İranda Azərbaycan dövləti belə yaradılacaq – Brüsseldə sensasion plan: detallar açıldı


İran ətrafında situasiya getdikcə gərginləşir. Bu gərginlik fonunda isə hər kəs, xüsusilə rejimə müxalif olan qüvvələr öz aktivliklərini nümayiş etdirməyə başlayırlar. Lakin aktivliyini nümayiş etdirənlər sırasında ilk yerlərdə özəlliklə fars şovinizminin təbliğatçıları yer almağa başlayır ki, bu da etniklər arasında narazılığı artırır. Nəticədə mövcud situasiyadan ölkədəki teokratik rejim maksimum yararlanır və həm İranda inqilab ruhunun öldürülməsi prosesi güclənir, həm də rejimin təzyiq rıçaqları effektiv olmağa başlayır. Lakin önəmli olan yaranmış fikir ayrılıqlarının etniklərin birləşməsini və milli hərəkatların artıq partlayış ərəfəsinə çatmasını gücləndirməsidir. Bu da artıq farsmərkəzli düşüncə axınının yavaş-yavaş təmərküzləşməsinə və etniklərinə öz yolları ilə gedərək, yeni inqilab ərəfəsində özünü fərqli şəkildə göstərmələrinə şərait yaradır. Bu fonda azərbaycanlıların təkcə İran daxilində yox, həm də xaricində aktivlikləri maksimum həddə çatır.
Belə situasiyaya əsas sübut isə martın 25-də azərbaycanlıların Brüsseldə böyük yürüş elan etməsi ola bilər. Artıq yürüşə bir gün qalır və onun kütləviliyi İrandakı prosesləri ümumilikdə kökündən dəyişə bilər.
Globalinfo.az məsələnin bu aspektlərini anlamaq, eləcə də İrandakı proseslərin hansı istiqamətdə getdiyini başa düşmək üçün güneyli hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri, eləcə də  Brüsseldə keçiriləcək “Azadlıq və Ədalət” yürüşü Koordinasiya Mərkəzinin nümayəndələrindən biri Saleh Kamrani ilə söhbətləşib.
Saleh Kamraninin Globalinfo.az-a müsahibəsini təqdim edirik:
– Son üç aya qədər İranda etirazlar intensiv formada davam edirdi, amma qəfildən bu intensivlik yox oldu. Doğrudur, arada müəyyən qalxıb-enmələr olur, amma ümumilikdə götürdükdə aktivlik əvvəlki dönəmlərdəki kimi deyil. Sizcə aktivliyin bu qədər azalmasının səbəbi nədir? İnsanlar mübarizə aparmaqdan yorulublar, yoxsa bu, sadəcə fırtına öncəki səssizlikdir?
– Doğru yerə işarə etdiniz. Baxın, üç ay əvvəl aktivlik daha çox idi, amma sonradan azaldı. Lakin digər tərəfdən nəzər yetirsəniz görərsiniz ki, Bəllucistanda bəlluclar hər cümə geniş şəkildə etirazlarına davam edirlər. Bununla belə ölkə daxilinə nisbətdə xaricdə aktivlik çox yüksəlib. Məsələn, cərəyanlar var hansı ki, bizim yanaşmalarımızı qəbul etmirlər, biz də onlarınkını qəbul etmirik. Çoxlu konfranslar, mitinqlər filan xaricdə daha da güclənib. Ləngiməyə səbəb olan əsas məsələ İran müxalifətinin müştərək cəbhədə fəaliyyət göstərə bilməməsidir. Burada üç cəbhədən söhbət gedir. Bunlardan biri cümhuriyyətçilərdir, hansı ki bütün İranı düşünüb, respublika sistemi gətirmək istəyirlər. Onlar eyni halda qeyri-mütəmərkiz sistem yaratmağa can atırlar. Burada da açıq şəkildə fikirlərini söyləyib, onun necə olacağını ifadə edə bilmirlər. Yəni bunun federasiya və ya konfederasiya sistemi olacağını deyə bilmirlər.
