“Yox” demək məharəti və cəmiyyətin qəbul edə bilmədiyi digər qaydalar - Etika ustası ilə MÜSAHİBƏ



“Filankəs etikadan kənar danışdı”, “etikadan kənar hərəkət etdi” və s. kimi iradları cəmiyyətdə hər on nəfərdən səkkizindən eşidirik. Bunun kimi, yerli-yersiz işlədilən nəzakətli ifadələr də var. Hətta o dərəcədə ki, bəzən insanlar ailə üzvlərini təqdim edərkən sözə “çox üzr istəyirəm” deyərək başlayırlar. 

Bəs görəsən, hər kəs etika qaydalarını bildiyinə əmindirsə, bu səhvləri edənlər kimlərdir? 
Ümumiyyətlə, etik kodeks nədir? Biz cəmiyyətdə bilmədən hansı səhvlərə yol veririk? Bu səhvlər bizim cəmiyyətdəki imicimizi necə zədələyir?
Oxu.Az-ın bu və digər suallarını Etika Akademiyasının rəhbəri Günel İbrahimli cavablandırıb:
- Günel xanım, hansı qurumlarla əməkdaşlıq edirsiniz? Təlimlərin hazırlanması zamanı hansı tədris bazasından istifadə edirsiniz?
- Dövlət qurumlarında hər zaman peşə etikası ilə bağlı imtahanlar təşkil olunub. Bizimlə əməkdaşlıq çərçivəsində isə əlavə ünsiyyət, daxili harmoniyanı qoruyub-saxlamaq üçün korporativ etiket təlimlərinə görə müraciət edilir. Yeni təyin olunan əməkdaşlara protokol qaydaları təlimləri üzrə xidmət veririk. Təhsil Nazirliyi, Bakı Şəhəri Təhsil İdarəsi ilə etiket dərnəkləri çərçivəsində əməkdaşlıq edirik. Ədliyyə Nazirliyi nəzdində Ədliyyə Akademiyasında hakimliyə namizədlərə protokol və natiqlik mövzularında, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında nitq mədəniyyəti üzrə və s. xidmətlər göstəririk.
- Müraciət edən gənclər arasında təlimləri yüksək səviyyədə başa vuranlar işlə təmin oluna bilirlərmi?
- Təlimlərimizdən yararlanan gənclər etiket qaydaları ilə bərabər, gözəl danışıq sənətinə, etik idarəetmə üslubuna da sahib olurlar. Bizim təlimlər və təqdim etdiyimiz sertifikatlarla gənclərimiz effektiv karyera qururlar. Tövsiyə məktublarımıza şirkətlər inam və rəğbətlə yanaşırlar. Çünki texniki biliklərlə yanaşı, davranış və bacarıqlar da çox önəmlidir. Texniki biliklərə yiyələnən çox gənc ola bilər, lakin ədəbli və bacarıqlı gənc tapmaq çətindir.
- Bu gün cəmiyyətdə etiket qaydalarını bilənlər çoxdur, yoxsa bundan anlayışı belə olmayanlar?
- Azərbaycan cəmiyyəti etikanı, ədəbi qoruya bilən millətlər sırasındadır. Çünki ailə tərbiyəmiz güclüdür. Bəzən cəmiyyət institutunda bilməli olduğumuz məqamlar var ki, onlar oxunmalı və öyrənilməlidir. Etika fəlsəfənin bir qolu olduğu üçün dərindir. Onu tam öyrənmək mümkün deyil, lakin dərk etmək, araşdırmaq sizi daha müdrik biri edəcək. Etika sizin ağıl sakitliyiniz, ruh sağlığınız, qərarlarınızın ədalətliliyi, ünsiyyətinizin mükəmməlliyidir.
- Bununla bağlı sizə müraciət edənlərə ilk olaraq nə tövsiyə edirsiniz?
- Özünüzə arzulamadıqlarınızı başqalarına da arzulamayın. Niyyətiniz gözəl olsa, bu, hərəkətlərinizə də mütləq yansıyacaqdır.
- Rastlaşdığınız ən etikasız davranış, ifadə hansıdır?
- Bir çox sözlər var ki, hərfi mənada təhqiredici deyil, amma onları heç istifadə etməsək, yaxşıdır. Məsələn, “Ey! Sənə deyirəm”, “Sənə nə var?”, “Nə gündəsən?”, “Sənlik deyil?”, “Axı kimsən sən?” kimi ifadələr etik kodekslərə uyğun deyil. Eləcə də xanımlara xitabən deyilən “Az...” müraciət forması da doğru deyil.
- Bəzən insanlar ailə fərdlərindən danışanda “çox üzr istəyirəm, həyat yoldaşımdır” deyə ifadə işlədirlər. Digər bir qrup isə bunun utanılacaq, üzr istəniləcək bir durum olmadığını deyir. Bəs etik kodeks nə deyir?
