Azərbaycan adının Stalinlə əlaqəsi…

Azərbaycanın dövlət xadimi, sabiq baş nazir, tarix elmləri doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” adlı kitabında “Azərbaycan” adlı dövlətin yaranması ilə olduqca mühüm tarixi faktların təqdim edilməsi bu gün də müzakirə predmetidir.
 Sumqayıt.tv  mövzunun aktual oldugunu nəzərə alaraq, Həsən Həsənovun Azərtac-a müsahibəsini təqdim edir:
- “Atropatena/Adorbayqan” ölkə adı necə yarandı?
- Ölkənin adı ilə bağlı Suriya Karki de bet Selox salnaməsində qeyd olunur ki, “Arbak, yəni midiyalıların çarlığında Adurbad qala divarı tikdi və həmin divar onun adı ilə “Adorbayqan torpağı” adlandırıldı”. “Arbakın, yəni Adurbadın qala divarı tikməsi” məlumatından onun yeni ölkə qurması qənaətinə gəlmək mümkündür. Arbakın, yəni Adurbadın, yeni ölkəni “midiyalıların çarlığında” yaratması məlumatı Arbakın, eyni zamanda, iki ölkəni - Midiya və yeni Atropatenanı/Adorbayqanı - idarə etməsi deməkdir. Bu müsahibədə Atropatena və Adorbayqan fonetik versiyalarından istifadə etməyimiz bu səbəbdən irəli gəlir ki, Ammian Marsellin və Suriya salnaməsi olan Karki de Bet Selox ölkənin yaranma şəraiti haqqında məlumat verərkən ölkəni belə adlandırmışlar. Bunlarla yanaşı, Azərbaycan adından da ona görə istifadə edirik ki, məhz bu müasir reallıqları əks etdirir.
- “Adorbayqan” və “Atropatena” adları onun yaradıcısının adını necə ehtiva edir?
- Ölkənin adında, əslində, ölkə qurucusunun adı deyil, titulu əks olunur - mənbələrdə Arbak/Arbakt/Adurbad və s. müxtəlif fonetik versiyalarda istifadə olunur. Ölkənin türk tayfaları tərəfindən yaradıldığını nəzərə alsaq, ölkənin adını türk sözləri əsasında, türk etimologiyası ilə əlaqələndirməyə bütün əsaslar var. Adorbayqan adında “Adorbay” başlığı vardır və “qan” şəkilçisi toponim yaradan suffiksdir. Sözdəki “ad/at” prefiksi qədim türk dilində “əcdad” deməkdir. Bu halda ölkənin adı “Orbay əcdadın torpağı” deməkdir. Orbay soyadı türk xalqları arasında hələ də geniş yayılmışdır. “Atropatena” versiyasına gəldikdə, onu qeyd etməliyəm ki, bu versiya e.ə. I əsrə aid qədim yunan xəritəsində “Atropatena” olaraq yazılmışdır. Atropatena/Atrapatena versiyası “r” və “a/o” hərflərinin yerlərinin dəyişməsi zamanı baş verən metatez nəticəsində yaranan dəyişilmiş formadır. Metatez haqqında qanuna əsasən ilkin versiyanı bərpa etsək, ölkənin adı Atorpatena və ya Atarpatena olar. Bu versiyada sözün əsasını Orpat və ya Arpat titulu təşkil edir, “ena” isə toponim yaradan şəkilçidir. Bəhs olunan versiyada ölkənin adı “‘əcdad Arpatın/Orpatın ölkəsi” mənasını daşıyır. Ölkə adının qədim dövrlərdə qeydə alınan bütün yaranma variantlarının heç birinin fars və ya yunan dilləri ilə əlaqəsi yoxdur və hər biri qədim türk ənənələrini əks etdirir.
- “Atropatena/Atarpatena” və “Adorbayqan” adları hansı səbəbdən Azərbaycan sözünə çevrildi?
- “Azərbaycan” variantının yaranması ərəb hakimiyyəti dövründə orijinal “t” hərfinin “h” hərfinə keçməsinin nəticəsidir. Ancaq ölkənin adının quruluşu dəyişməz olaraq qalır. “Azərbay” sözü “Atorpat/Atarpat” və ya “Adorbay” ilə eynidir və “qan” şəkilçisi “can” formasına dəyişmişdir.