Digər cəbhə şahçılardır. Bunlar da tamamilə faşist cərəyandır. Təəssüf ki, bu qrupun media gücü və maliyyəsi çox yüksəkdir. Onun da sayəsində xaricdə manevr edə bilirlər. Eyni zamanda bu qrup diplomatik kulislərdə də aktivdir.
Üçüncü və ən önəmli cəbhə millətlər cəbhəsidir ki, azərbaycanlılar da burada özlərinə yer ediblər. Əslində ən geniş cəbhə də elə budur. İçəridə gedən inqilabın yükü də onların çiynindədir. İnsafla desək, proseslər ərzində ən çox ölən və öldürülən bəlluclardan olub, amma son altı ayda elə məhz onlar hər cümə öz etirazlarına davam ediblər. Müxalifət daxilində ortaq nöqtəyə gəlməmək içəriyə də təsirini göstərir və ləngimələrə səbəb olur.

– Lakin məsələləri yalnız İrandakı teokratik rejimin opponentləri arasında birliyin olmasına bağlamaq doğru olmaz…
– İkinci məsələ rejimin basdırıcı gücüdür. Rejim bütün gücü ilə öldürür, zindana salır. Üçüncü məsələ iqtisadi durumun günü-gündən ağırlaşmasıdır. İnsanlar həqiqətən ağır şəraitdə yaşayırlar. Dördüncü məsələ isə çox önəmlidir. Təəssüf ki, dünya gücləri, xüsusilə Avropa və Amerikanın İranla bağlı qəti, şəffaf siyasətinin olmamasıdır. Məsələn, Amerika bir tərəfdən deyir ki, inqilabı mən dəstəkləyirəm, digər yandan da İranla nüvə məsələsində iş birliyi edir. Avropada da eyni yanaşma var. Avropa Parlamenti təsdiqlədi ki, SEPAH-ı terrorçular siyahısına salaq. Lakin AP-nin qətnaməsi AB ölkələrinin parlamentləri tərəfindən təsdiqlənməsə və ya ən azı məhkəmə sistemləri tərəfindən bu müəyyən edilməsə, bu addımın ciddi nəticəsi olmayacaq. Əksinə, bəzi ölkələr, o cümlədən Britaniyada görürük ki, bu məsələ ilə bağlı müəyyən şəkk-şübhə var. Bütün bunlar inqilabın ləngiməsinə səbəb olur. Ancaq bütün bunlar fırtınadan öncəki durumu göstərir. İranda heç bir problem həllini tapmayıb. Problemlər getdikcə artır. Təbii ki, artan problemlər bir gün yenidən partlayışa səbəb olacaq. Bu qaçılmaz məsələdir. Ona görə ki, İran sistemi çökmüş vəziyyətdir, yəni İran hazırda “Fail state”dir. Lakin müxalifətin və dünya güclərinin müəyyən bir nöqtəyə gəlməməsi, üstəlik Rusiya-Ukrayna savaşının yaşanması, hələlik proseslərə maneçilik yaradır.
– Qərbin İrandakı proseslərlə bağlı şəffaf yanaşmasının olmamasını söylədiniz. Amma amerikalıların özləri bir tərəfdən İranla nüvə danışıqlarının prioritet olmadığını deyirlər. Digər tərəfdən İranın Çinlə ortaq məsələsi var, Pekin vasitəsilə Ər-Riyadla barışıb, Yaxın Şərqdə ABŞ-ın təsirini zəiflədirlər. Üstəlik, rejimin özünün cəmiyyət üzərində təzyiq imkanları çoxdur. Bütün bunları nəzərə alsaq, proseslərin bundan sonrakı dönəmində Qərbdən dəstək almadan İranda hansısa inqilabı gerçəkləşdirmək mümkün olacaqmı?
