Bakı Kanal İstanbulun yanında!; Qardaş ölkə əsrlərlə imperiyaların reallaşdıra bilmədiyi div projeni reallaşdırır; 45 km-lik kanal dünya ölkələrinin yük gəmiləri üçün alternativ su yolu olacaq
Dünyadakı gündəm olaylardan biri də Türkiyənin 500 ildən çox yaşı olan bir ideyanı - Kanal İstanbulu həyata keçirməyə başlamasıdır. Ötən həftə qardaş Türkiyə Cümhuriyyəti bununla daha bir möhtəşəm layihənin gerçəkləşdirilməsi istiqamətində addım atdı.
Beləliklə tarix yazıldı: İkinci İstanbul Boğaz layihəsi! Bu layihənin gerçəkləməsi nəticəsində böyük siyasi və iqtisadi divident gözlənilir. 45 km bir məsafədə iki dənizi - Qara dənizi və Mərmərəni birləşdirən süni və alternativ kanal yaradılır! 26 iyunda Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Əsrin projesi” adlandırılan Kanal İstanbulun üzərində inşa olunacaq körpülərdən birinin təməlqoyma mərasimi keçirildi. “İstanbul kanalı” layihəsində inşa olunacaq Sazlıdərə su anbarı üzərində salınacaq körpünün təməlqoyma mərasimi zamanı tarixi bəyanatlar səsləndi. Türkiyə Prezidentinin bu “Div proje” ilə bağlı keçirilən möhtəşəm törəndəki tarixi çıxışından sonra Kanal İstanbulun ilk körpüsünün təməli qoyuldu və rəsmən işlərə başlandı. R.T.Ərdoğanın “xəyalım” dediyi əsrin layihəsi ilə əlaqədar qardaş dövlət tarixi bir gün yaşadı, möhtəşəm layihəyə şahidlik etdi. Türkiyə lideri öz çıxışında “Kanal İstanbula İstanbulun gələcəyini xilas etmə projesi olaraq baxırıq” deməklə bu layihəyə necə böyük önəm verdiyini, bu tikintinin Türkiyə üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bəyan etmiş oldu. “Çılğın proje” olaraq da təqdim olunan İstanbul kanalı İstanbulun Avropa tərəfini iki hissəyə bölməklə Asiya ilə Avropa arasında ada meydana gətirəcək. Kanalın uzunluğu 45 kilometr, dərinliyi 21 metr, dib eni 275 olmaqla, böyük gəmilərin də keçidi üçün ən əlverişli şərait yaradılmış olacaq. 6 körpüdən ibarət olacaq layihənin 6 il ərzində başa çatdırılması planlaşdırılır. 15 milyard dollar dəyərində olan Kanal İstanbul layihəsi ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək. Üstəlik, Kanal İstanbul özü bu div layihəni rahatlıqla maliyyələşdirəcək və dövlətə yük düşməyəcək. Kanal İstanbulun tikintisi İstanbul Boğazının trafik yükünün azaldılması, həmçinin təhlükəsizlik tədbirlərinin artırılması, daha əminliklə həyata keçirilməsi, risklərdən sığortalanmaya imkan yaradacaq. Bununla da Türkiyə yeni bir beynəlxalq su yoluna ev sahibliyi etmək şansı qazanacaq. Qeyd edək ki, İstanbul Boğazından gün ərzində 45 min (!) gəmi keçir və olduqca böyük gəmi tıxacı yaşanır. Boğazdan keçən gəmilərin boyu 50 metrdən 350 metrədək yüksəlib ki, mütəxəssislər bunu şəhər üçün böyük risk sayırlar. Çox sayda fərqli çeşidli yüklər daşıyan gəmilərin qəzaya uğraması dənizdəki canlıların həyatı üçün də təhlükələr yaradır. Bu baxımdan Kanal İstanbulun önəmi çoxşaxəlidir və sadəcə, Türkiyə üçün dividentlər vəd etmir, həm də beynəlxalq əhəmiyyətli layihədir.
Bu möhtəşəm proje ilə əlaqədar bir az tarixə ekskurs edək: İstanbul Boğazına alternativ su yolu projesi barədə hətta 16-cı əsrdə danışılıb. Roma İmperatorluğuna qədər uzanan projenin tarixi onun bu günlərdə gerçəkləşməsinin əhəmiyyətini daha da artırır. Qaradəniz və Mərmərəni bir boğazla bir-birinə bağlamaq niyyəti 1500-cü illərdə də olub və 2021-ci ilədək 6 dəfə (!), o cümlədən Qanuni Sultan Süleyman dönəmində gündəmə gəlib. İstanbulun qərbində bir kanal layihəsi 90-cı illərdə də geniş müzakirə mövzusu olub. Nəhayət, R.T.Ərdoğanın başında dayandığı Türkiyə dövləti əsrlərlə reallaşdırılması mümkün olmayan div layihənin icrasına başladı!
