Məhəllədən yaşıl meydançalara yol açıq olmalıdır
Bir neçə gündür futbol üzrə Gürcüstan millisinin Avropa çempionatına vəsiqə qazanması ölkə mətbuatında müzakirə olunur. Bunun fonunda Azərbaycan futbolunda problemlər qabardılır, həll yolları müzakirə edilir. Millimizin dünya səviyyəli yarışlarda mübarizə aparacaq gücdə olmaması təəssüflə qeyd edilir.
Doğrudur, bəziləri düşünə bilərlər ki, fərdi idman növlərində Olimpiya, dünya, Avropa çempionlarımız olsa da, futbolla yanaşı, digər komanda növlərində də elə böyük nailiyyətlərimiz yoxdur. Ancaq onu da diqqətə almalıyıq ki, futbolda zəngin ənənələrimiz var, müstəqillik dövründə ölkəmiz üçün xüsusilə prioritet sahələrdən biri olub. “Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair” Dövlət Proqramının qəbul edilməsi isə artıq bu idman növünün ən yüksək səviyyədə inkişafının təmin edilməsi üçün geniş üfüqlərin açılması demək idi. 20 ilə yaxın bir müddət ərzində görülən işlər artıq öz bəhrəsini verməli idi. Onu heç kim deyə bilməz ki, Azərbaycan millisi böyük oyunlar üçün yaranmayıb. Biz artıq bütün sahələrdə gücümüzü göstərə biliriksə, futbol niyə keçilməz sədd olmalıdır.
“Qarabağ”ın UEFA Avropa Liqasında “Bayer 04”lə keçirdiyi ilk oyunda Bakıda yaşanan azarkeş izdihamını necə unutmaq olar? Azərbaycan təmsilçisinin alman nəhənginə qarşı cavab qarşılaşmasında sərgilədiyi möhtəşəm oyun buna gözəl nümunə deyilmi? Ondan bir həftə sonra millimizin Bolqarıstanla yoldaşlıq oyununa azarkeşlərin maraq göstərməməsi isə özlüyündə hər şeyi deyir. Elə yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyev də “Azarkeş olsaydım, mən də stadiona gəlməzdim”, – deyə millimizin gücünü, bugünkü durumunu qısa şərh etdi. Bəs çıxış yolu nədədir? Yığmamızı yaxın perspektivdə nə gözləyir? Mütəxəssislərin fikrincə, bunun üçün mütləq uşaq futbolunun inkişafına diqqət yetirmək lazımdır.
Yararsız meydançalar
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Futbol isə idman növləri içərisində ən baxımlı, necə deyərlər, “90 dəqiqə ərzində 22 nəfərin top qovaraq ölkələrini qalib edən” bir möcüzəvi oyundur. Müstəqil Azərbaycanda bu idman növünün inkişafı istiqamətində dövlətimizin atdığı böyük addımlar ilk növbədə uşaq futbolunun inkişafına hesablanmışdı.
Kənan Məstəliyev qəzetimizə müsahibnəsində həm futbol infrastrukturu, həm də kadr probleminin uşaq futbolunun inkişafında böyük maneə olduğunu bildirdi:
– Uşaq futbolunun inkişafında əsas amillərdən biri infrastrukturdur. Hazırda uşaqlarımızın böyük əksəriyyəti yararsız süni meydançalarda oynayırlar. 8 yaşlı futbolçunun ilk 3-5 ildə problemi olmasa da, yeniyetmə yaşa çatdıqdan sonra dizində, belində, bədənin digər hissələrində zədələr özünü göstərir. Belə faktlar uşaqlara karyeralarını davam etdirməyə imkan vermir. Əgər Avropada son model meydançalarda futbol oynayırlarsa, bizdə bu sahədə vəziyyət ürəkaçan səviyyədə deyil.
Azərbaycan futbolunda təbii ota baxacaq yüksək səviyyəli mütəxəssis çox azdır. Qazonlara belə qulluq edə biləcək mütəxəssislər cəmi 3-5 nəfərdir ki, onlar da bir neçə yerdə işləyirlər. Futbolumuza gələn maliyyənin doğru yönəldilməsi mütləq diqqətə alınmalıdır. Süni meydançaların saxlanılma forması, onlara qulluq protokol üzərində olmamalıdır.