– Məncə başda ABŞ və Avropa olmaqla Qərb hazırda vəziyyəti idarə etməyə çalışır. Yəni daha yaxşı şəraitdə ortaya çıxmağa çalışırlar. Ortada Suriya məsələsi, Ukrayna-Rusiya savaşı, Çinin Yaxın Şərqdə aktivləşməsi məsələsi var. Əgər ABŞ-nin strategiyasına nəzər salsaq, Vaşinqton heç vaxt imkan verməz ki, onun yerini Yaxın Şərqdə Çin doldursun. Onun üçün onlar daha uyğun şərait gözləyirlər. Üstəlik, beynəlxalq münasibətlər mexaniki və ya iradələr əsasında deyil, reallıqlar əsasında formalaşır. İrandakı rejim xüsusilə SEPAH-ın mahiyyəti budur ki, bölgədə terror törətsin. Bunu region dövlətlərində etməsə, SEPAH zatən vücudi fəlsəfəsindən məhrum olacaq. İran rejimin öz məsələlərinin hazırda həll etmək üçün nə imkanı, nə də iradəsi var. Ona görə də Qərb dövlətləri, xüsusilə ABŞ məcburən bu məsələyə müdaxilə etməli olacaq. Hazırda buna yeganə maneə Ukrayna-Rusiya savaşıdır. Məncə yaxın aylarda çox şey aydınlaşacaq və ABŞ-də siyasətini aydınlaşdırmaq məcburiyyətində qalacaq.
– Amma ABŞ-nın etniklərə yanaşma məsələsində də fikir ayrılığı var. Düzdür, azərbaycanlılarla bağlı müəyyən dəyişikliklər nəzərə çarpır, amma ümumilikdə Vaşinqtonun İrandakı etniklərlə bağlı yanaşmasında ciddi dəyişiklik müşahidə edilmir. İndi deyirsiniz ki, amerikalılar aktivləşəcəklər. Bu dönəmdə fərqli yanaşmaya şahid ola bilərikmi?
– Beynəlxalq münasibətlər haqq, ədalət, qanuniliklərdən ibarət deyil. Bu, gücə və güc balansına əsaslanan sistemdir. Düzdür, indi yüzillik iranmərkəzli siyasətlər nəticəsində Qərbdə müəyyən bir yanaşma qəlibləşib və onun təsiri hələ aradan getməyib. Lakin burada əsas məsələ daxili oyunçuların – azərbaycanlıların və ya qeyri-azərbaycanlıların nə qədər öz cəbhəsinin aktiv olması və güc balansını öz xeyrinə nə qədər tez çevirəcəklərindən keçir. Yəni azərbaycanlıların özləri aktiv şəkildə siyasət və inqilab meydanında olmazlarsa, o zaman ənənəvi siyasət azərbaycanlılar üçün davam edəcək. Lakin azərbaycanlılar öz cəbhələrini gücləndirsələr və daxillə yanaşı xaricdə böyük oyunçu kimi meydanda olarlarsa, güc balansı böyük ölçüdə azərbaycanlılarına lehinə çevrilmiş olacaq və beynəlxalq siyasətdə istər-istəməz bu reallığa uyğun formalaşmış olacaq. Yəni Amerikanın bizimlə zati, ideoloji problemi yoxdur. Baxın bu fəqihlər, dünyanı ikiyə – darül kufrü və darül islam deyə bölürlər. O əsasda dünyaya baxırlar. İndi biz də dünyanı belə bölməməliyik. Belə bir dünya yoxdur. Onun yerinə mənfəətlər, maraqlar var. Azərbaycanlılar, türklər nüfuz etibarı ilə İranda çox böyük qüvvədirlər və bunu nəzərə alarsaq, bizim əlimizdə olan şanslar digərlərində yoxdur. O şans da budur ki, bizdən olan iki eyni ölkə var. Bunlar Türkiyə və Azərbaycandır. Bu da güc balansında bizim vəznimizi artırmaq potensialına sahibidir. Önəmli məsələ odur ki, istər milliyətçi, istər bundan uzaq olanlar olsun, istərsə də assimilyasiyaya məruz qalanlar olsun biz onların hamısını bir söyləm altında toplamalıyıq. O zaman beynəlxalq güclər də bu balansa uyğun siyasətlərini tənzimləyəcəklər. Aktiv olmasaq, müştərək olmasaq, ənənəvi siyasət davam edəcək. Əsas oyunçu kimi özümüzü ortaya çıxara bilsək, inanmıram Qərb dünyasının bizimlə ideoloji problemi olacaq.

