Ölkəyə neft məhsulları və taxılın hamısı olmasa da, böyük hissəsi Gürcüstan marşrutu üzrə gəlir; hazırda bu istiqamətdə ciddi problemlər Ermənistanda qida qıtlığı və bahalaşma yaradacaq - tək “iqtisadi xilas kəməri” koridorun açılmasıdır...“Bir, yaxud bir neçə həftədən sonra Ermənistanda qida qıtlığı yaranacaq, ardınca Zəngəzur dəhlizinin açılması zərurəti ortaya çıxacaq”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə erməni şərhçi Hayk Martirosyan deyib.
Martirosyan qeyd edib ki, Ermənistana daxil olan neft məhsulları və taxılın hamısı olmasa da, böyük hissəsi Gürcüstan marşrutu üzrə gəlir. “Baş verən son daşqınlar nəticəsində bu marşrut üzrə dəmir yolu bir neçə yerdə ciddi zərər görüb. Dəmir yolunun təxminən 5-6, bəzi məlumatlara görə daha çox hissəsi dağılıb. Loridən quru yollardan keçən magistral da zədələnib. Tavuşdan keçən yol isə Azərbaycanın nəzarətindədir. Dövlət orqanları yolun təmiri barədə düşünməyə başlayıb. Yəni hələ düşünürlər. Bəs dəmir yolu necə olacaq? Dəmir yolundan nəinki hakimiyyət söz açmır, hətta mətbuat da bu haqda heç nə yazmır. Bu vəziyyət tezliklə - bir neçə həftədən sonra Ermənistanda qida qıtlığına səbəb olacaq”, - o deyib.
Erməni şərhçi qeyd edib ki, taxılın quru yolla daşınması nəticəsində qiymətlər böyük ölçüdə artacaq: “Həmçinin neft məhsulları bazarı çökəcək. Yanacağın qiyməti astronomik həddə çatacaq, hətta iki, ya üç dəfə arta bilər. Bu vəziyyət Zəngəzur dəhlizinin qaçılmazlığı məsələsini gündəmə gətirir. Yollar bərbaddır, dəmir yolu yoxdur. Buna görə Azərbaycan və Türkiyənin istədiyini verməkdən başqa yol qalmır. Azərbaycandan neft məhsullarının, Türkiyədən isə taxılın alınması zəruriliyi məsələsi eyni vaxtda gündəmə gələcək. Ardınca Zəngəzur dəhlizinin açılması aktuallaşacaq. Bu, Rusiyaya da sərf edən ssenaridir”. Bəs, vəziyyətin deyilən istiqamətdə inkişaf variantı mümkündürmü? Xatırladaq ki, rəsmi Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyi belədir: Azərbaycandan Azərbaycana keçid maneəsiz olmalıdır. Bu barədə 10 noyabr (2020) üçtərəfli kapitulyasiya sənədinin 9-cu bəndində də deyilir. Ermənistan rəhbərliyi, nəhayət, “daşı” ətəyindən tökəcəkmi, yoxsa tezliklə Zəngəzur dəhlizinin İran marşrutunun açılmasının şahidi olacağıq? Axı son hadisələr də göstərdi ki, kommunikasiyaların bağlı qalmasından ən çox Ermənistan əziyyət çəkir. Yeri gəlmişkən, Dəryal sərhəd-keçid məntəqəsi adi qaydada fəaliyyətini bərpa edib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Hazırda Devdoraki dərəsində təhlükə səviyyəsi minimaldır. Gürcüstan-Rusiya sərhədindəki “Dəryal” keçid məntəqəsi müvəqqəti olaraq bağlanmışdı. İndisə yolun açılması belə o demək deyil ki, Ermənistan üçün Rusiya ilə olan yeganə yolda hər şey hamar gedəcək. Çünki vaxtaşırı Yuxarı Lars yolunun bağlanması, relyefin mürəkkəbliyi, xüsusən qışda qarlı hava şəraiti erməni yük maşınlarının hərəkətini məhdudlaşdırır, hətta yol bağlı qalır. Eyni zamanda, Rusiya bu yoldan Ermənistana qarşı iqtisadi təzyiq, sıxma-boğma elementi kimi istifadə edə bilir. Ona görə də Zəngəzur koridorunun açılması ilk növbədə Ermənistanın özü üçün labüddür.
