Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında iştirak edib.
Tədbirdə A. Kərimov mədəniyyətimizin beşiyi sayılan Şuşanın təqdimatı ilə çıxış edib. Təqdimatda qədim və zəngin tarixə malik Şuşa haqda geniş məlumat verilib.
1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Uzun illər boyu Qarabağ xanlığının paytaxtı və əsas müdafiə qalası olmuş Şuşa daim mədəniyyətimizin çiçəkləndiyi şəhər rolunu oynayıb. Şərq memarlığı üslubunda salınmış Şuşa şəhəri 17 məhəllədən ibarətdir. Hər bir məhəllənin öz məscidi, hamamı və bulağı olub. Sənətkarlığın və incəsənətin müxtəlif sahələri şuşalıların əsas ruhunu təmsil edir.
İşğaldan azad edilmiş mədəniyyət ocağımızın tarixinə, dirçəlməsinə dair videoçarxlar nümayiş olunub.
Sonra Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.