– Məncə, bu məsələni də diqqətdən kənarda saxlaya bilmərik. Azərbaycanlılar İranda əsas etniklərdən biridir. Buna müvafiq olaraq azərbaycanlılar həm bu rejimdə əsas təmsil olunan güclər sırasındadırlar. Yəni hakimiyyət sıralarında, yüksək eşelonlarda və s… Faktiki olaraq teokratik rejim azərbaycanlılar üzərində effektiv rıçaqlara sahibdir. Bu reallıqlar nəzərə alınanda, sizcə azərbaycanlıların bir yerə toplanması çətin olmayacaqmı? 
– Problemlərdən biri budur. Lakin rejim bunu hər zaman istifadə edib. Bəli, azərbaycanlılar sistemin içində mövcuddurlar, amma yüksək vəzifədə olan azərbaycanlılar və türkləri zaman keçdikcə geriyə itələyiblər. İranın hazırda hərbi, iqtisadi, siyasi rəhbərliyində təmsil olunan əsas 200 nəfərlik heyət içərisində azərbaycanlıların təmsilçilərinin sayı cəmi 8-10%-dir. Doğrudur, sayları çox olduğu üçün ordu, bazar, hətta SEPAH-ın sıralarında yetəri qədər azərbaycanlı var, amma yüksək vəzifələr məsələsində azərbaycanlılar dışlanıblar. Amma digər tərəfdən rejimin özü sistemdə təmsil olunan azərbaycanlılar arasında belə maraq toqquşması yaradıb. Bunun özü də reallıqdır. Bizim hazırda 30 illik milli hərəkatımız var. Bu hərəkat müəyyən mərhələləri keçib. Birinci mərhələdə tarix, ədəbiyyat, türk varlığından bəhs edilirdisə, ikinci mərhələdə orta təbəqəni, yazarları və digərlərini bu işin içərisinə qatmağa çalışırdı. İndi biz üçüncü onilliyi tamamlamışıq və partiyalar, QHT-lər, televiziyalar var. Rejim Azərbaycan milli hərəkatına münasibətdə digər cərəyanlara, o cümlədən fars mərkəzləri hərəkatlara nisbətdə daha kompleks siyasət yürüdür. Yeri gələndə Azərbaycan Cümhuriyyətini təhdid edir, yeri gələndə Türkiyə ilə konflikt yaradır, məsələni başqa tərəfə yönəltməyə çalışır. Əlbəttə unutmaq olmaz ki, İran rejimi müxtəlif vasitələrlə, o cümlədən öz adamlarını burada yerləşdirməyə çalışmaqla milli hərəkatın genetikası ilə də oynamağa çalışıb. Bütün bunlara rəğmən burada əsas faktor Güney Azərbaycan milli hərəkatının daxildən və xaricdən necə özünü müştərək nöqtəyə gətirməsidir. Yəni Güney Azərbaycan mərkəzdir. Bunun anlamı taleyimizi Quzey Azərbaycandan ayırmaq deyil. Təəssüf ki, son yüz ildə 30-35 milyonluq azərbaycanlılar assimilyasiya siyasətinə məruz qalıblar. Biz onları da nəzərdə tutaraq, elə bir siyasət formalaşdırmalıyıq ki, azərbaycanlıları bir söyləm altına gətirək. Bu, çox önəmli məsələdir və incə siyasət tələb edir. Ona görə də milli hərəkat 40 milyonun taleyi nədirsə, strategiyasını, taktikalarını ona uyğun tənzimləməlidir. Əks təqdirdə bizi bölünmüş formada saxlayacaqlar və həmrəyliyimizə ciddi əngəllər törədəcəklər. Baxın, İran müxalifətində bütün ölkəni idarə etmək iddiasında olan cərəyanlar da bir çox azərbaycanlını öz sıralarına alıblar. Xalq mücahidləri, şahçılar, cümhuriyyətçilər və digərləri… Hamısının tərkibində azərbaycanlılar mövcuddur. Biz gücləndikcə onların sıralarında qırılmalar görürük. Burada da önəmli rolu oynayan milli hərəkatdır. Bundan sonra güclənərsək, qırılmalar daha çox olacaq. Təbii olaraq, azərbaycanlıları millətlərin lideri mövqeyinə gətirəcək.
