olundu.
“Tərəqqi” medalına layiq görülən Əməkdar artist Bəhram Bağırzadə Vətən müharibəsində xalqımıza Zəfər sevinci yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov isə “Tərəqqi” medalı ilə təltif olunmasına və teatra göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə etdi.
Mərasimin sonunda xatirə şəkli çəkdirildi.
Nazir Anar Kərimov bir daha mədəniyyət və incəsənət xadimlərini təbrik edərək cansağlığı və fəaliyyətlərində uğurlar arzuladı.