Qabil HüseynliProfessor
Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın ağlı bura qədər imiş. “Onların başına bu oyunlar dəfələrlə gəlməlidir ki, dərs çıxarsınlar. Bir həftədən çoxdur Gürcüstanda leysan yağışlar, əriyən qar Rusiya-Ermənistan əlaqələri sıradan çıxarıb. Belə bir şəraitdə ən ağılsız adam da başa düşür ki, Zəngəzur dəmiryol xətti həm blokadadan çıxmaq, həm də dünyaya açılmaq üçün yeganə həll yoludur. İndi İrəvan tezliklə bu yolun açılmasını bacaracaq ya yox, amma yolun işə düşməsi ilə öz vəziyyətlərinin necə dəyişdiyini görəcəklər”, - Q.Hüseynli vurğuladı. Professor qeyd etdi ki, bu yolların çaılması ilə Ermənistanın logistik imkanları yaxşılaşacaq və öz həyatlarında bunu hiss edəcəklər: “Üstəlik, Azərbaycan və Türkiyə ilə münasibətlər nəticəsində daha böyük üstünlüklər əldə edəcəklər. Əslində, Ermənistanda bu məsələləri yaxşı bilirlər, amma bazarlıq etmək istəyirlər. İndisə elə zaman yaranıb ki, bu məsələni tezliklə həll etməlidirlər. Məncə, Martirosyan kimi şərhçilər düzgün qənaətə gəliblər, bircə vaxtında bu yolu istifadəyə versələr...”
Xəzər Teyyublu Hüquq müdafiəçisi Xəzər Teyyublu bu məsələdə düyünün Ermənistanın dəhliz statusundan imtinasıdır: “Azərbaycan tərəfi də bu məsələdə israr etmir, amma maneəsiz keçid təmin olunmalıdır, çünki razılaşma var. İkinci əngəl isə koridora Ermənistan tərəfdən nəzarətin kimdə olmasıdır. Yenə də 10 noyabr sənədinə istinad etsək, 9-cu bəndə görə Rusiya sərhədçiləri kontrol etməlidirlər, amma Ermənistan boyun qaçırır və öz sərhəd xidmətinin dayanmasını təkid edir. Qərbdəki müttəfiqləri də Paşinyan hakimiyyətinə dəhlizə nəzarətin Rusiyaya verməməsini bildirirlər. Əgər bu deyilən məsələlər həllini tapsa, nəqliyyat kommunikasiyalarının blokadadan çıxmasında heç bir siyasi-iqtisadi, hüquqi əngəl qalmayacaq”.
Hüquq müdafiəçisinin fikrincə, bütün hallarda yolun açılması qaçılmazdır: “Bu, beynəlxalq logistikadır. Çin, Rusiya, Türkiyə dəhlizin açılmasında maraqlıdırlar. Tək Ermənistanın naz eləməsi, kaprizi ucbatından dəhlizin açılması uzun müddət yubana bilməz. Sadəcə, Rusiya ilə Ermənistan aralarındakı problemi həll etməlidirlər ki, kontrol kimdə olacaq. İrəvan bilməlidir ki, bu yol onun üçün xilas kəməridir, yoxsa həmişə Gürcüstan keçidindən asılı vəziyyətdə qalacaq. Bu da davamlı olaraq Rusiyadan asılılığı artıracaq. Ona görə Moskva istədiyi an İrəvanı sıxışdıra bilir. İndi Rusiya neft və qaz məhsullarının qiymətini qaldırsa, ixracını gecikdirsə, Ermənistan ağır şəraitlə üzləşə bilər. İrandan aldığı qaz onun tələbatını ödəyə bilməz. Uzaq Qərbin isə verdiyi vədlər boş şeylərdir, Ermənistan Rusiya ilə əlaqələrində daima intizamlı olmağa, Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymağa məcburdur. Ona Avropa Birliyinin, ABŞ-nin verdiyi qəpik-quruş yardım edə bilməz. Bir ölkə ki tək Gürcüstan yolundan asılı vəziyyətdədir, deməli, onun rəhbərliyi ağlını başına yığıb fikirləşməlidir ki, pespektivli alternativ təklif nədən ibarətdir...”
“Yeni Müsavat”