Bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilməli idi. Nazirlər Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan Bakı və İrəvan arasında sülh müqaviləsinin mətnini müzakirə etməyi planlaşdırırdılar. Lakin bu formatda görüş olmayacaq: İrəvan Mirzoyanın Moskva səfərini ləğv edib. Buna səbəb kimi İrəvan azərbaycanlı ekoloji fəalların Şuşa-Xankəndi yolunda Qarabağda faydalı qazıntıların talanının dayandırılması və yerli mütəxəssislərin monitorinqinə icazə verilməsi tələbi ilə keçirilən dinc etiraz aksiyasını göstərib. Ermənistan hakimiyyəti Azərbaycan cəmiyyəti tərəfindən öz təbii sərvətlərinin mühafizəsini Bakıya siyasi hücum kimi təqdim etməyə çalışır. Bu yolla Bakıya və Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə siyasi hücum təşkil edir. İrəvanın son məqsədi əvvəlki vəziyyəti bərpa etməkdir, hansı ki, qaçaq milyarder Ruben Vardanyan və daha az nüfuzlu “sahibkarlar” Azərbaycandan qızıl və mis-molibed filizlərini oğurlayıb Laçın yolu ilə sərbəst şəkildə Ermənistana ixrac edirdilər.Sumqayit.tv xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.
“İndi bu cinayətlərin qarşısı alınıb, çünki talan edilmiş Azərbaycan əmlakı olan yük maşınlarının keçidi rus sülhməramlılar tərəfindən bağlanıb. Azərbaycanlı ekoloji fəallar özləri də humanitar yönümlü yüklərin hərəkətinə mane olmur, lakin İrəvan onları Laçın yolu boyunca cinayətkar hərəkətin dayandırılmasının günahkarı sayır (bu hadisəni təbii ki, kriminal alveri dayandırmaq yox, “humanitar fəlakət” adlandırır). Vardanyanın yük maşınlarından başqa, erməni əsgərlər və separatçılar üçün silah daşıyan avtomobillər 12-ci gündür ki, Laçın yolu ilə hərəkət edə bilmir. Qarabağ ermənilərinin yeni müharibəyə hazırlamasının qarşısını alan və Laçın yolundan qadağan olunmuş malların keçirilməsinə imkan vermədiyindən rus sülhməramlı kontingenti də İrəvanın qəzəbinə səbəb olub. Ermənistan Baş naziri Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyan sülhməramlıların öz vəzifələrini yerinə yetirmədiyini deyərək, onları rəsmən pisləyiblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və XİN nümayəndəsi Mariya Zaxarova buna sərt cavab verib”, - o bildirib.
Analitik qeyd edib ki, nəticədə Moskva ilə İrəvan arasında diplomatik qalmaqal yaranıb:
“Göründüyü kimi, Ararat Mirzoyanın Rusiyaya səfərinin ləğvi də məhz bu qalmaqalla bağlıdır. Bu, İrəvanın Moskvaya qarşı növbəti qeyri-dost, ağırlaşdırıcı jestidir. Maraqlıdır ki, bir gün əvvəl Ermənistan rəsmiləri sülh müqaviləsinin öz variantını Bakıya təhvil verdikləri barədə məlumat vermişdilər. Onlar dərhal sənədi imzalamağa hazır olduqlarını da bəyan etdilər. İndi məsələnin həlli üçün Mirzoyanla Bayramov arasında görüş lazımdır. Lakin səfərin ləğvi birbaşa onu göstərir ki, İrəvanın planı dəyişməz olaraq qalır: konstruktiv işləri göstərməklə, faktiki olaraq nizamlanmanı qeyri-müəyyən müddətə ləngitmək. Mirzoyanın Bayramovla sülh müqaviləsini müzakirə etməyə ehtiyacı yoxdur, çünki sənədin erməni variantının məqsədi Bakı üçün o qədər qəbuledilməzdir ki, hansısa irəliləyişi mümkünsüz edir. Paşinyanın komandası Azərbaycan dövləti ilə razılığa gəlmək istəmir, hər hansı irəliləyişi sıfra endirmək üçün başqa bir bəhanə yaratmaq istəyir. Ermənistan rəhbərliyində belə fırıldaqçı siyasətin İrəvan üçün nə qədər zərərli olduğunu anlayan yoxdur. Bəli, Mirzoyan bu gün Moskvada olmayacaq. Amma Ceyhun Bayramov gəlib və Sergey Lavrovla ikitərəfli formatda danışıqlar aparacaq. Lavrov və Bayramov artıq bu ay, dekabrın 5-də görüşüblər, o zaman Rusiya və Azərbaycanın Cənubi Qafqazın perspektivləri, o cümlədən Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı mövqelərinin Yeni il qabağı uzlaşdırılması razılaşdırlıb. Onlar Paşinyan tərəfindən açıqlanan sazişin erməni variantının müzakirəsinə başlaya bilərlər. Yəni Ermənistan-Azərbaycan sənədinin hazırlanması hələ də yalnız İrəvanın iştirakı olmadan olacaq. Nəticədə Ermənistan Rusiyadan İrəvan-Bakı sülh müqaviləsinin yekun variantını bu sənədi imzalamaq əmri ilə alacaq. Əgər Paşinyanın komandası işləmək istəmirsə, oğurluq etmək, müharibə xəyalı qurmaq istəyirsə, onsuz da Cənubi Qafqazda stabilləşmə işini görəcək kimsə var”.
Axar.az