Son zamanlar Nikol Paşinyan və digər Ermənistan rəsmiləri bir sıra ziddiyyətli bəyanatlarla çıxış ediblər. Belə ki, Paşinyan Azərbaycanla sülh sazişinin olacağını bəyan etsə də, eyni zamanda, yenidən Bakını hansısa pozuntulara yol verməkdə ittiham etməyə başlayıb.
Əlbəttə, artıq Paşinyan öz rəftarı və açıqlamaları ilə elə bir vəziyyət yaradıb ki, onun sözlərini Azərbaycanda və Ermənistanda heç kim ciddi qəbul etmir.
ABŞ Dövlət Departamentinin açıqlamasında “davamlı sülhə doğru bəzi ruhlandırıcı irəliləyişlər” barədə danışılsa da, bölgədəki vəziyyət onu göstərir ki, hər şey eskalasiya ssenarisi üzrə inkişaf edir. Bu ssenarini isə tanınmış analitik, Qafqaz üzrə ekspert, “Azadlıq” radiosunun köşə yazarı Vadim Dubnov öz çıxışlarında proqnozlaşdırmışdı. Eyni zamanda, onun sözlərinə görə, Ermənistanı “təxirə salınmış kapitulyasiya” gözləyir.
Oxu.Az-a müsahibə verən
Vadim Dubnov qeyd edib ki, həm Paşinyanın bəyanatı, həm də ABŞ Dövlət katibi Antoni Blinkenin sülh müqaviləsinin yaxınlarda imzalanacağı ilə bağlı söylədikləri çox qəribə açıqlamalardır:
- Mən hesab edirəm ki, bu, “bərbad qabaqlama” oyundur. Guya hər şey sülh üçün hazır idi, amma eskalasiya yaşandı və bütün kartlar qarışdı. Mənə elə gəlir ki, sülh prosesi bütün istiqamətlər üzrə dalana dirənib. Onun bütün iştirakçıları başa düşürlər ki, gərginliyin yaşanması mümkündür, əsas odur ki, bu, çox genişmiqyaslı səviyyədə olmasın. Bundan sonra isə hansısa yeni davam gələcək. Aktiv tərəf olan Bakı buna hazırdır, lakin təbii ki, genişmiqyaslı eskalasiya Azərbaycanın maraqlarına uyğun deyil. İrəvanda da hazırlıq görülüb, çünki bu, mövcud hakimiyyətə daxili siyasi problemləri həll etməyə kömək edəcək. Və təbii ki, Moskva və Vaşinqton da buna hazırdırlar. Yeganə sual bu eskalasiyanın hansı janrda və harada baş verə biləcəyidir. Qarabağda, yoxsa Azərbaycanla Ermənistan sərhədində? Əgər Qarabağda olsa, bu, Rusiya sülhməramlı kontingentinə (RMK) təzyiq kimi görünəcəkmi? Yox, əgər delimitasiya olunmamış sərhəddə olarsa, necə, bu, ötən sentyabrdakı toqquşmaların təkrarı olacaqmı?
İndi gördüklərimiz (Azərbaycan Ordusu Ermənistandan torpaq yollarla qanunsuz silah-sursat daşınmasının qarşısını almaq üçün lokal nəzarət tədbirləri görüb - red.) Rusiya sülhməramlılarına bir o qədər də toxunmur, baxmayaraq ki, bu, onları necə cavab verəcəkləri barədə düşünməyə vadar edir. Hələlik onlar növbətçi bəyanat verdilər. Bütün bunlar bir il əvvəlki “Fərrux əməliyyatı”na bənzəyir, lakin daha ciddi nəticələr verir, çünki bu torpaq yol, bəlkə də, Fərrux kəndi və yüksəkliyindən də önəmlidir. Gözləyək, görək hadisələr necə inkişaf edəcək.
- “Təxirə salınmış kapitulyasiya”ya qayıtsaq... Son hadisələr bu məntiqə uyğun gəlirmi? Ola bilərmi ki, Paşinyan öz qərarını verib və Qarabağdan imtina edib, amma o, cəmiyyətin reaksiyasından qorxaraq yekun addımı ata bilmir? Və bunu nümayiş etdirmək üçün ona eskalasiya lazımdır ki, öz cəmiyyətinə “baxın, mən əlimdən gələni etdim, amma alınmadı, məni məcbur etdilər...” mesajını ötürsün.- Bəli, məncə, məsələ məhz elədir. Amma torpaq yolların nəzarətə götürülməsi Paşinyan üçün son arqument kimi görünmür. Nə isə daha böyük bir səbəb olmalıdır ki, Paşinyan həmkarlarına və rəqiblərinə onu təqdim edə bilsin. Amma Nikol Paşinyan özü üçün qərar verib, o başa düşür ki, Qarabağ artıq Ermənistanın nəzarətinə qayıda bilməz.
Paşinyanın iki müstəvidə problemi var. Birincisi, Moskva ilə münasibətlərdir, çünki hər iki tərəf – istər Rusiya, istər Ermənistan öz mülahizələri əsasında sülh prosesini sabotaj edirlər. Düşünürəm ki, bu yaxınlarda Rusiya Federasiyasının və Ermənistanın xarici işlər nazirlərinin Moskvada baş tutmuş görüşündə Sergey Lavrov və Ararat Mirzoyan bu qarşılıqlı sabotajı bir yolla birləşdirməyə çalışıblar.
İkincisi isə, öz cəmiyyəti, seçiciləri ilə münasibəti, hansılar ki, sabah meydanlara çıxa bilərlər. Əgər hər şey erməni tərəfi üçün pis getsə (Bakıdan gələn ritorikaya və Azərbaycan cəmiyyətinin əhvali-ruhiyyəsinə görə bu, tamamilə mümkündür), onda on minlərlə etirazçı, o cümlədən Qarabağı tərk edəcək insanlar küçələrə çıxa bilərlər.
- Bəs bunun fonunda Qarabağda hansısa beynəlxalq mövcudluqdan, dəfn edilmiş ATƏT-in Minsk qrupundan danışmaq nəyə lazımdır? Axı Azərbaycanın buna razı olmayacağı açıq və aydındır...- Məncə, burada iki məqsəd var. Birincisi taktikidir: vaxt uzatmaq. İkinci məqsəd isə ümidvericidir, gələcək üçün bir növ məşq etmək. Qarabağ Ermənistanın əlindən çıxır, amma digər tərəfdən, xarici siyasətini Qərbə yönəldə bilər. Bu, İrəvanın Qərblə uzun və geniş işinin başlanğıcıdır və Qarabağ burada, sadəcə, bir fürsət və epizoddur.
- Yəni bu artıq sırf ermənilər arasındakı bir məsələdir?- Bəli. Bunun Azərbaycana, Qarabağa heç bir aidiyyəti yoxdur. Bu, sadəcə olaraq, Qarabağ prosesinin nizamlanmasından sonra Ermənistanın öz gələcəyinə baxmaq cəhdidir.