Mütəxəssis azlığı
Azərbaycanda peşəkar, futbolu bilən mütəxəssislərin azlığı, məşqçilərin yetişdirilməməsi ilə bağlı vaxtaşırı məqalələr yazılır. Əcnəbi mütəxəssislərin məşqçiliyə cəlb edilməsi, adi nəticələrin şişirdilərək ictimaiyyətə təqdim olunması faktları uzun illərdir idman ictimaiyyətini narahat edir. Ötən dövr ərzində milli məşqçilərimizin yetişməməsi çoxlu suallar doğurur.
Neqativ hallardan biri Azərbaycan səviyyəsində tanınmış futbolçuların öz bilik və bacarıqlarını ancaq böyüklərin futbolunda bölüşməyə çalışmalarıdır. Onlar uşaq futbolunda fəaliyyət göstərməyi özlərinə sığışdırmırlar. Bu boşluqdan daha az bacarıqlı, yaxud işi bilməyən, qohumluq və digər əlaqələrdən faydalanaraq həmin postlara gələnlər istifadə edirlər. Bununla da, Azərbaycan futbolunda kadr və peşəkarlıq problemi uşaq futbolunda daha aydın sezilir.
Bakıda stadionların sayı yetərli deyil, olanlardan da ifrat dərəcədə istifadə edilir. Regionlarda futbolun maddi-texniki təminatı çox aşağı səviyyədədir. Bəzi rayonlarda isə gənc futbolçuların hətta oynamağa top tapmadıqları da iddia olunur.
Böyüklərin örnəyi
Elə klublar var ki, böyüklərin nəticəsinə daha çox köklənirlər və onlar üçün əsas komanda daha vacibdir. “Qarabağ” Futbol Klubunun son illər nəticələri fantastik, belə demək mümkünsə bizim üçün bir qədər möcüzəvidir. Artıq dünya şöhrəti qazanmağa başlamış belə bir klubun aşağı yaş qruplarındakı komandalarına ötən ilə qədər diqqətin az olması başa düşülən deyildi. “Qarabağ”da artıq ötən ildən yüksək səviyyəli futbolçuların yetişəcəyi akademiyanın qurulmasına başlanılıb ki, bu da təqdirəlayiq haldır.
Bir çox klublarda isə aşağı yaş qruplarında uşaqların futbolçu kimi yetişməsi üçün düzgün işlər aparılsa da, onların sonrakı karyeralaeında problemlər yaranır. Belə ki, gənc futbolçulara əsas komandalarda yer verilmir. Belə uşaqlar ya özlərini başqa komandalarda sınamalı olur, yaxud şansları olmadıqları üçün karyeralarını dayandırırlar.
Uşaq futbolu dəstəyə möhtacdır
K.Məstəliyev Azərbaycanın uzun müddət fəaliyyət göstərən klublarından olan “Neftçi”nin uşaq futboluna diqqətini vurğuladı:
– Bu klubda problem aşağı yaş qrupunda oyunçuların əsas komandaya yüksələ bilməmələridir. Bu, onların bacarıqsızlığı, istedadsızlığına görə yox, əsas komandada görülən işlərin doğru vəziyyətdə olmaması səbəbindəndir. Məsələn, klubun U-21-nin əsas hücumçusu Ağadadaş Salyanski əvəzedicilər Liqasında bombardir olub, böyük qollar vursa da, əsas komandaya götürülmür. Bu klubda Musa Qurbanlı kimi futbolçu əsas komandaya dəvət edilmədiyi üçün “Qarabağ”da oynadı. M.Qurbanlı Azərbaycan çempionatında bombardirlərdən biri oldu. Avropada parladı və hazırda İsveçin “Yurqorden” komandasının şərəfini qoruyur, millinin oyunçusudur. Bolqarıstanla oyunda bərabərlik qolunu vurdu.