- Ailə həm özəldir, həm də cəmiyyətin əsas fundamentidir. Ailənin mahiyyətində sədaqət, birlik  durur. Bəzi ifadələr stereotip xarakteri daşıyır. Hər sözün yeri var, məclisi var. Yerində və məclisində danışılanda üzr istəməyə gərək qalmır.
- Hər kəsin şikayətləndiyi növbə mədəniyyəti… Etikada bu necə tənzimlənir?
- Hər yerdə olduğu kimi, ilk gələn birincidir. İstisna hal olaraq çox yaşlı, hamilə qadın, sağlamlıq imkanları məhdud olan şəxslərə öncüllük verilir. Lakin bu öncüllüyü istəyib-istəmədikləri barədə də soruşmalıyıq.
- Ümumiyyətlə, bəzən etika dedikdə sırf qadın-kişi arasında bir-birinə münasibətlərlə kifayətlənirik. Bu belədir, yoxsa necə?
- Etika dəyərlər anlayışı, onlara sadiq qalmağı öyrənən və öyrədən bir elmdir. Nəsrəddin Tusinin sözləri ilə desək, “Etika - insanları alçaq dəyərlərdən yüksək dəyərlərə ucaldan bir elmdir”. Bu, insan cəmiyyətinin var olmağının, birgə yaşamağın elmidir.
- Küçədə ucadan danışaraq gəzmək, masa arxasında ağzını marçıldadaraq yemək - insanın sərbəstliyidir, yoxsa qınanmalıdır?
- Düşünürəm, bu sualın özündə cavab var (gülür). Köməyə ehtiyacınız yoxdursa, qışqırmayın. Yemək nə qədər səssiz yeyilirsə, sizinlə vaxt keçirtmək bir o qədər xoşdur (gülür).
- Siz özünüz hansı etik qaydaları pozan şəxslərə şəxsən müdaxilə edərək səhvini düzəltməsini istəmisiniz?
- Belə bir misal var, “insanın əlində çəkic olanda hər yerdə mismar görər”. Etika ilə məşğul olmağımız çox yerdə incəlikləri görməyə vadar edir. Sürücülərin əsəbdən siqnal səsindən istifadə etmələrinə, siqaret qutusunu, içdiyi suyun plastik qabını maşının pəncərəsindən tullamasına, tanımadığım insanların “Sən” deyə müraciətinə, kafe-restoranlarda natəmizliyə, valideynlərin ictimai yerlərdə uşaqlarına tərbiyə verməsinə etirazımı bildirmişəm.
- Bəzən deyirlər ki, xanımlar əl uzatmadan onlara əl uzadaraq salam vermək hörmətsizlikdir, bu belədirmi?
- İşgüzar mühitdə cins ayrımı yoxdur. Vəzifəcə böyük birinci əl uzatmalıdır. Həyatda isə qadın əl verib görüşmək istəyirsə, ilk olaraq o, kişiyə əlini uzatmalıdır. Hazırda insanların gigiyena qaydalarına olan həssaslığı nəzərə alınaraq əl uzatmamaları daha məqbul sayılır.
- İnsana “Siz” demək, yoxsa adı ilə xitab etmək daha hörmətlidir? Bəzən “Siz” deyə müraciət edənlərin səmimiyyətdən kənar olduqları deyilir.
- Yeni tanıdığınız insanla ünsiyyət zamanı “Siz” deyə müraciət edilməlidir. Çünki bu həm hörmət, həm də sərhəd əlamətidir. “Sən” deyə müraciəti biz ailə üzvlərimiz və ən yaxın dostlarımızla ünsiyyət zamanı istifadə edirik. Bu “Sən”i qazanmaq üçün münasibətlərə fürsət verin. Dərhal səmimiyyət insanları tanımağa əngəl yaradır. Vəzifə və yaşca böyüklərə “Siz” deyə  müraciət edilməsi mütləqdir.
- Etika qaydalarının ən çox pozulduğu məkanlar haradır?
- Ailə daxilində, məsələn, valideynlərin övladlara davranış qaydalarında etiket nümunələrini az görürük. İstər müraciət formalarında, istər süfrə mədəniyyətində bu məsələdə nöqsanlar var. Uşaq tam masa servisini, birgə yemək mədəniyyətini bayırda - restoranlarda görür. Təbii ki, davranışlarında əskikliklər müşahidə edilir. Evdə hər kəs bir-birinə nəzakətli ifadələr deməlidir. Məsələn, “salam”, “xoş gəldin”, “nuş olsun”, “çox sağ ol”, “narahat olma”, “mən yardım edərəm”, “birgə bacararıq”, “gecən xeyrə, şirin yuxular” kimi sehrli sözlərdən istifadəyə üstünlük verilməlidir.