- Atropatena/Adorbaygan/Azərbaycan adlı dövlət e.ə. 612-ci ildə yaranıbsa demək, antik dövrün böyük imperiyalarının çağdaşı olub?
- Elədir ki var! Əsrlər boyu Azərbaycan Assuriya, Midiya, Əhəmənilər, Selevkilər, Parfiya, Roma, Şərqi Roma (Bizans), Sasanilər imperiyalarının çağdaşı, bəzən hərbi-siyasi tərəfdaşı, bəzən isə rəqibi olmuşdur. Bu dövlətlərin nəhəngliyi hələ də ağlasığmazdır. Buna baxmayaraq, bu imperiyaların adları dünyanın siyasi xəritəsindən silindi. Ölkəmizin adı Atropatena/Adorbaigan/Atrapatena/Azərbaycan olaraq müxtəlif fonetik variantlarda 27 əsrdir ki, tarixi sənədlərdə davamlı olaraq xatırlanır. Qədim mənbələrdə yüzlərlə xalqın adı çəkilir, lakin bu siyahıdan günümüzədək atropatiyalılar, atropatenlər, atropatenalılar, azərbaycanlılar formalarında xalqımızın adı daxil olmaqla, yalnız bir neçəsi qorunub saxlanılmışdır. Azərbaycan - dövlətimizin, Vətənimizin, xalqımızın, dilimizin adıdır. Əslində, Azərbaycan sözü milli dəyərlərimizin siyahısına daxil edilmişdir.
- İlkin mərhələdə cəmi 27 il müstəqil olan bir ölkənin adı dövrümüzə hansı möcüzə ilə gəlib çatdı?
- Ölkənin adının qorunması bir möcüzə deyil, ölkəni yaradan ulu əcdadın sonrakı nəsillərinin əzmkarlıq və heyrətamiz qətiyyətinin, yüksək diplomatik bacarığının nəticəsidir. Ölkənin yaradıcısının davamçıları Atropatidlər sülaləsi adı ilə tarixə düşdülər. Onların şəcərəsini “Makedoniyalı İsgəndər və Atropat” kitabında izləməyə müvəffəq olduq. Maraqlı faktdır ki, onlar ölkələrini yalnız müstəqillik dövründə deyil, həm də ölkənin hər hansı bir imperiyanın tərkibində olduğu şəraitdə idarə edirdilər. Bu sülalə haqqında qədim Yunan və Roma mənbələri məlumat verir. Onlar Ermənistanın idarəsini onlara həvalə edən Roma imperatoru Oktavian Avqust ilə fəal əməkdaşlıq edirdilər. Bu sülalənin nümayəndələrindən biri bu imperator tərəfindən övladlığa qəbul edilmiş və Roma qəbiristanlığında dəfn edilmişdir. Bu sülalənin nümayəndələri Parfiya İmperiyasına da hökmdarlıq edirdilər. Mənbələr Atropatid sülaləsinin son nümayəndəsinin 309-cu ildə Sasani şahı II Şapur tərəfindən öldürüldüyünü qeyd edir. Belə qənaətə gəlmək olar ki, Atropatid sülaləsinin hakimiyyəti 921 il davam etmişdir. Dünya tarixində öz ölkəsində belə bir hökumət təcrübəsi olan bir neçə sülalə mövcud olmuşdur.
- Ölkənin türkəsilli skiflər tərəfindən yaradıldığı aydın olur. Bəs Atropatenanın xalqı necə adlanırdı?
- Antik dövrün müəllifləri (Polibi, Strabon, Plutarx, Ruf Fest Avien) e.ə. III əsrdən eramızın IV əsrinədək, 700 il ərzində ölkə əhalisini “atropatiyalar, atropatenalılar, atropatenlər”, yəni müasir fonetik variantda - “azərbaycanlılar” adlandırırlar. “Azərbaycan xalqı” və “azərbaycanlılar” anlayışlarını orta əsrlər ərəb müəllifləri Təbəri, Bəlazuri, İbn-Rüst, İstəxri və s. istifadə edirlər. Azərbaycan xalqının dili ilə bağlı qədim mənbələrdə məlumat yoxdur. Tarixin islam dövründə ilk dəfə olaraq dilimiz bəzi müəlliflər tərəfindən (Bəlazuri, İbn-Həvqəl) “Azərbaycan dili” adlandırılır. Böyük Biruni (X-XI əsr) xalqımızın nümayəndələrini “azərbaycanlılar”, dilimizi isə “Azərbaycan dili” adlandırır (Xalqımızın və dilimizin guya yalnız XX əsrdə sovet dövründə belə adlandırıldığını iddia edənlərin nəzərinə).