Uşaq futbolunun inkişafı istiqamətində son vaxtlar irəliləyiş əldə edən klub “Sabah”dır. Ən yaxşı mütəxəssislər dəvət edilir, onlara maksimum şərait yaradılır. Son 2 ildə aşağı yaş qruplarında ən çox çempionluq əldə edən “Sabah”ın təmsilçiləridir. Bu sırada “Qəbələ”nin adını çəkmək olar. Bu klubun akademiyası artıq milliyə bir neçə futbolçu verib. Digər komandalarda da bu klubun futbolçuları var. Klub elitada axırıncı yerdə getməsinə rəğmən, aşağı yaş qruplarındakı işlərini dayandırmır.
Yuxarı yaşlı komandalar azalır
“Rekord” Uşaq Futbol Klubunun rəhbəri AFFA-nın bütün yaş qrupları üzrə yarışlar keçirdiyini, aşağı yaş qruplarında daha çox komandanın iştirak etdiyini bildirdi:
– Aşağı yaş qrupları üzrə yarışlarda 100 komanda iştirak edirsə, yuxarı yaş qruplarında onların sayı azalır. Məsələn, U-15, U-16 liqasında komanda sayı 14-15-dir. Təəssüf ki, özünü aşağı yaş qruplarında göstərən uşaqlar əksər vaxtlarda öz regionlarında karyeralarını davam etdirə bilmədiklərinə görə, futbolçu olmaq fikrindən vaz keçirlər. Aşağı yaşdan yuxarıya qədər uşaqların karyeralarını davam etdirmək yolunun düzgün qurulmaması da problemdir ki, bununla bağlı AFFA-da işlər görülməlidir.
AFFA-nın 2024-cü il aprelin 2-də keçirilən növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçildi. Ümid edirik ki, uşaq futbolunun inkişafını ləngidən problemlər həllini tapacaq. Yoxsa peşəkar kadrlar yetişməyənə, uşaq futboluna münasibət dəyişməyənədək uğurlar bizdən yan keçəcək. Bu gün olduğu kimi...
Ağamusa BAĞIROV,“Sumqayıt” Futbol Akademiyasının koordinatoru, Əməkdar məşqçi
Böyük idmanın təməli uşaq idmanı ilə qoyulur. Bu, komanda növləri, xüsusilə futbol üçün çox vacib məqamdır. Bu gün valideynlər uşaqlarının müasir zamanın tələbləri ilə ayaqlaşmaları üçün onların texnoloji biliklərə üstünlük vermələrinə daha çox çalışırlar. Düşünürəm ki, bu baxımdan uşaqlar yüklənir. Əvvəllər uşaqlarımız erkən yaşda məhəllədə, həyətdə milli idman oyunlarından tutmuş, komanda idman növlərinə qədər birgə oynayıb, inkişaf edirdilərsə, indi onlar boş vaxtlarını kompüter, planşet, telefonla keçirirlər. Ən böyük problemlərdən biri uşaqların idman hərəkətlərində passiv olmalarıdır. Daha bir problem 2-ci növbə təhsil alan uşaqların dərsdən sonra normal məşq edə bilməmələridir. Son illər orta məktəblərdə fiziki tərbiyə dərslərini belə normal keçmirlər. Digər tərəfdən uşaq gənclər və idman məktəbləri, mənzil istismar sahələri (JEK) və digər müəssisələr arasında yarışlar keçirilərdi ki, bacarıqlı futbolçular oradan seçilərdi.
Son illər məhəllə futbolunun olmaması, ümumilikdə isə məhəllələrdə futbol meydançalarının azlığı da problemdir. Futbolun kütləviliyinə nail olmaq istəyiriksə, əhalinin sıx yaşadığı məhəllələrdə futbol meydançaları inşa edilməlidir. Elə Sumqayıtı götürək. Bu gün şəhərimizin ən böyük mikrorayonları (17 mk, 18 mk, 9-cu mk) stadiondan xeyli aralıda yerləşir. Uşaq futbolunda məşqçi amilinə də xüsusi diqqət yetirilməlidir.
Aşağı yaş qruplarında komandalar yarışlarda uduzduqda, bu, çox zaman travmaya səbəb olur. Bu baxımdan U-8, U-9, U-10, U-11, U-12 yarış formatında nəticələrin hesablanmasının ləğv olunmasını dəstəkləyirəm. Uşaqlara imkan verməliyik ki, futbolun gözəlliyini anlasınlar, onu doğru oynamaq bacarığına yiyələnsinlər.