
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri və bu səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycan–ABŞ münasibətlərində formal diplomatik sənəddən daha artıq məna daşıyır. Bu sənəd iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini, əməkdaşlığın epizodik deyil, sistemli və uzunmüddətli xarakter aldığını göstərir. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, altı ay əvvəl Vaşinqtonda Prezident Donald Trampla keçirilmiş görüş və işçi qrupunun yaradılması barədə memorandumun imzalanması bu gün əldə olunan nəticənin başlanğıcı idi. Yarım il davam edən intensiv danışıqlar nəticəsində ortaya çıxan Xartiya artıq siyasi iradənin konkret institusional çərçivəyə çevrildiyini təsdiqləyir.
Sənədin əsas fəlsəfəsi qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının açıq şəkildə təsdiqlənməsidir. Bu müddəa təkcə diplomatik etiket deyil, postmünaqişə mərhələsində olan region üçün prinsipial siyasi mesajdır. 2025-ci ilin avqustunda Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və ABŞ prezidentinin şahid qismində imzaladığı Birgə Bəyannamə fonunda Vaşinqtonun Bakıya strateji tərəfdaş statusu verməsi Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq legitimliyini möhkəmləndirir. Altı aydır davam edən nisbi sülh mühiti artıq siyasi bəyanatdan praktik əməkdaşlıq mərhələsinə keçir.
Xartiyanın ən mühüm istiqamətlərindən biri regional bağlantılar və nəqliyyat-kommunikasiya infrastrukturudur. Sənəddə Trans-Xəzər Nəqliyyat Dəhlizi – Orta Dəhliz xüsusi vurğulanır və Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsinin əhəmiyyəti qəbul edilir. Bu, faktiki olaraq Zəngəzur üzərindən açılacaq multimodal xəttin beynəlxalq siyasi çərçivəyə salınması deməkdir. Layihə təkcə Azərbaycanın ərazi bütövlüyü daxilində əlaqəni təmin etməyəcək, həm də Asiya ilə Avropa arasında təhlükəsiz və böyükmiqyaslı tranzit arteriyasına çevriləcək. Bakı artıq Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırdığını və neft məhsullarının tədarükünə başladığını bəyan etməklə iqtisadi inteqrasiyanın real əsaslarının formalaşdığını göstərir.
Enerji sahəsində əməkdaşlıq Xartiyanın dayaqlarından biridir. Bu gün Azərbaycan 16 ölkənin enerji təhlükəsizliyini təmin edir və onların 11-i NATO üzvüdür. “Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinədək uzanan tarixi əməkdaşlıq yeni mərhələdə interkonnektor layihələri, təchizat marşrutlarının şaxələndirilməsi, hətta mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi ilə genişlənir. ABŞ sənəddə Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu açıq şəkildə tanıyır. Bu isə Azərbaycanın qlobal enerji arxitekturasında rolunun daha da möhkəmlənməsi deməkdir.
Xartiyanın ikinci böyük bloku iqtisadi sərmayələr, süni intellekt və rəqəmsal infrastrukturdur. Sənəd təkcə dövlətlərarası əməkdaşlığı deyil, özəl sektorun fəal iştirakını nəzərdə tutur. ABŞ Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyasını və Xəzər regionunda enerji, data, maliyyə və logistika qovşağı kimi mövqeyini gücləndirmək səylərini alqışlayır. Süni intellekt mərkəzlərinin yaradılması, texnologiyaların kommersiyalaşdırılması, kibertəhlükəsizlik və innovasiya körpülərinin qurulması kimi istiqamətlər münasibətləri ənənəvi enerji çərçivəsindən çıxarıb yüksək texnologiyalar mərhələsinə daşıyır. Bu, əməkdaşlığın gələcək onilliklər üçün iqtisadi əsaslarını formalaşdırır.
Təhlükəsizlik bölməsi isə strateji tərəfdaşlığın hərbi-siyasi ölçüsünü müəyyənləşdirir. Müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığının genişləndirilməsi, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması, humanitar minatəmizləmə sahəsində texnologiya və maliyyə dəstəyi sənəddə konkret niyyət kimi təsbit olunub. ABŞ Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir və bu əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirir. Bu, Bakının regional təhlükəsizlik arxitekturasında rolunu daha da artırır.
Ən diqqətçəkən məqamlardan biri Xartiyanın icra mexanizmləridir. Sənəd formal bəyanatla kifayətlənmir; üç ay ərzində konkret layihə siyahıları və yol xəritələrinin hazırlanmasını, müntəzəm işçi qruplarının yaradılmasını və ildə ən azı bir dəfə yüksək səviyyəli görüşlərin keçirilməsini nəzərdə tutur. Bu, münasibətləri deklarativ səviyyədən praktiki həyata keçirilmə mərhələsinə keçirir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Vitse-prezident Vensin səfəri və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan diplomatiyasının daha bir tarixi uğurudur. Bu sənəd Azərbaycan–ABŞ münasibətlərini siyasi jestdən sistemli əməkdaşlıq modelinə çevirir, regional sülh təşəbbüslərini iqtisadi və təhlükəsizlik layihələri ilə möhkəmləndirir və Bakının qlobal geosiyasi xəritədə artan rolunu rəsmiləşdirir. Münasibətlər artıq tərəfdaşlıqdan daha çox, ortaq strateji maraqlara söykənən uzunmüddətli geosiyasi xəttə çevrilir.
Elnarə Akimova,
Milli Məclisin deputatı,
YAP Siyasi Şurasının üzvü,
Filologiya elmləri doktoru
Dünən, 17:35
15