- Sizə tanınmış şəxslərdən kimlər məhz bu etik kodeksləri dərindən öyrənmək üçün müraciət ediblər?
- Bu barədə konfidensiallıq müqavilələrimiz olduğuna görə açıqlaya bilməyəcəm. Onu deyə bilərəm ki, buna ən az ehtiyacı olan insanlar etikanı daha da dərindən öyrənmək istəyirlər.
- Zarafat etikadan kənar davranışdırmı?
- Tənqid, söz çatdırma, təhqir, bənzətmə olmadığı halda zarafatda qeyri-etik heç nə yoxdur. Bu cür zarafat etmək qabiliyyətinə isə yalnız ziyalılar qadirdirlər.
- İnsanların danışığında, davranışında niyə sərhədlər bu qədər tez yoxa çıxır?
- Səbirsizlik - etiketi pozan ilk pillədir. Etiket qaydaları sərhəd deyil, lakin sizə qarşı davranış qaydalarını cilalayandır. Özünə hörmət edən insana hər kəs hörmət edir. Ziyalıya, kamil insana hörmət etməyən tapılırsa da, buna cahillik deyin, fikir etməyin. İnsanlar varlı-kasıba deyil, cahil-kamil təbəqəsinə ayrılırlar. Etikanın məqsədi cahilliyi azaldıb, kamilliyə doğru çalışmaqdır.
- Qarşıdakı insan danışarkən telefonla oynamaq etikadan kənar davranış kimi qiymətləndirilə bilərmi?
- Ünsiyyət ədəbi diqqəti, dinləmək mədəniyyətini tələb edir. Sizin fikriniz haradadırsa, enerjiniz də oradadır. Bunu qarşıdakı insan mütləq hiss edir. Gəlin bir-birimizə diqqətli və həssas olaq.
- Tənqidin də bir etikası olmalıdır. Bəzən rəhbərlər işçilərini tənqid edərkən vulqar sözlərdən istifadə edirlər...
- Tənqid şəxsiyyət deyil, işə aid olmalıdır. Tənqidi hər kəsin yanında deyil, fərdi olaraq səsləndirsəniz, daha effektiv nəticələr əldə edərsiniz. Tənqid nitqinizi mütləq pozitiv, öz gücünə inamı artıran sözlərlə bitirin.
- “Yox” deyə bilməmək nədən qaynaqlanır? Və insan “Yox” deməyi öyrənməlidirmi?
- Başqasına “Hə” dediyiniz zaman, özünüzə “Yox” demədiyinizdən əmin olun. İnsanın öz vacib bildiyi dəyərlərə qarşı olmayan, vaxt itkisi hesablanmayan işlərə əl qoymaq olar. Dostluq, qardaşlıq, övlad dəyərləri bəzən bizi istəmədiyimiz halda belə, “Hə” dedizdirir. Nəzakətli “yox” deməyi öyrənmək lazımdır. Bunun üçün insana ona verdiyiniz dəyəri vurğulayın, lakin hal-hazırda bu işi görə bilməyəcəyinizi söyləyin.
- Mental dəyərlərlə etik qaydalar ziddiyyət təşkil edəndə insanlar bunu necə qarşılayırlar?
- Etika elə dəyərlər toplusudur, dözümlülük, tolerantlıq və ehtiramdır. Elə bir ziddiyyət varsa, orada ya dəyər yoxdur, ya etika.
- Azərbaycan insanı hansı etik qaydanı heç cür qəbul edə bilmir?
- “Sən” və “Siz” deyə xitab məsələsini qəbul edə bilmirlər. Səmimiyyəti ilk dəqiqələrdən əldə etmək istəyirlər. Lakin həyat göstərir ki, insanları həyatınıza daxil etmək üçün bir az zamana gərək var.
- Hansı etik qaydaya riayət etmək sizin özünüz üçün də çətindir?
- Məişət tullantıları ayrımında. Bilirsiniz, elə zərərli maddələr var ki, onları ümumi tullantı qabına atmaq olmaz, bu, batareyadır, plastik qabdır, dırnaq boyası, kosmetika ləvazimatları, termometr və s.-dir Hər yerdə bu ayırımı görmək olmur.
- İlk olaraq bu qaydalar necə formalaşıb?
- Etiket qaydaları şahların, kralların dövründə mütləq qayda halına salınıb. Bu, qonaq qarşılama, gigiyena, müharibə etikası, toy mərasimlərindən, adətlərimizdən başlayıb.
- Cəmiyyətin hər təbəqəsinə uyğun ayrıca etik qayda varmı? Varsa, nələrdir?
- Etikanın bir təbəqəsi var - o da qəlb qırmayan, şükür edən, ədalətli olan, dəyərlərə sadiq qalan təbəqədir. Burada nə varlı, nə kasıb var. Mədəni və qeyri-mədəni insan təbəqəsidir.

25-04-2022, 17:10 180

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903