- Qədim dövrdə bizim “atropatenalılar”, yəni “azərbaycanlılar” adlandırılmağımızı nümunə gətirirsiniz. Axı, sovet hakimiyyətinin ilk dövründə bizi türk adlandırırdılar.
- Düz deyirsiniz, bizi türk adlandırdılar, həmçinin VII əsrdə ölkəmizə ilk ərəblər daxil olduqda belə. İslam dinini qəbul edəndən sonra əsrlər boyu xalqımız özünü əsasən müsəlman adlandırmışdır. Buna baxmayaraq, biz nəinki ölkənin adı Azərbaycan və azərbaycanlı etnoniminə hörmətlə yanaşmalı, onları qorumalıyıq. Artıq XIX əsrdə “Kəşkül” qəzeti xalqımızın azərbaycanlı adlandırılması təşəbbüsü ilə çıxış etmişdir. Lakin bu təşəbbüs susduruldu. Niyə? Çünki Rusiya İmperiyası şəraitində “Azərbaycan” və “azərbaycanlı” sözləri qadağan edilmişdir. Bu haqda Əlimərdan bəy Topçubaşov belə yazırdı: “Şərqi Zaqafqaziya müsəlmanları... doğma vətənlərini öz adı Azərbaycan adı ilə çağırmağa və özlərini azəri türkü, azərbaycanlı adlandırmağa cəsarət etmirdilər; türk mənşəli xalq olduqlarını deməyə cürət etmirdilər...” (Bax. A-M b. Topçubaşov, Seçilmiş əsərləri, IV cild, Bakı, 2015)”. Sovet hakimiyyətinin ilk illərində bizi həqiqətən əvvəlcə türk, daha sonra Azərbaycan türkləri və nəhayət, azərbaycanlı adlandırırdılar. Bəziləri guya Stalinin “azərbaycanlı” etnonimini bizə “sırıdığını” iddia edirlər. Stalini, xalqımıza qarşı edilənlər daxil olmaqla, bir çox məsələlərdə günahlandırmaq olar, lakin xalqımızın adını icad etməkdə əsla. Etnonimimizin bu cür mərhələli transformasiyası heç bir ideoloji və ya inzibati təsirin deyil, dirçəlmiş sovet dövlətçiliyi (tamamilə suveren olmasa da) şəraitində etnik identifikasiyanın təbii inkişafının nəticəsidir.
- Yəni, biz türkük, yoxsa azərbaycanlıyıq?
- Onu deyə bilərəm ki, “biz türkük” və “biz azərbaycanlıyıq” anlayışları ətrafında müxtəlif yanaşmalar var. Bu məsələ 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu zamanı hərtərəfli müzakirə olunmuşdur. Mən də, həmçinin bu müzakirələrdə iştirak etmişəm və Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyasının üzvü olmuşam. Müzakirələrin nəticələri ümumxalq referendumuna təqdim edildi və Konstitusiyamızda təsdiq edildi. Mən bu gün də əvvəl təqdim etdiyim fikirdə qalıram. Bu iki anlayış arasında nəinki ziddiyyət yoxdur, geneoloji bağlılıq mövcuddur. Bu bağlılığın mahiyyəti ondan ibarətdir ki, “Azərbaycan” adlı dövləti türkəsilli skiflər, yəni quzlar/oğuzlar yaratmışdılar. “Azərbaycan” adının danılması və yaxud onun yad tutulması dövlətimizi yaradan ulu türkəsilli babalarımızın xatirəsinə xəyanətdir. Axı, biz məhz “Azərbaycan” adlı dövlətin hüdudları daxilində bir millət olaraq formalaşmışıq. Milliyyətcə biz türk mənşəli azərbaycanlıyıq, necə ki, qazaxlar, özbəklər və onlarla digər milliyyətlər türk mənşəli, italyanlar, fransızlar, ispanlar və portuqallar roman mənşəli, ruslar, ukraynalılar, belaruslar və polyaklar slavyan mənşəli xalqlardır. Xalqımızın türk mənşəli olduğunu inkar etmək böyük bir səhvdir. Azərbaycanlı kimliyimizə məhəl qoyulmaması da, həmçinin, böyük səhvdir. Hər iki anlayış bizim üçün eyni dərəcədə doğmadır, yaxındır və minillik tariximizlə sıx bağlıdır. Hər bir insanın həm ata adı, həm öz adı olduğu kimi, xalqlar da eyni cür adlara malikdir. Türk etnonimi xalqımızın atalarının və əcdadlarının adıdır. Azərbaycanlı etnonimi isə bizim, öz dilini, mədəniyyətini və ideologiyasını 27 əsrlik tarixə malik Azərbaycan dövlətçiliyi çərçivəsində formalaşdıran türk xalqının adıdır.