Əvvəlcədən R.T.Ərdoğan tərəfindən bəyan edildiyi kimi, Kanal İstanbulun sağında və solunda iki şəhər inşa ediləcək. Bu şəhərlərlə İstanbulun gözəlliyi daha da artacaq. Kanal İstanbulun üzərində isə altı körpü inşa ediləcək. Türkiyə Prezidenti açılış törənində qeyd edib ki, İstanbul boğazından 100 il əvvəl illik 3-4 minlik gəmi tranziti həyata keçirilirdi, amma hazırda bu say artaraq 45-50 minə çatıb, hazırda gəmilərin keçid tutumu 25 mindir. Layihə gerçəkləşdikdə isə bu rəqəmin 78 minə çatması nəzərdə tutulub. Türkiyə Cümhuriyyətinin liderinin dediyi kimi, Boğazdan keçən tankerləri qəzasız-bəlasız keçirmək elə də asan deyildi və odur ki, kanalın tikilməsi riskləri minimuna endirəcək. Qərb və digər ölkələr bu projeyə mane olmaq istəyirdi, 100 illərdir ki, buna imkan verilmirdi! Türkiyə bu dəfə də sədləri yarmağa müvəffəq oldu, özünün siyasi iradəsi, iqtisadi qüdrəti ilə!!! Qeyd edək ki, Prezident R.T.Ərdoğan təməlqoyma mərasimindəki çıxışında bu layihə ilə əlaqədar xaricdəki və daxildəki müxaliflərə sərt təpki verib.
Sabiq baş nazir, AKP-li deputat Binəli Yıldırım da öz növbəsində bildirib ki, Kanal İstanbul təkcə İstanbulun deyil, həm də bölgənin projesidir, eyni zamanda İstanbul Boğazını qoruma altına alacaq layihədir: “Bu gün Boğazdan 40 mindən çox gəmi keçir. Daşınan malların çoxu partlayıcı, hər biri bir bomba. Biz deyirik ki, təhlükəsiz bir su yolu tikək, tarix və mədəniyyət şəhərinin Boğazı İstanbula qalsın. Bu proje bu qədər həyati önəmə sahibdir. Gələcək 5 ildə 5 milyard tonluq yük artımı müzakirə mövzusudur”.
Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu isə bildirib ki, Kanal İstanbul naviqasiya təhlükəsizliyi sarıdan Boğaza nisbətdə 13 qat artıq təhlükəsiz olacaq. “Ölkəmiz beynəlxalq ticarətdən daha çox pay alacaq. Kanal İstanbul dünyanı Türkiyəyə bağlayacaq”, nazir bəyan edib.Qardaş Türkiyənin gücü həm də Azərbaycanın gücüdür. Bu mənada Kanal İstanbul adında nəhəng layihənin ərsəyə gətirilməsi gücümüzə güc qatacaq. Dünyadakı müxtəlif dairələrin əngəl yaratmalarına baxmayaraq, Azərbaycan bu dəfə də doğru seçimini etdi və Kanal İstanbula dəstəyini bildirdi! Həm də əlindən gələn hər bir işlə fayda verəcək!
Belə ki, Azərbaycan Türkiyənin Kanal İstanbul layihəsinə baş nazirimiz səviyyəsində dəstək verdi. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda layihənin uğurlu icrasının Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib. Yaxşı-yaman günlərində bir yerdə olan qardaşlar yenə də birgədirlər, çiyin-çiyinə növbəti zəfərlərə doğru irəliləyirlər. Əslində Türkiyə belə div layihə ilə dünyanın üzünü güldürmüş olur, təhlükəsiz su yolu yaradır, kimsədən, hansısa qurumdan təmənna güdmədən, kredit istəmədən, özünə güvənərək, alternativ yaradır. Bəs elə isə Qərb niyə bu layihənı qısqanır? Məqsəd nədir? Axı məntiqlə bu layihə ən çox Qərb dünyasının, aparıcı paytaxtların işinə yarayacaq...
