İran parlamentinin üzvü Əhməd Ərdəstaninin İranın nüvə silahı əldə etdiyi haqda iddiası dünya mediasının da diqqətini çəkib. “Regnum” xəbər verir ki, hələ aprelin sonunda Almaniyanın “Bild” nəşri İranın tezliklə nüvə silahının hazırlanmasını başa çatdıracağını yazmışdı.
Təl-Əviv Universitetinə bağlı Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda çalışan ekspert Sima Şine İranın nüvə silahı yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana malik ola biləcəyini irəli sürüb. Bundan əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi BMT-nin Təhlükəsizlik Şurasının iclasından sonra bildirmişdi ki, İranın zənginləşdirilmiş uran toplaması Tehranın nüvə silahına malik olması demək deyil. Onun sözlərinə görə, MAQATE etibarlı məlumata malik deyil və İranın nüvə silahı yaratması ilə bağlı bəyanat verə bilməz. Yada salaq ki, İran öz atom bombasını yaratmaqda 1979-cu il İslam inqilabından əvvəl ABŞ və Almaniya kömək edirdi. Lakin beynəlxalq ictimaiyyətin, o cümlədən Rusiya və Çinin təzyiqi ilə İran öz planlarına yenidən baxaraq bu proqramı dondurmaq üçün müqavilə imzaladı. 2015-ci ildə ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya, Avropa İttifaqı və İran Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) razılaşdılar. Tramp hakimiyyətə gələn kimi isə bu sazişdən çıxdı və İran nüvə silahının yaradılmasına hazırlığı bərpa etmək qərarına gəldi.
Haniyənin Tehranda öldürülməsindən sonra İran-İsrail gərginliyi yenidən pik həddə çatıb. Nüvə silahının əldə edilməsi barədə iddianın indi ortaya atılmasının səbəbi və hədəfi nədir? İran blef edir, yoxsa...
Sona Əliyeva Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, İran İsrail qarşısında “time-out” götürüb: “Tehran hökuməti bütün sürəti ilə nüvə silahının hazırlanması prosesini başa çatdırmaq istəyir. Bundan sonrakı proseslərdə İran İsraillə nüvə dövləti kimi danışmaq niyyətindədir. İsrail isə bunu yaxşı başa düşür və hər vəchlə "ilanın başını yuvasında əzmək" üçün çabalar göstərir. Düşünürəm ki, Tehrandakı rejim Haniyənin qisasını “yüngül formada” alacaq. Yəni bir-iki raketlə məsələni həll etməyə və İrandakı dindar kəsimin hirsini soyutmağa çalışacaq. İranın nüvə silahına hazırlığının hansı mərhələdə olması bəlli deyil. Çünki Tehran rejimi MAQATE-ni ölkəyə buraxmır. Beynəlxalq ictimaiyyət də İranın uranın zənginləşdirilməsi ilə bağlı addımlarından narahatdır. Düşünürəm ki, bu ilin sonu, gələn ilin əvvəlinə qədər İran uranın zənginləşdirilməsini 100 faizlik həddə çatdıracaq. O zaman təkcə İsrail üçün yox, Türkiyə, Pakistan, İraq, Əfqanıstan, hətta Azərbaycanla Türkmənistan üçün böyük təhdidlər yaranacaq. İranın nüvə silahına sahib olması region ölkələrinin də maraqlarına uyğun deyil. Əgər Tramp hakimiyyətə gələrsə, o zaman İranın nüvə yolunda ciddi maneələr yarana bilər. İsraildə İranın atom irəliləyişi ilə bağlı kifayət qədər geniş məlumatların olduğunu düşünürəm. Hesab edirəm ki, İsrail yaxın vaxtlarda İrana qarşı daha genişmiqyaslı əməliyyatlar həyata keçirəcək. Buraya Tehranın proksi güclərinə qarşı amansız həmlələr də daxildir. Artıq İsrail Livan və Suriyadakı İranın hərbi güc mərkəzlərini zərərsizləşdirməyə başlayıb. Payız-qış kampaniyasında bu prosesin daha da intensivləşəcəyini düşünürəm. Paralel olaraq İsrail kəşfiyyatı İranın nüvə proqramı üzərində işləyən şəxslərini də hədəf alacağını, onların fiziki məhvini nəzərdə tutan məxfi planlar üzərində var-gəl etdiyini də nəzərdən qaçırmamalıyıq. Bir sözlə, İranı qarşıdakı aylarda çox çətin və mürəkkəb bir durum gözləyir. Hətta yaxın illər ərzində Tehran molla rejiminin içəridən parçalanması ehtimalı da yüksəkdir".