- Atropatena/Adorbayqan adlı ölkənin aqibəti necə oldu?
- Ölkənin yaradıcısı “Arbak çar Madayın” ölümündən sonra yeni hökmdarlar ölkənin müstəqilliyini qoruyub saxlamağı bacarmadılar. Skiflər 594-cü ilin əvvəlində, midiyalıların sui-qəsdi nəticəsində hegemon statuslarını itirdilər, sonra isə keçmiş müttəfiqləri olan Babil və midiyalılar ilə qarşıdurmaları meydana gəldi. Bu qarşıdurmalar nəticəsində, mövcudluğunun 27-ci ilində, yəni 585-ci ildə Atropatena/Adorbayqan müstəqilliyini itirərək Midiya dövlətinin tərkibinə daxil edildi. E.ə. 550-ci ildə Midiya Atropatena ilə birlikdə yeni qurulmuş Fars/Əhəmənilər İmperiyasına daxil edildi.
- İkinci mərhələ, yəni əvvəllər danışdığınız müstəqilliyin dirçəldilməsi nə vaxt və hansı şəraitdə baş verdi?
- E.ə. 331-ci ildə Fars/Əhəmənilər İmperiyası, Midiya və Atropatena ilə birlikdə məğlub edilərək Makedoniyalı İsgəndərin İmperiyasına daxil edildi. Mənbələrdəki məlumatlara əsasən, həmin dövrdə Midiyanın hökmdarı ölkə qurucusunun əcdadın varisi idi ki, o da, həmçinin Atropat/Atorpat/Atarpat titullarını daşıyırdı. Atropat İsgəndərin yanında yüksək etimad qazana bildi, bunun nəticəsində Makedoniya ordusu Midiya ərazisindən geri çəkildi. E.ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümü nəticəsində Atropatın kürəkəni Perdikka onun varisi olduqdan sonra o, Atropatenanı Midiya satrapiyasından/bölgəsindən çıxarmağı və Makedoniya İmperiyası daxilində mənbələrdə “Kiçik Midiya” adı ilə tanınan müstəqil bölgə yaratmağı bacardı. E.ə. 331-ci ildə Perdikkanın ölümündən sonra Atropat Kiçik Midiyanı Makedoniya İmperiyasından çıxardı və orijinal “Atropatena” adı ilə ölkəsinin müstəqilliyini bərpa etdi (bax: Strabon).
- Ölkəmizi yaradan ulu əcdadın adı niyə Suriya mənbəyində var, bizim mənbələrdə yoxdur?
- Məsələ burasındadır ki, “Azərbaycan” adlı ölkənin əcdadının adı Azərbaycan mənbələrində saxlanmışdır. Günah mənbələrimizdə deyil, problem tariximizə dair bilgilərin yetərli qədər qiymətləndirilməməsindədir. Bu əcdadın adı Oğuz xandır. “Azərbaycan” adlı ölkənin məhz Oğuz xan tərəfindən yaradılması barədə XIII əsrin böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddin məlumat vermişdir. Yuxarıda adı çəkilən skif çarı Madiyin elə Oğuz Xan olması böyük Didro və Dalamber tərəfindən nəşr olunmuş fransız ensiklopediyasında (1783-cü il) qeyd olunur.

2-07-2021, 15:43 327

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903