– Yəni hərəkatın yekun hədəfi Güney Azərbaycan Respublikasının qurulmasıdır? Bu respublika qurulsa, digər xalqların bundan nümunə götürəcəyi ehtimalı nə qədərdir?
– İranın varlığı Azərbaycana bağlıdır. Yəni Azərbaycan əməldə hansı xətti götürsə, özünün real gücünü dünyaya göstərsə, digər xalqlar Azərbaycandan nümunə götürmək məcburiyyətindədirlər. Buna şəkk-şübhə yoxdur. Lakin burada təyinedici qüvvə azərbaycanlıların özüdür. Azərbaycanlılar hansı xətti götürmək istəyir? Baxın, bizim milli hərəkatımız var və o, bütün azərbaycanlıların hamısını əhatə etmir. Əlbəttə xalqın içərisində milli hərəkat önəmli oyunçudur. İndi burada milli hərəkatın məharəti azərbaycanlıların nə qədər hissəsini özünün təqib etdiyi siyasətin izində toplaya bilməsində olacaq. Hərəkatda çoxlu müxtəlif cərəyanlar, partiyalar var, amma bir müştərək nöqtə də var. O, müştərək nöqtə Azərbaycanda milli hökumət qurmaqdır. Bu milli hökumətdə iştirak etmək istəyən cərəyanların bəzisi deyir ki, mən Azərbaycanı müstəqil etmək istəyirəm, digərləri də deyir ki, reallıqlara dayanaraq, ilkin mərhələdə federal sistemə gedə bilərik. Amma bu yollardan hansının seçiləcəyini azərbaycanlıların istəyi və gerçək gücü təyin edəcək. Ona görə ki, İran önəmli ölkədir. Bu ölkə bölgənin siyasətinin stabil saxlayıb-saxlamamasında yox, eləcə də dünya siyasətində də mühüm rol oynayır. Bunun üçün də İranla məşğul olan güclər də həddən artıq çoxdur. Bütün bunların hamısını nəzərə alaraq, biz realist siyasət aparmaq məcburiyyətindəyik. Əksinə bir yol və bir strategiya ilə getsək, açıq şəkildə oynasaq, o bizi parçalayacaq. Önəmli olan öz müqəddəratımızı təyin etməkdir. Müqəddəratını təyinetmənin əsas prinsipi odur ki, millət özü federal və ya müstəqil sistem qurmağı təyin edir. Biz ilk növbədən müqəddəratını təyinetmə ilkəsini qəbul etdirməliyik ki, hər zaman azərbaycanlıların yolu açıq olsun. Hətta deyək ki, indiki rejim getdi, yeni konstitusiya yazılanda elə etməliyik ki, azərbaycanlıların hər zaman öz müqəddəratının təyinetmə haqqı olduğu burada yer alsın. Əgər dünya güclərinin təsiri, azərbaycanlıların geniş kütlə olması ucbatından federal sistemə razı gəlsələr belə qarantiya olaraq azərbaycanlıların öz müqəddəratını təyini anayasada saxlanılmalıdır ki, hər zaman sandıq başına gedib müstəqil dövlət olmaq haqqını tələb edə bilsin. Yalnız bir yolu tutsaq, bu bizi parçalayacaq. Bütün bunların hamısını bir prinsip altında toplamalıyıq. Bunu elə formaya salmalıyıq ki, azərbaycanlılar hər iki istiqamətdə hərəkət edə bilsinlər.
– Amma hələ də milli hərəkat ortaya vahid lider çıxarmır. Bundan sonra biz lider görə biləcəyikmi?
– Biz indi klassik siyasət dönəmində yaşamırıq. Bir ideologiya, bir lider… Bunlar hamısı XX əsrdə normal bir şey idi. Biz insan haqları, demokratiya, hüquq dövləti kimi anlayışların olduğu şəraitdə yaşayırıq. İnsanlarda fərdiyyətçilik çox güclənib. Yəni insanları bir yerə yığacaq ideologiya bizim əlimizdə deyil. Şərait dəyişib. Düşünürəm ki, kollektiv liderlik bizim həm demokratiyamızı tənzimlər, həm birliyimizi gücləndirər, həm də millətin şansını artırar. Yəni biz bir liderin dalınca getmək yerinə sistem qurmalıyıq. Kollektiv sistemdə bir-birimizlə çalışmaq imkanlarımızı artırmalıyıq. Yəni bu sistem artıq bizim üçün olmazsa olmazlardandır. Bu məsələ sadəcə bizim üçün deyil, digər xalqlarda da vəziyyət bu cürdür. Farsların özlərində də vəziyyət belədir.