Əli OrucovAMİP liderinin köməkçisi, politoloq Əli Orucov İranın İsrailə hücum etməyəcəyini düşünür: “İran-İsrail ziddiyyətlərinin müharibə həddinə çatdığı indiki dönəmdə parlament üzvünün belə bir bəyanatla çıxış etməsi çəkindirici və xof yaratmaq məqsədi daşıyır. HƏMAS lideri Haniyənin Tehranda qətlə yetirilməsi İranın beynəlxalq nüfuzuna ciddi zərbə oldu və rejimin nüfuzuna sarsıdıcı təsir göstərdi. Ona görə İsrailə qarşı hansısa tədbir görməsi qaçılmaz oldu. Ən çox hallandırılan proksi qüvvələri ilə sinxron şəkildə İsrailə hava zərbələri endirəcəyi versiyasıdır. İsrail də əks zərbə endirəcəyini deyib. Belə olan halda Tehran dilemma qarşısında qalır. Aydın məsələdir ki, İran İsraillə müharibə aparmaqdan ehtiyat edir. Bilir ki, bu İran üçün gözlənilməz və ağır nəticələr yaradar. Demək, həm beynəlxalq ictimaiyyəti, həm də İsraili və onun qərbli müttəfiqlərini tərəddüdə saxlamaq üçün nüvə silahı məsələsi məqsədli şəkildə dövriyyəyə buraxılır. Ötən dəfə ki, İranın İsrailə hava hücumu effektli olmadı və buraxılan raketlər və pilotsuz uçuş aparatları İsrail və ABŞ müdafiə xəttini keçə bilməyərək havada məhv edildi. İranın vəd etdiyi indiki qisas əməliyyatı da, deyildiyi kimi, sarsıdıcı deyil, bir növ təbliğat üçün "hücum"dan o yana getməyəcək. Əvvəla ona görə ki, İran ən müasir və dəqiq hədəfləri vura bilən uzaqmənzilli raket kompleksinə malik deyil. İnsansız pilotsuz tərəflər də hədəfə çatanadək İsrail sərhədlərindən kənarda vurulur. Məncə, İran İsraillə qarşıdurmanı uduzub və hərbi əməliyyatlar aparmağa da risk etməyəcək. Olsa-olsa sonuncu hücumdan fərqli olmayan hücum həyata keçirə bilər ki, bu da Yaxın Şərq böhranının nizamlanmasına təsir göstərməyəcək. İranın İsrailə qarşı müharibə ritorikası ABŞ-a bölgəyə daha çox silahlı qüvvə cəmləşdirməsinə bəhanə verir. Əsil təhlükə məhz budur".
Asif Nərimanlı Siyasi analitik Asif Nərimanlı İranın nüvə silahına sahib olmasını inandırıcı saymır: “İranın uranı zənginləşdirdiyi sirr deyil və nüvə danışıqlarının arxa plana keçməsi fonunda bu istiqamətdə atdığı addımları beynəlxalq ictimaiyyətdən gizlədir. Bu gizlilik İrana sərf edir, çünki uranı nüvə silahı yarada biləcək qədər zənginləşdirməsi üçün zaman qazanır. Lakin İranın hazırda nüvə silahına malik olması inandırıcı deyil. Birincisi, "nüvə beşliyi" - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa öz sıralarına yeni ölkənin qəbul edilməsində maraqlı deyil. “Nüvə beşliyi” Ukraynada müharibə başlanmamışdan bir neçə ay öncə nüvə silahının yayılmasına qarşı birgə razılaşma əldə etdi və bu ölkələr arasında mübarizə getsə belə, nüvə məsələsində ortaq mövqedən çıxış edirlər. İkincisi, İranın nüvə silahı əldə etməsi və bunu gizli saxlaması ehtimalı azdır. Əgər belə bir silah əldə etsəydilər, bu haqda xarici xüsusi xidmət orqanları məlumat əldə edərdilər. Son hadisə - Haniyənin Tehranda öldürülməsi bu ölkənin təhlükəsizlik mühitinin zəif olduğunu və belə bir mühitdə informasiyanın da qorunmasının çətinliyini ortaya çıxardı. Bu baxımdan, Ərdəstaninin iddiası blefdir və bu, “strateji çəkindirmə” məqsədi daşıyır".
“Yeni Müsavat”