Deputat: “Günün birində Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə daşınacaq yüklərimiz dünya bazarlarına həm də Kanal İstanbul vasitəsilə çatdırılacaq” Deputat
Vahid Əhmədov İstanbul kimi çoxmilyonlu şəhər üçün tikiləcək bu kanalın əhəmiyyətinin kifayət qədər böyük olduğunu bildirdi: “İstanbulda hərəkət etmək o qədər də asan məsələ deyil, istər quru, istər su yollarında çox böyük tıxaclar əmələ gəlir. Həmçinin silah-sursat əsasən Boğaz vasitəsilə daşınır və bu da təhlükəli vəziyyət yaradır. Ona görə də İstanbul kanalının tikilməsi həm təhlükəsizlik, həm Türkiyənin iqtisadiyyatı, həm də əhalinin rahatlığı üçün böyük əhəmiyyət kəsb edir”. Millət vəkili Azərbaycanın Baş nazirinin Kanal İstanbulun tikintisi ilə bağlı Türkiyəyə təbrik yollamasını və projeni dəstəkləməsini ciddi hadisə olaraq dəyərləndirdi və təqdir etdi: “Bu yaxınlarda Şuşada Müttəfiqlik Bəyannaməsi imzalandı və bir daha təsdiq olundu ki, faktiki olaraq bir yerdə olan dövlətlərik. Ona görə də Türkiyə və Azərbaycanın hər hansı uğuru ”Bir millət, iki dövlət"in ikincisi tərəfindən təqdirəlayiq hesab edilməlidir. Baxmayaraq ki, İstanbul kanalının əleyhinə olan kifayət qədər dövlətlər var idi, amma Azərbaycan dövlətinin bu layihəni dəstəkləməsi tam düzgün addım idi. Ona görə də baş nazir səviyyəsində atılan addımı təqdir edirəm, başqa cür də mümkün deyildi. Çünki 44 günlük müharibədə Türkiyə bizim yanımızda idi və hər zaman bizi dəstəkləyib". V.Əhmədov hesab edir ki, Şuşa Bəyannaməsində əksini tapan bütün məsələlər yaxın gələcəkdə həllini tapacaq: “Türkiyə və Azərbaycan bir yerdədirlər və daim bir yerdə addımlar atacaqlar”. Millət vəkili qeyd etdi ki, günün birində Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə daşınacaq yüklərimiz dünya bazarlarına həm də Kanal İstanbul vasitəsilə çatdırılacaq.
Fikrət Yusifovİqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov əmindir ki, Kanal İstanbul Türkiyənin təkcə bölgədə deyil, bütün dünyada nüfuzuna nüfuz gətirəcək: “Bu ideyanın tarixi çox uzundur. Lakin təəssüf ki, yüz illər boyu bu layihənin reallaşdırılması qarşısında müxtəlif problemlər dayandı. Nəhayət, bu gün dünyanın siyasət meydanında tutarlı söz sahibinə çevrilən Türkiyəmiz bu layihənin reallaşdırılmasına rəvac verdi”.
İqtisadçı alim qeyd etdi ki, dövlət başçısının uzaqgörən olması xalqın gələcək taleyi üçün olduqca önəmli bir məsələdir: “Bu gün Rəcəb Tayyib Ərdoğanın bir çox məsələlərdə sərgilədiyi siyasət məhz Türkiyənin, türk xalqının gələcəyinə hesablanır. Kanal İstanbul da bu sıradadır. Heç şübhə yoxdur ki, bu kanalın tikilməsinə çəkilən xərclər proqnozlaşdırılan zaman kəsiyində qarşılanacaq. Bu nəhəng layihəni reallaşdırmaqla qardaş Türkiyə bütün dünyaya bir daha anlatdı ki, hər kəsin yolu sonda türkün olduğu yerdən keçəcək!” F.Yusifov bildirdi ki, Azərbaycan qardaş Türkiyəni bu layihədə dəstəkləməklə gərək olanı etdi: “Güclü Türkiyə, güclü Azərbaycan deməkdir və əksinə, Azərbaycanın gücü Türkiyəmizin gücünə güc qatır. Biz birlikdə güclüyük. O səbəbdən həm Azərbaycanı və həm də Türkiyəmizin reallaşdırdığı transmilli layihələrin əhəmiyyəti olduqca böyükdür”.
İlham Şaban Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a açıqlamasında projenin böyük önəmindən bəhs etdi və mütəxəssis olaraq layihənin əhəmiyyətini artıran bəzi detallara diqqət çəkdi: “Montre Müqaviləsi qəbul olunarkən körfəzlərdən ildə 3000-3300 tanker keçirdi... XXİ əsrin astanasında bu göstərici 40 minə yaxınlaşırdı, 2020-də isə 45 mini aşmışdı. Buna görə də 16 mln-luq nəhəng bir şəhər daşımalardan heç nə qazanmır, ekoloji zərərini isə özü ödəyir. 2020-ci ilin əvvəlindən Avropanın önəmli liman şəhərləri dekarbonizasiya və ətraf mühitə karbon qazı tullantılarının minimallaşdırılması çərçivəsində mazutla işləyən heç bir gəmini sahilə yan almasına icazə vermədilər. Bu gəmilər ekoloji təmiz yanacaqla - sıxılmış qazla CNG ilə işləməliydilər və hazırda işləyirlər, yalnız okean sularında mazuta keçə bilirlər. Ancaq İstanbulda belə məhdudiyyət yoxdur. Sanki özlərindən uzaqdır deyə, hər şey ola bilər”. İ.Şaban Azərbaycan hökumətinin Türkiyənin meqalayihəsinə dəstək verməsini də yüksək dəyərləndirdi.
Beləcə, Türk daha bir tarix yazdı, bu dəfə də qurub-yaratmağa yönəlik tarix! Qarabağı 30 il ərzində darmadağın edənlər, hətta axar çaylarımızın qarşısını kəsənlər, onların himayədarları baxsınlar, imkanları olsa, utansınlar!
Elşad PAŞASOY“Yeni Müsavat”