– Artıq son suallara yaxınlaşırıq. Gələk, 25 martda Brüsseldə baş tutacaq mitinqə. Uzun illərdən sonra Güneydən olan azərbaycanlılar nəhəng bir mitinq təşkil etməyə hazırlaşırlar. Xüsusilə azərbaycanlıların aktivləşməyə başlamasını nəzərə alarsaq, sizcə bu mitinq bundan sonra İrandakı proseslərdə böyük dəyişiklik üçün siqnal ola bilərmi?
– Əlbəttə ki, bu mitinq çox böyük mesaj olacaq. Ancaq daha güclü mesaj olması üçün azərbaycanlılar bütün mənada bu işin içində olmalı, aktiv iştirak etməlidirlər. Azərbaycanlılar dedikdən artıq bunun Quzeyi, Güneyi yoxdur. Əgər buraya minlərlə insan gəlsə, bu, azərbaycanlıların həmrəyliyini həddən artıq gücləndirəcək. Sizə zəmanət verə bilərəm ki, Güney Azərbaycanın özündəki milli hərəkat 100 faiz bu işin arxasındadır. Bu sözü Güneydəki tanıdığım və tanımadığım milli fəallardan gələn mesajlar əsasında deyirəm. Başlanan bu prosesdə özəlliklə Azərbaycan mediası insanların təşviqatı məsələsində ciddi rol oynaya bilər. Bu baxımdan bir az gileyliyəm, çünki son 35 gündə lazımi addımlar götürülməyib. Maddi qaynaqlara ehtiyac var, sağ olsun vətəndaşlar, yardım edirlər, amma yetərli deyil. Quzeydən və Güneydən olan çox sayda azərbaycanlı Avropada yaşayır. Onlar, diaspora təşkilatları, QHT-lər bu işdə qatqı sahibi olmalıdırlar. Biz burada nə qədər güclü görünsək, cəmi sistemin formalaşmasını daha da gücləndirər. Bu mitinqin yaratdığı xəbərlərin daxildə və xaricdə təsiri düşünün. Eyni zamanda onun assimiliyasiyaya məruz qalan insanlara, müxalif cərəyanlara, bizimlə düşmənçilik edəcək təşkilatlara təsiri nə qədər çox olacaq. Lakin burada yeganə şərt 50 milyon azərbaycanlıya yaraşan formada ortaya çıxmaqdır. Biz bütün gücümüzü istifadə etmişik. Bundan sonrası azərbaycanlıların özlərinə qalıb. Bunun əhəmiyyətini dərk edib, bir az zamanlarından, ailələrindən vaxt ayırıb, üç saatlıq bir proqram üçün zaman ayırmalıdırlar. Biz bilməliyik ki, inqilabın həzinəsi (ağrısı) var. İçəridəki (İrandakı) insanlarımızın inqilabı müşayiət etmələri onların ölümü ilə, həbsə getmələri, ciddi sıxıntılar keçirmələri ilə nəticələnir. Lakin Avropada yaşayan azərbaycanlıların alması, buraya gəlməsi onların bir günlük vaxtını alır. Medialarımız, eləcə də insanların sosial şəbəkələrdə aktivliyi, o cümlədən Azərbaycan Cümhuriyyətinin televiziyalarının, saytlarının, xəbər agentliklərinin həm indi, həm də aksiya günü bizi müşayiət etmələri çox önəmlidir. Baxın, hələ yürüş gerçəkləşməyib, amma indidən Avropanın, Amerikanın ən önəmli media qurumları orada olacaqlarını açıqlayıblar. Düşünün “Vaşinqton Tayms” kimi media quruluşu orada olacağını indidən elan edib. İsrail mediası o cümlədən… Demək ki, azərbaycanlılar diqqət mərkəzindədir. Bu diqqət mərkəzinin gözləntiləri minlərlə insanın orada olması ilə yerinə yetirilməlidir. Əgər medialarımız bu vaxta qədər aktiv deyillərsə, indidən aktiv olsunlar. Üç gün aktivlik belə vəziyyəti dramatik şəkildə dəyişdirə bilər. Bu, çox önəmli məsələdir. Mənim Azərbaycan mediasından gileyim var. Çünki taleyimiz bir-birinə toxunur. İran rejimi bir az rahatlayıb və Azərbaycan cümhuriyyətini təhdid etməyə başlayıb. Razılaşdırılan anlaşma sayəsində Zəngəzur koridoru artıq açılmalı idi ki, buna da İran əngəl törətməyə cəhd edir. Bizim taleyimiz bir-birinə bağlanıb. Azərbaycan milli hərəkatı nə qədər dünyada güclənsə, o qədər də müstəqil Azərbaycan Respublikası rahatlayacaq. Digər tərəfdən Azərbaycan cümhuriyyəti nə qədər rahatlanıb, güclənsə, Güney də bir o qədər güclənəcək, rahatlayacaq. Baxın, Qarabağ işğalda olduğu zaman bunu ruhi və psixoloji məğlubiyyət olaraq qəbul edirdik. Bunu başımıza vururdular. Görün indi nə qədər rahatlamışıq? Düzdür, hələ problemlərin hamısı hələ edilməsə də özgüvənimiz yerinə gəlib. İndi 25 mart məsələsi yüz minlərlə, milyonlarla insanın Babək qalasına yığılması qədər əhəmiyyətlidir.
– Yəni deyirsiniz ki, bu mitinq bölgənin taleyinin dəyişdirilməsində böyük rol oynayacaq?
– Əgər minlərlə insan qatılsa, belə olacaq. Minlərlə insan qatılsa, Azərbaycan milli hərəkatı böyük güc kimi dünyanın qarşısına çıxacaq. İndidən iki Avropa Parlamenti üzvü orada olacağını elan edib. Artıq Ukrayna diasporu oraya gələcəyini elan edib, çünki onların da müştərək dərdi var. Yəni bu məsələ dünyanın diqqətindədir. Onun üçün bütün azərbaycanlılardan, sizdən də xahiş edirəm ki, bu müsahibəni bütün mediamıza paylayın. Orada olmaq sanki Qarabağ savaşında iştirak etməkdir. İnanın ki, bu, çox önəmli məsələdir və bunun həzinəsi də çox aşağıdır. Buraya insanlar Azərbaycanı tanıtdırmaq, öz güvəninin artırmağa, öz mesajını dünyaya, başqa xalqlara çatdırmağa və böyük güc olduğunu sübut etməyə gəlir. Bu, artıq milli hərəkatda hansısa partiyanın şəxsi məsələsi deyil. Bu, Azərbaycanın taleyi ilə birbaşa bağlı olan məsələdir. İlk dəfədir ki, azərbaycanlılar qərar verib, meydana çıxırlar. Quzeyli, güneyli fərq etmədən öz bayrağı ilə, öz sözü ilə, “Azadlıq! Ədalət! Milli Hökumət!” şüarı ilə, eləcə də Azərbaycan Cümhuriyyətinə öz dəstəyini göstərərək, səfirliyə hücumu pisləyərək, İranın Ukraynadakı cinayətlərini qınayaraq meydana çıxırlar. Bütün bunların hamısı şüar, qətnamə şəklində, eləcə də dünya mediasında mətbuat konfransı şəklində dilə gətiriləcək. Bir daha vətəndaşlarımızı maddi yardıma, ən önəmlisi isə yürüşdə iştiraka çağırıram. Gələ bilməyənlərin maddi yardım etmək gücü varsa, onu etsinlər, edə bilməyənlər, xəbərlərini yaysınlar, bu imkanı da yoxdursa, dostunu, tanışını buraya gəlmək üçün razı salsın. Bu, çox önəmli məsələdir.

2-04-2023, 12:11 131

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903